Putinin Azərbaycanı işğal planları
Gürcüstan və
Ukraynanın ardınca Kreml ölkəmizə göz dikib
Rus texnoloqları
Bakıya qarşı ən müxtəlif siyasi diversiyalar hazırlayır
İndi Qərbdə və hətta Rusiayada bir çox politoloqlar
hesab edirlər ki, Krım müharibəsi Rusiyaya, əslində həm də revanş olaraq lazım
idi. Belə çıxır ki, Ukraynadakı inqilabından ruslar özlərinin çoxdan yarımçıq
qaılmış bəzi planlarını həyata keçirmək üçün bəhanə kimi istifadə etdilər. Bu
plan isə, ən azı 6 günlük Gürcüstan müharibəsi zamanı yarımçıq qalıb. Ümumiyyətlə
isə ruslar hələ 1995-ci ildən revanş götürmək üçün cilov gəmirirlər. SSRİ-nin bərpası,
sovetlər zamanında mövcud olan coğrafiyada tam və yeganə səlahiyyət sahibliyini
bərpa etmək və bundan Rusiyanın strateji üstünlüklərini yaratmaq.
“Üçüncü İmperiya”
ideyası
Bu günlərdə sosial şəbəkələrdə Çemenistanın sabiq
prezidenti Çövhər Dudayevin bir videoçıxışı yerləşdirilmişdi. Həmin çıxışda
Cövhər Dudayev bəyan edir ki, Rusiyanın məqsədlərindən biri Krımı və Şərqi
Ukraynanı ələ keçirmək, bundan sonra isə Qafqaz müharibəsinə tamamilə son
qoyaraq Zaqafqaziyanı geri qaytarmaqdır… Bundan sonra bu mülahizələri rus
analitik Mixail Yuryev ümumiləşdirdi. O, 2006-cı ildə çap etdirdiyi “Üçüncü
imperiya… Rusiya belə olmalıdır” adlı kitabında bu günkü Ukrayna hadisələrini
belə təsvir edir: “…Torpaqların geri alınma əməliyyatı isə belə başlayır.
Ukraynada Qərbin dəstəyi ilə baş verən narıncı inqilabdan sonra özünü heç aman
Qərb sivilizasiyasının daşıyıcısı hesab etməyən Krım, Cənubi və Şərqi Ukrayna
“Qərb hökmranlığı” əleyhinə qiyam qaldırır və Rusiyaya birləşmək üçün qərar
çıxarırlar. 2008-ci ildə Rusiya Şərqi Ukraynaya 80 minlik qoşun çıxarır, NATO
orduları isə onun qarşısına çıxır….”. Mixail Yuryevin təsvir etdiyi bu hadisələr
onun proqnozlaşdırdığı zamandan bir qədər sonra, 2014-cü ildə baş erir. Amma
axı, deyəsən, Yuryev bu hadisələri havadan yazmayıb və Rusiyanın bu ssenari üzrə
işlənmiş hazır planı olub. Maraqlıdır ki, Qərbdə də Rusiya mənşəli bir sıra
analitiklər belə bir planın olduğunu təsdiq edirlər. Rusiya Sovet İttifaqının sərhədlərinə
qədər böyüməyi planlaşdırır. 2008-ci ilin avqustunda Gürcüstana hücum da bu
istiqamətdə əsəblərin yoxlanılması kimi bir şey idi və görünür, Rusiya bu
testin nəticələrini özü üçün məqbul saydı. İndi həmin test bir qədər daha qətiyyətli
şəkildə Krımda təkrarlandı. Nəticə yenə də Kremlin xeyrinədir.
Kreml-Azərbaycan üçün mehriban düşmən
Təbii
ki, bizim üçün sabahımız daha maraqlıdır. Bu gün Suriyada baş verənləri,
Ukraynanın başına açılan oyunları ürək ağrısı ilə izləyə bilərik. Amma bu
narahatçılıq bizi sona qədər təqib etmir. Bizi daha çox narahat edəni öz
sabahımızdır. Və biz bundan sonra başımıza nələr gələcəyini düşünürük, düşünməliyik.
“Üçüncü
imperiya” ideyasının müəllifi olaraq 2-ci Pyotr kimi təqdim olunan Putinin Azərbaycana
hansı münasibəti bəslədiyini bilirik. O bizi sevmir. İllər əvvəl İrəvanda olarkən
Ermənistanın Slavyan Universitetinin tələbə və müəllim heyətinin qarşısında
çıxış edən Putin onlara Pyotrun ermənilər haqqında vəsiyyətini xatırladaraq
“skazano, sdelano” ifadəsini işlətmişdi. Yəni Putin Azərbaycan torpaqlarında
özlərinə dövlət qurmuş və bu dövlətlərini yeni işğal siyasəti ilə daha da
genişlətmiş erməniləri Pyotrun əmanəti kimi qəbul etdiyindən onun hansısa şəraitdə
əmanətə xəyanət edəcəyi gözlənilən deyil.
