Putinin qorxunc SSRİ ssenarisi
Rusiyanın postsovet ölkələrini tora salmaq planının ilginc məqamları; Moskva Avrasiya İttifaqı bəhanəsi ilə hətta çar dövrü ərazilərini də imperiyaya qatmaq niyyətindədir; Krim insidenti bütün dünyaya xəbərdarlıqdır; Azərbaycanda sovetin xiffətini çəkənlərin ən böyük yanlışlığı nədədir?..
Minval.az saytında martın 3-də getmiş və 20 mindən çox insanın oxuduğu, böyük rezonans doğurmuş “Putin başını itirib” sərlövhəli məqaləm sanki bizim oxucu auditoriyamızın Kremlin neoimperiya marşına, SSRİ-nin bərpası və ya təzədən qurulması hədələrinə verdiyi reaksiyasının məxsusi indikatoru rolunu oynadı. Ona görə bu qənaətdəyəm ki, məqaləyə gələn çoxsaylı şərhlərdə və mənə ünvanlanan suallarda, habelə facebook səhifələrindəki statuslarda və diskussiyalarda köhnə SSRİ və onun mümkün yeni analoqundan dolayı gözləntilərlə bağlı qiymətləndirmələrdə açıq-aşkar qütbləşmə müşahidə elədim.
Ancaq məni Azərbaycanda SSRİ-nin tərəfdarlarının və onun yeni qiyafədə bərpasına qəyyumluq edənlərin kifayət qədər olması faktından çox, onların Putinin planlarının müdafiəsində, sovet imperiyasının “üstünlükləri”ndə təkidli dirənişləri zamanı göstərdikləri, əvvəllər görünməyən, indi isə aşkarcasına körüklənən fəallığı heyrətləndirdi. Diqqətimi həm də Stalinin və Brejnevin köhnə, yaxud Putinin “qabaqcıl” SSRİ-sinin fəal müdafiəçiləri sırasında təkcə yaşlı nəslin xiffət çəkən nümayəndələrinin yox, postsovet nəslinə mənsub xeyli sayda, kifayət qədər cavan yaşlı şəxslərin olması çəkdi.
Əgər Kremlin təsir agentləri olan şəxsləri çıxsaq (onları ifşa eləmək olar, fikrini dəyişmək isə – yox), o zaman belə qənaət hasil olar ki, SSRİ-nin bərpasının yerdə qalan tərəfdarları xeyli dərəcədə ikili illüziyaların və yanlışlıqların əsiridirlər. Nədən söhbət gedir?
Yerdə qalan kəsimə aid olanların bir qismi əsasən yaşlı nəslin təmsilçiləridir. Onlar keçmişin nostalgiyası ilə yaşayaraq və bunu öz həyatına inikas etdirərək istər-istəməz yalnız SSRİ-nin pozitivlərinə diqqət yönəldirlər. Odur ki, tezliklə qayıtmasını arzu elədikləri dönəm bu insanlara indiki sərt reallıqlarla təzadda həlim, işıqlı və rifahlı görünür.
Digər bir qisim – ən çox da sovet tarixi barədə kitablar, filmlər və söhbətlər əsasında qırıq təsəvvürü olan gənc nəsil ümid edir ki, SSRİ-nin bütün neqativlərdən xali, müasir sivilizasiyanın nailiyyətləri ilə zənginləşmiş hansısa modern variantının yaradılması mümkündür. Onlara elə gəlir ki, Putinin Avrasiya İttifaqı hardasa Avropa Birliyinin bir analoqu olacaq. Guya bu birlik SSRİ-ni çox az xatırladacaq, “xalqlar həbsxanası”, “şər imperiyası” olmayacaq və effektli birliyə transformasiya edəcək.
Mən nostalji ovqatda olub əvvəlki sovet reallıqlarının bərpası üçün əldən gedənlərə və SSRİ-nin hansısa modern formasının bir növ Avropa Birliyinə alternativ olacağı illüziyaları ilə yaşayanlara da anlaşma və sayğı ilə yanaşıram. Bu məqalədə məqsəd də kiminsə fikrini dəyişmək və ya SSRİ-nin, yeni ittifaqın xüsusiyyətlərinin ətraflı analizini vermək deyil. Xeyr. Mən sadəcə, diqqəti qısa tezis şəklində əsas neqativlərə, təhlükə və fərqliliklərə yönəltmək istərdim. Dərhal vurğulayım ki, SSRİ-nin nə əvvəlki və yeni qiyafədə, nə Stalin, nə də Putin variantlarında bərpasını prinsipial olaraq məqbul saymıram.
Ondan başlayaq ki, sosializm və kommunizmin öncə bütün dünya miqyasında, sonra isə alınmayanda ayrıca götürülmüş bir ölkədə – SSRİ-də qurulması barədə ifrat ambisiyalı, xeyli dərəcədə də utopik marksist-leninçi bir ideologiya mövcud olub. 1917-ci ilin oktyabr inqilabı və “qırmızı terror” bayrağı altında milyonlarla insan həyatını məhv edən qanlı vətəndaş müharibəsindən sonra Stalin bu ideologiyanı gerçəkləşdirməyə və sosializm quruculuğunu sürətləndirməyə girişdi.
Bunu o, necə elədi və yekunda nə alındı – bütün dünyaya bəllidir. Təsadüfi deyil ki, bolşevizm və faşizm sinonim sözlərə çevrilib. Əslində bu, bəşəriyyət tarixində yüz milyonlarla vətəndaş üzərində, bütöv xalqlar və onların milli mədəniyyətləri, ənənələri, həyat tərzi üzərində ixtiyari seleksiya, ideoloji manipulyasiya və total zombiləşdirmə üzrə ilk qlobal və sırf repressiv eksperiment cəhdi idi.
