Qubada icra başçısı müavininə bazar hədiyyə edib
06.04.2014 - 11:42
Qubada icra başçısı müavininə bazar hədiyyə edib

Mübariz Ağayev zavod direktorunun oğlunu özünə müavin gətirib və yolun ortasında ona yarmarka hədiyyə edib; başçının villasından isə üsyankar şəhərin artan problemləri göz deşir…
Qubadakı məlum xalq qiyamından sonra devrilmiş başçı Rauf Həbibovun yerinə təyin olunmuş Mübariz Ağayevin Qubanı “xilas edəcəyi”nə dair gözləntilər özünü doğrultmayıb. Əhali ümid edirdi ki, rayonda R.Həbibovdan sonra bir tərəqqi müşahidə olunacaq. Ancaq Qubada inkişafın bir qarışı belə gözə dəymir. Bircə göz deşən icra başçısının gələr-gəlməz özünə tikdirdiyi təpədəki villadır.
O villadan baxanda isə Qubanın nə vəziyyətdə olduğunu görmək çətin olmaz. Heydər Əliyev parkından tutmuş Bayraq Meydanına, bazar yolundan başçının villasına qədər bütün yollar kələ-kötür, palçıq içərisindədir, abadlıq işləri aparılmır, H.Əliyev parkında kosmetik olaraq vurulan metlaxlar sıradan çıxıb. Əvəzində isə M.Ağayevin imkanları genişlənir, vəzifələri barter üsulu ilə satışa çıxarıb, təyinat verir.
Qubada olarkən bələdçimiz bizi problemlərin başından ayağına qədər tanış elədi.
Qubada icra başçısı müavininə bazar açıb
Məlum oldu ki, 2012-ci il, martın 1-dən bəri Qubada altından qırmızı xətlə çəkiləcək xüsusi bir iş görülməyib. Yenilik olan isə problemlərin günbəgün artması, başçının gözəgəlimli yeni villasının olmasıdır.
Bələdçimiz əvvəlcə ondan danışır ki, Qubada hakim partiyanın binası belə bərbad gündədir. Adətən rayonların abadlaşdırılması adı altında inzibati binaların fasadı rənglənir, YAP-ın binası təmtəraqlı şəkildə inşa olunur.
Amma Qubada YAP-ın binasına qayğı göstərilməyib. Köhnə bir binada yerləşən YAP-ın nə zaman ağ günə çıxacağı bilinmir. Eləcə də Bayraq meydanı yeni salınsa da, daşlar, metlaxlar qopub, H.Əliyevin portretinin aşağı hissəsində metlaxlar sanki yerdən qopardılıb.
Bu hələ rayon rəhbərliyinin özlərinə qarşı münasibətinin göstəricisidir. Park tamamilə bərbad vəziyyətdədir, daşlar çıxıb, təmir-bərpa işləri aparılmır. Parkdan isə baxanda icra başçısının malikanəsi bərq vurur. Amma heç də bu villaya aparan yol mərmərdən döşənməyib.
Belə ki, M.Ağayevin hər gün gedib-gəldiyi yolda sanki “müharibə gedir”. Yolun tən ortasında bazar salınıb, piştaxtalar yerləşdirilib, ətrafda şütüyən maşınlar isə ərzaq məhsullarının üzərinə toz-torpağın qonmasına şərait yaradır. Bu yol isə icra başçısının villasına gedən ərazidir.
Başçı hər gün keçdiyi yolda nə bazarın ləğv olunmasına göstəriş verir, nə də yolların asfaltlanmasına. Bu da səbəbsiz deyil. Bələdçimiz deyir ki, bazarın açılmasına özü tapşırıq verib. Onun sözlərinə görə, bu məsələnin tarixçəsi var.
Belə ki, M.Ağayev vəzifə paylayır. İcra başçısı Ruslan Hacıyev adlı şəxsi özünə iqtisadi məsələlər üzrə müavin gətirib. Hacıyevin bu vaxta kimi Quba Şəhər İcra Nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərdiyi deyilir.
Bələdçimiz deyir ki, R.Hacıyevin atası Xaçmaz Asfalt Zavodunun direktoru İsgəndər Hacıyevdir. Elə ata Hacıyevin bu imkana sahib olması, onun oğlu üçün Qubada yaşıl işıqların yanmasını şərtləndirib. M.Ağayev R.Hacıyevi vəzifəyə təyin edərkən “şirinlik” əvəzi bir öhdəlik qoyub. Ruslanın atası zavodun asfaltını gətirib Quba yollarına vuracaq. Belə də olub.
Bələdçimiz söyləyir ki, amma çox keyfiyyətsiz bir asfalt vurulub: “Həmin asfalt çox keyfiyyətsiz olduğundan yollar tez bir vaxtda dağınıq vəziyyətə düşüb, büdcədən yolların yaxşılaşdırılmasına ayrılan vəsait isə mənimsənilib. Ruslan Hacıyevin atası asfaltı pulsuz vermişdi. Çünki başçısı oğlunu özünə 1-ci müavin təyin etdi. Sonra icra başçısının onlara asfalta görə borcu yarandı. Bu borcu qaytarmaq üçün başçı indi hər gün özünün getdiyi yolda Ruslana bazar açmağa şərait yaradıb. Bax, işin kökü burdadır”.
Öyrənirik ki, bu bazarda piştaxta 350 manata satılır. Ticarətçilər bu pulu ödəyib yerə sahiblənirlər, üstəgəl hər gün 5 manat da yer haqqıdır. Həqiqətən də Qubada olarkən yolların, o cümlədən sözügedən bazar salınmış yolun nə günə düşdüyünü şahidi olduq.
Sürücülər və yerli sakinlər də başçı müavininin yolun ortasında bazar açmasından narazılıq edirlər. Onlar bazara görə yolun keçilməz olmasından gileylənirlər. Deyirlər ki, palçıq içində olan yolda bazar açmaq həm qanunsuzluqdur, həm də natəmizlik. Bu yerdən ərzaq məhsulu almaq da doğru deyil. Ona görə də qubalılar alış-veriş üçün mərkəzi bazara üz tuturlar. Başçı müavini isə zamanla bazarda işin gedəcəyinə ümid edir.
Qubalılar problemlə bağlı rayon rəhbərliyinə müraciət ediblər. Amma heç bir cavab gəlməyib.
Rayonda digər bir qanunsuzluq Davidoba və Əlibəyli-Qışlaq kəndlərində baş verib. Bu kəndlərin torpaqlarında aeroport tikilməsi nəzərdə tutulub.
Kəndlilərdən torpaqları alıblar. Dövlət büdcəsindən torpağın sotuna 1500 manat təzminat ödənilməsi üçün maliyyə ayrılıb. Amma kəndlilərə hər sot üçün qəpik-quruş veriblər. Kəndlilərin sözlərinə görə, torpağı alınan adama sotuna cəmi 100 manat ödənir.
Bu da ciddi narazılıq yaradıb və onlar bununla razılaşmır. Deyirlər ki, dövlət ehtiyacı üçün aeroport inşa olunursa, ayrılan vəsait də qanunla ödənməlidir. Qubada olarkən habelə Rauf Həbibovdan qalan yarımçıq tikilini də bələdçimiz bizə göstərdi. Onun sözlərinə görə, R.Həbibovun buradakı evini satması doğru xəbərdir, yarımçıq qalan tikililərində də heç bir iş getmir. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5643