Putin
erməniləri sona qədər çiyinlərində daşıyacaq. Çünki bu, Rusiyanın siyasətidir.
Putin Ermənistana Azərbaycanın düşməni kimi baxmır. Putin Ermənistanı regionda
özünün əsas istinad nöqtəsi kimi görür və Putin regionda son qalası ilə bağlı
hansısa prinsipial dəyişiklik qərarı verməyəcək və Putindən sonra Rusiyanın
maraqlarına xidmət edən digər Rusiya dövlət başçıları da eyni tərzi, eyni siyasəti
davam etdirəcəklər.
Rusiyanın Azərbaycanla bağlı məkrli planı
Azərbaycanı
isə nəyin gözlədiyi ortadadır. Yenidən işğal təhlükəsi var və Krımda baş verənlərin
ardından bu işğalın artıq hüdudlarımıza doğru yaxınlaşdığı hiss olunmaqdadır.
Yox, biz Jirinovskinin sayıqlamalarını ciddiyə almırıq. Amma həm də alırıq.
Çünki bu gün Rusiya faktiki olaraq Jirinovski təfəkkürü ilə idarə olunur və Azərbaycanı
hər zaman “Cənubi Rusiya” adlandıran Jirinovski əslində öz ölkəsinin siyasi hədəflərini
kobud formada ifadə edib.
Belə
bir şəraitdə Rusiyanın Azərbaycanı bir dövlət hesab etmədiyi ortadadır. Əslində
Krımda baş verənlərdən sonra hər bir azərbaycanlı özünü narahat bir atmosferdə
his edir və düşünür ki, eyni şəkildə Rusiya Azərbaycanda da davrana bilər. Hətta
artıq bu sarıdan bir itik verməyimiz belə yetərli hesab olunmaya bilər. Rusiya
isə Azərbaycanda ciddi maraqlara sahibdir və bu maraqlarını sona qədər
qoruyacağını nümayiş etdirir və bu halda Azərbaycana kimsə kömək edə bilməyəcək…
özündən başqa.
Artıq
Azərbaycan Qərbin, konkret olaraq ABŞ-ın İran siyasətində də maraqlı bir mövqeyə
malik deyil. Azərbaycan yalnız Qərbə aid oluna biləcək İsrail üçün maraqlı bir
ünvandır. Bu da enerji təhlükəsizliyi baxımından. Digər səbəblər isə əleyhimizədir.
Artıq İraqı, Suriyanı işğal edən Amerikanın İranla öz sərhədləri var və digər tərəfdən
ABŞ-İran münasibətlərindəki yumşalmalar da Azərbaycanı məlum prosesdə əhəmiyyətsiz
bir məkana çevirib.
Azərbaycan
bu gün Qərb üçün daha çox neft çəlləyi olaraq maraqlı görünür. Rusiya isə Azərbaycana
bu cür yanaşmır və elə buna görə də Qarabağ problemi də həll olunmur və hətta
başımız üzərində birbaşa olaraq Kremldən qidalanan digər separatizm meyilləri də
bir qara kabus olaraq dolaşmaqdadır.
Rusiya Azərbaycanı necə işğal edəcək?
Bəli,
Rusiyanın Azərbaycanı yenidən işğal etməsi bu gün daha çox proqnozlaşdırılır. Hətta
bu şəraitdə “Yox, Qərb buna imkan verməyəcək”, “Yox, Rusiya bu qədər də ağ edə
bilməz” kimi etirazlar da eşidilmir. Çünki Rusiyanın bütün bəşəriyyətə Krımda
verdiyi dərsdən hər kəs öz payını götürüb. Amerika okeanın o tayında rusları
dollarla təhdid edənə qədər Rusiya Azərbaycanı istədiyi şəklə salacaq. Bunu bu
gün Azərbaycan hakimiyyəti də görür. Amma Azərbaycan hakimiyyətinin də öz
prinsipləri var və hətta Rusiya ilə münasibətlərimizdəki bu qeyri-bərabərliyə rəğmən
yenə də rəsmi Bakı öz mövqeləri uğrunda sona qədər çarpışır. Rusiya təbii ki,
bizim nazımızla oynamır, oynamayıb və oynamayacaq da. Sadəcə olaraq rəsmi Bakı
gərəkən anda gərəkən manevrləri edərək həm öz mövqelərini qoruya bilir, həm də
Azərbaycanın bir dövlət olaraq maraqlarını güdməyi bacarır.
Ona
görə də olduqca çətin bir regionda yerləşməyimizə, Rusiya kimi bir qoca nəhəngin
qulağının dibində müstəqil enerji siyasəti yürütməyimizə rəğmən Azərbaycanı
Ukraynanın aqibətinin gözləyəcəyi inandırıcı deyil. Amma Rusiyanın Azərbaycanı
işğal siyasətinin olması bir faktdır. Rusiya Azərbaycana ənənəvi dayaqları üzərində
daxil olmağa çalışacaq.
