Məmurlar övladlarına qadağalar tətbiq etməyə başlandı
Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq
rəisi Mübariz Mədətovun oğlunun həbsi digərlərini qorxuya salıb
Ölkədə
yaradılan iqtisadi-siyasi azadlıqlar bəzən xoşəgəlməz tendensiyalara da yol
açır. Belə ki, əlindəki maddi kapitaldan və ya sahib olduğu dövlət qulluğundan
sui-istifadə edənlər bəzən özbaşınalıqlara yol verir ki, bu da cəmiyyətdə qəbulolunmaz
reallığa çevrilib. Sözügedən problem xüsusilə məmur övladları ilə bağlı daha
aktualdır. Bununla bağlı aparılan təbliğat işlərinə, yürüdülən mübarizə tədbirlərinə
baxmayaraq məmur balalarının harınlığı hələ də özünü göstərməkdə və bu hal cəmiyyətdə
haqlı qıcıq yaratmaqdadır.
Xatırladaq
ki, bu kimi neqativ hallarla bağlı ölkə başçısı cənab İlham Əliyev bir neçə dəfə
məsələ qaldıraraq övladlarına nəzarət edə bilməyən məmurlara və onların
harınlamış yaxınlarına qarşı sərt ölçülərin götürüləcəyini bəyan edib. Bu bəyanatların
ardınca isə konkret cəza tədbirlərinin tətbiqi əslində dövlət başçısının bu məsələdə
güzəştə getməyəcəyinin göstəricisi sayılmalıdır. Məlumat üçün bildirək ki, məmur
övladlarının özbaşınalığı və qanunsuz əməlləri ilə bağlı hələlik sonuncu fakt Xəzər
Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi Mübariz Mədətovun oğlu ilə bağlı
baş verib.
Belə
ki, Mübariz Mədətovun oğlu Xalid Mədətovun içkili halda idarə etdiyi avtomobillə
qəza törətməsi və bunun da nəticəsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində
faciə yaşanmış onun nəvəsi və daha bir ailə üzvi hadisə yerindəcə keçinmişdi.
Baş vermiş faciəvi hadisədən sonra isə bu olayda günahkar olan məmur oğlu həbs
olunmuş, atası Mübariz Mədətov isə tutduğu vəzifədən azad edildi. Baş verənlər
isə bir daha təsdiqlədi ki, ölkə başçısının məmur övladları ilə bağlı çoxsaylı
xəbərdarlıqlarının arxasında ciddi cəzalandırma mexanizmi dayanır və bu mənzərə
digər məmurlar üçün də bir növ həyacan siqnalı oldu.
Qəzetimizi
məlumatlandıran mənbənin sözlərinə görə, Mübariz Mədətovun vəzifədən azad edilməsi,
oğlunun isə həbsə atılması artıq digərlərinə də təsirini göstərib və bu özünü
onların övladları ilə bağlı aldıqları bir sıra önləyici tədbirlərdə də göstərir.
Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, cəzalandırılacaqlarından çəkinən
irili-xırdalı bir çox məmurlar anoloji aqibəti yaşamamaq naminə övladlarına bir
sıra qadağalar tətbiq etməyə başlayıblar. Mənbə bildirir ki, hətta bir neçə məmur
övladı dəyəri fantastik məbləğlərlə ölçülən bahalı avtomobillərindən imtina etməyə
məcbur olublar. Bahalı avtomobil parkları ilə tanınan belə məmur yaxınlarından
bəzilərinin isə maşınlarını satışa çıxartdıqları da redaksiyamıza daxil olan
informasiyalar içərisindədir.
Məmur
balalarına tətbiq olunan qadağalardan biri isə sosial şəbəkələrdəki aktivliyi
minimuma endirməklə bağlı olub. Belə ki, onlara istirahət məkanlarında çəkdirdikləri
fotoları sosial şəbəkələrdə paylaşmaq, eyni zamanda bahalı avtomobillərini
nümayiş etdirmək yasaqlanıb. Bütün bu qadağaların ayrı-ayrı məmurların özü tərəfindən
reallaşdırıldığını önə çəkən mənbəmiz bu yolla onların özlərini qorumaq istədiklərini
düşünür: “Övladlarına qadağalar tətbiq edənlər əsasən o məmurlardır ki, onlar
haqqında ictimai rəy onsuz da ürəkaçan deyil. Eyni zamanda həmin məmurlar
hakimiyyətin üst qatında da getdikcə daha çətin qəbul olunurlar. Ona görə də bu
qəbildən olan məmurlar ən kiçicik səhvlərinin üzündən belə “vurula” bilərlər.
Bu həqiqəti özləri də yaxşı başa düşdüklərindən indi daha ehtiyatlı taktika
tutmağa üstünlük veriblər. Onların övladlarına tətbiq etdikləri qadağalara
riayyət olunub-olunmaması isə kifayət qədər müəammalı görünür. Heç kimə sirr
deyil ki, dəbdəbə və komfort içində böyümüş həmin məmur övladları hətta
atalarını belə eşitməyəcək səviyyədə harınlayıblar. Elə bu məqamı nəzərə alaraq
düşünmək olar ki, məmurların öz təhlükəsizliklərini düşünərək övladlarına tətbiq
etdikləri qadağalar yalnız müvəqqəti xarakter daşıya bilər”.
Orxan
Həsənli
Short URL: http://www.cumhuriyyet.net/?p=5662