Əli Həsənova qarşı gizli sorğu
“Qaçqınkom” sədrini bitirəcək dosye
hazırlanıb
Qaçqınların
və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun vəzifədən
azad olunması gözlənilir. Bu məsələ artıq böyük ölçüdə həll olunub. Son qərarın
elan olunması artıq sırf texniki məsələ sayılır və yalnız zaman amilinə
bağlıdır. Seçki bitən kimi Əli Həsənovun məmur ömrü də bitəcək. Bu məlumat “Yeni
Cumhuriyyət”ə hakimiyyətə yaxın mənbələrdən ötürülüb. İqtidardaxili proseslərdən
yetərincə bilgili olan qaynağımız deyir ki, 1996-cı ildən bu vəzifədə çalışan
Qaçqınkomsədri kreslosu ilə bağlı bir neçə dəfə təhlükəyə girsə də onun başı
üstündəki qara buludlar heç vaxt indiki qədər sıx olmamışdı.
“Əli
Həsənovun vəziyyəti bu dəfə doğrudan da çox mürəkkəbdir. Ona qarşı artıq elə
ittiham irəli sürülüb ki, altından çıxması mümkünsüzdür. Özü də məsələdən
birinci şəxsin də xəbəri var. Onun gördüyü işlərin, tutduğu əməllərin nəticəsi
bütün hakim komandanı pis vəziyyətdə qoyub və hədsiz qəzəbləndirib. “Qaçqınkom”
sədrinə olan qəzəb ona görə çox böyükdür ki, məsələ iqtidarın reputasiyası ilə
birbaşa bağlıdır. Bunun seçki ərəfəsində üzə çıxması isə iri məmurlarla bağlı qərar
vermək ranqında olan səlahiyyətlilərin əsəblərini bir qədər də tarıma çəkib” –
deyə mənbə bildirir.
Mənbəmizin
Ə.Həsənovun qəzəbə gəlməsinin konkret səbəbləri ilə bağlı dedikləri isə daha
heyrətamizdir: “Hakimiyyət qaçqınların və məcburi köçkünlərin ona real münasibətini
öyrənmək məqsədilə onların arasında gizli sorğu keçirib. Bu sorğunu keçirmək
iqtidara yaxın qeyri-hökumət təşkilatlarından (QHT) birinə sifariş edilib. Həmin
QHT də qaçqınların sıx məskunlaşdığı əksər şəhər və rayonlarda işləyib və
ortaya hakimiyyətdən ötrü dəhşətə bərabər bir mənzərə çıxıb. Gizli sorğu nəticəsində
məlum olub ki, qaçqınların və məcburi köçkünlərin 70-75 faizi hakimiyyətdən
ciddi şəkildə narazıdır. Bu sorğunun nəticəsi Prezident Administrasiyasında
lazımi şəxslərə təqdim və hərtərəfli təhlil olunub. Sonra vəziyyət başqa
kanallarla bir daha yoxlanıb. Əmin olublar ki, sorğunun nəticələri real vəziyyəti
düzgün əks etdirir. Müzakirələrdən sonra Əli Həsənov saraya çağırılaraq möhkəm
sıxılıb. Nəticələr komitə sədrinə təqdim edilib, ondan sərt şəkildə izahat tələb
olunub. Sənin yarıtmaz fəaliyyətinin nəticəsidir 1 milyon insan hakimiyyətdən
narazıdır” ittihamı ilə üzləşən Qaçqınkomsədri Prezident Administrasiyasından əzilmiş
halda çıxıb”.
Qaynağımız
onu da deyir ki, məsələ təkcə tənbeh-danlaqla bitməyib. Gizli sorğunun nəticələrindən
yola çıxan yuxarılar müvafiq strukturlara Qaçqınkomun fəaliyyəti ilə bağlı hərtərəfli
araşdırmalara başlamaq göstərişi veriblər. Bu zaman daha betər faktlar üzə
çıxıb. Onlardan biri BMT-nin azərbaycanlı qaçqın-köçkünlərə hər il ayırdığı
yardımların talan edilməsi ilə bağlı olub. Söhbət on milyonlarla manatlıq
yeyinti faktlarından gedir. Bu haqda danışan qaynağımız deyir ki, BMT-nin
yardımları Qaçqınkomtərəfindən çox primitiv üsulla əridilirmiş: “Komitə rəhbərliyi
ayrılan maliyyə vəsaitinin qaçqınlar üçün guya hətta çadır alınmasına sərf
edildiyini bildirib. Halbuki çadır söhbəti çoxdan qurtarıb. Bütün çadır şəhərcikləri
prezidentin göstərişi ilə çoxdan ləğv olunub, rayonlardakı qaçqın-köçkünlər
üçün qəsəbələr salınıb. Çadır şəhərciyi yoxdursa, komitə çadırları harada
qurub? Bu sual Əli Həsənova da verilib”..
Amma cənab
Həsənovun problemləri bununla da bitmir. Qaynağımız Qaçqınkomun əli ilə həyata
keçirilmiş kvota maxinasiyası barədə də danışır. Onun dediyinə görə, bu sahədə
də inanılmaz qaranlıq işlər var: “Bəlli olduğu kimi, hökumət xüsusilə də Bakı və
Sumqayıtda yaşayan qaçqınlara aylıq işıq və qaz kvotası müəyyən edib. Hər bir
qaçqın ailəsi həmin kvota ilə müəyyən olunmuş qədər qaz və işıqdan pulsuz
istifadə edə bilər. Hökumət “Azəriqaz”la Bakıelektrikşəbəkəyə çatmalı olan bu
pulu hər ay Qaçqınkomun hesabına köçürür, sonuncu da öz növbəsində həmin
qurumlarla hesablaşır. Yəni Qaçqınkom bu kvota ilə nəzərdə tutulan pulları hər
ay “Azəriqaz”la “Bakıelektrikşəbəkə”yə ödəməlidir. Amma yoxlamalar zamanı məlum
olub ki, elə ailələr var ki, onlara son vaxtlar hətta 3-4 min manat işıq borcu
gəlib. Araşdırma onu da üzə çıxarıb ki, komitə hökumətin ayırdığı pulları “Azəriqaz”la
“Bakıelektrikşəbəkə”yə ödəməyib. O pulların harada olduğunu bilən də yoxdur.
Amma komitədə bilməmiş olmazlar”.
Sonda onu
da deyək ki, Əli Həsənovun yerinə gətiriləcək şəxs də bəllidir. O, qaçqın
rayonlarından birinin icra başçısıdır. Həmin şəxsin adı redaksiyamıza məlumdur.
Bircə onu deyə bilərik ki, onun hakim ailəyə qohumluğu da çatır.
Coşqun
Short URL: http://www.cumhuriyyet.net/?p=5664