Yeni təxribat
planları hazırlanıb
Rusiya Azərbaycan iqtidarındakı adamlarını qorumaq
üçün irimiqyaslı diversiya-təxribat hərəkətlərinə start verəcək. Bu barədə
etibarlı mənbələrdən redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki,
xüsusilə Azərbaycanda daha həssas məqamlar olan ordu və Qarabağ problemi ilə
bağlı olaraq mübarizənin aparılması nəzərdə tutulur. Maraqlıdır ki, siyasi şərhçilər
də məhz Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən imtina etməsi, “Miylarderlər
konseyi”nin formalaşması və sair kimi siyasi projeləri də təsadüf kimi qiymiətləndirilmir.
Həmçinin də son zamanlar hakimiyyət daxilində daha çox prezidentə yaxınlığı ilə
tanınan və islahatçı gənc komanda üzvlərinin Ramiz Mehdiyevi hədəfə alması da
Rusiya ilə Azərbaycan iqtidarı arasında baş verən savaş kimi xarakterizə
edilir.
Görünən odur ki, faktiki olaraq rəsmi Bakı Kremldən
siyasi asılılıqdan xilas olmağa cəhd etdikcə, daxildə sabitliyin pozulmasına səbəb
olan bütün təxribat xarakterli elementlər görünməyə başlayıb. Görünür bir şəxsin
deyil, bütövlükdə köhnə kommunist qvardiyasının yola salınması üçün aparılan
mübarizə heç bir nəticə verməyib. Bütün hallarda Rusiyanın Azərbaycanla bağlı
planlarında “içimizdəki Denikin” rolunun kimə tapşırıldığı maraq doğurur.
Kremlin Azərbaycan planları ilə bağlı başqa bir məlumat
da diqqət çəkir. Aldığımız məlumata görə Kremlin Prezident Administrasiyasındakı
yüksək çinli bir məmuru bu günlərdə Moskvaya səfər edəcək”. Bu ilginc məlumatı
bizə çatdıran mənbə bildirir ki, son günlər yaranmış situasiya ilə bağlı
zaman-zaman dövrü mətbuatımızda “Rusiyanın bir nömrəli adamı” kimi təqdim edilən
həmin məmur Kremldən məsləhətlər almağa gedir. Mənbəmizin xəbərində o da
vurğulanır ki, Azərbaycan hökumətində yüksək post tutan bu şəxsin Rusiyaya
çağrılmasından Azərbaycan hakimiyyətinin yuxarı eşalonu da tam olaraq xəbərdardır.
Sadəcə olaraq, bu məsələ ətrafında heç bir müzakirə aparılmayıb. Məlumatlara
görə, yaxın vaxtlarda baş tutacaq səfər qeyri-rəsmi xarakter daşıyır və hətta
ictimaiyyət bu səfərdən xəbərdar edilməyəcək.
Mümkün hədələr
Heç kəsə sirr deyil ki, Moskvanın Azərbaycana qarşı
əsas təzyiq rıçaqı artıq uzun illərdir Qarabağ problemi ilə bağlıdır. Əgər
Kreml Azərbaycanı cəzalandırmaq ssenarisini işə salmaq qərarı versə, o zaman bu
problem hesabına bir sıra hədələri reallaşdıra bilər:
– İrəvana icazə verər ki, Azərbaycanın işğal altındakı
ərazilərini tanınmayan “DQR”in tərkibinə qatsın. Ardınca həmin ərazilərin sürətli
məskunlaşdırılmasına Moskva yardımçı ola bilər;
– Ermənistanı sövq edər ki, Dağlıq Qarabağda
Krımdakı kimi separatçı referendum keçirsin və ondan sonra muxtariyyəti özünə
birləşdirsin, yaxud Dağlıq Qarabağa da Abxaziya kimi müstəqil dövlət statusu
tanısın;
– Naxçıvan istiqamətində və sərhəd boyu Ermənistanı
Azərbaycana qarşı həm də Rusiya hərbi bazalarının köməyindən qeyri-leqal şəkildə
istifadə eləməklə geniş miqyaslı hərbi əməliyyatlara şirnikləndirsin, ölkəmizin
yeni rayonlarının işğalına şərait yaratsın;
– Azərbaycanda sabitliyi pozmaq, hakimiyyəti dəyişməyə
cəhd eləmək və ya ölkənin federallaşmasına nail olmaq kimi motivləri əldə rəhbər
tutaraq ləzgilərin və talışların kompakt yaşadıqları şimal və cənub bölgələrimizdə
öz təsir agentlərinin köməyi ilə yeni separatçı ocaqlar yaratmaq;
– Azərbaycanda sabitliyi pozmaq və idarə edilən
xaos yaratmaq, bu fonda özünün çirkin ssenarilərini həyata keçirməkdən ötrü azərbaycanlı
miqrantları kütləvi şəkildə Rusiyadan çıxarmaq və bundan ötrü qanunverici,
praktik və ultra-millətçi üslubda kampaniya həyata keçirmək
Short URL: http://www.cumhuriyyet.net/?p=5660