On illərlə sürən kütləvi Stalin repressiyaları “sosializm” quruculuğunun və SSRİ-nin dünya üçün təhlükəli kommunist imperiyasına çevrilməsinin qayəsində durdu. Belə bir totalitar monstrın yaradılmasının qiyməti həddən ziyadə qorxunc oldu: ölkə əhalisinin, demək olar, 1/3-i “xalq düşməni” elan edildi və repressiyaya məruz qoyuldu. On milyonlarla insan güllələndi və ya düşərgələrdə həlak oldu. Əhalinin başqa 1/3-i bu antiinsani siyasət üçün xəbər daşıyana, satqına və ya cəllada və hökm sahibinə, yerdə qalan 1/3-i də labüd olaraq sistemin qorxağına, köləcəsinə sözəbaxanına, yaltaqcasına sadiq və manqurt vintlərə çevrildi.
Məhz belə bir insan materialı Brejnev dövründə elan edilən yeni etnik birliyin – sovet xalqının əsasını təşkil elədi. Məhz qul əməyi, total istismar və ekstremal səfərbərlik iqtisadiyyatı hesabına əldə edilən tərəqqi Kremlə inkişaf edən sosializm cəmiyyətinin qurulması haqda dünyaya car çəkmək imkanı yaratdı.
Qəddar “Stalinin ət maşını” dövrü “Xruşşov mülayimliyi” dönəmi ilə, sonra isə “Brejnev durğunluğu” və Qorbaçov dövründə SSRİ-nin labüd çöküşü ilə əvəzləndi. Bəli, SSRİ-nin imperiya mahiyyəti sovet beynəlmiləl ideologiyası ilə maskalanmışdı. Lakin bununla o, mahiyyətini əsla itirməmiş və demək olar, bütün xalqlar bu mahiyyəti öz üzərində artıqlaması ilə hiss eləmişdi.
İndi çoxları əsasən SSRİ dönəminin qismən sakit və təminatlı 70-ci illərini xatırlayır, nə vaxt ki, pulsuz müalicə və təhsil almaq, pulsuz mənzil və avtomobil, güzəştli putyovka əldə eləmək, daimi iş yeri tapmaq, yalnız əməkhaqqına yaşamaq, bu və ya başqa sahədə problemsiz mənsəbə yüksəlmək və s. imkanlar var idi.
Bəli, səfərbər edilmiş və sırf ekstensiv iqtisadiyyat, bütün ölkənin resurslarının tükənməsi və ilk növbədə də nəhəng neft dollarları sayəsində SSRİ-də çox qısa müddətə qismən sakit və kasıb olmayan həyat səviyyəsi təmin edilə bilmişdi. Ancaq hətta bu dövrə də zahiri sakit həyatın içində həmin o qapalı totalitar sistem özünün “dəmir pərdəsi” ilə, hər şeyə qadir KQB-si ilə, vətəndaşların davranış və şüurunun manipulyasiya ilə, azadlıqların və plüralizmin tam yoxluğu ilə, şəxsi həyata ekspansiya ilə, rəhbərə pərəstişlə aydın hiss olunurdu. Biz hələ qüdrətli “qırmızı imperiya”nın faktiki, “tanınma nişanı”nı – malların və xidmətlərin total qıtlıq dövrünü demirik. Hansı imperiya ki, yüzlərlə nüvə başlığına vəsait tapdığı halda vətəndaşlarını elementar, ən zəruri məhsullarla – kibritlə, tualet kağızı ilə, diş pastası, mismar, yapışqanla, həmçinin ət, yağ, yumurta, un və s.-lə stabil təmin edə bilmirdi. İnkişaf budurmu?
SSRİ çökməyə məhkum idi. Durğunluq dövrü bütün sistemdə – həm kompartiya və sosialist ideologiyasında, həm də sovet təbliğatında geridonməz eroziyalar yaratmışdı. Total məhdudiyyətlərə, zorakılığa və yalana söykənən sistem yıxılmalı idi. Yıxıldı da!
Putinin SSRİ-si
Son vaxtlar Putin gah SSRİ-nin yeni qiyafədə qurmaq perspektivlərinə vurğu salmaqla, gah da Çar imperiyasını əvvəlki sərhədlərdə bərpa eləməyə işarə eləməklə öz neoimperiya niyyətlərini demək olar, gizlətmir. Hələ ki, ona və Kremlə gələcək Avrasiya İttifaqının nüvəsini təşkil edəcək “Rus dünyası”sının toplanması və bərpası ideyası hakim kəsilib – hansı ittifaqa ki, Moskva zorla keçmiş Çar və ya sovet dövrü ərazilərini də qatmaq istəyir.
Aydın məslədir ki, nə Çar imperiyasını, nə də SSRİ-ni ciddi olaraq və tam həcmdə bərpa eləmək mümkün deyil. Necə deyərlər, əgər tarix iki dəfə təkrarlanırsa, birinci dəfə faciə, ikinci halda isə – fars (təhrif, yalan-red.) formasında özünü göstərir. Odur ki, istənilən halda bu farsdır. Ancaq bu farsın özü bir çox ölkələr və xalqlar üçün olduqca təhlükəli və dramatik ola bilər. Krım əhvalatı hamıya qorxunc xəbərdarlıq olmalıdır. Moskvanın dayanmaq niyyəti yoxdur. Putin uzun illər Rusiya mühitində neoimperiya gözləntilərini və superdövlət psixozu yetişdirməkdə idi. İndi o, özü bu vədlərin girovuna çevrilib – rusiyalılar ondan ya çar dönəmindəki ya da sovet formatında imperiya gözləyir.
Fəqət, kim hesab edirsə ki, Kreml köhnə SSRİ-ni bərpa eləmək niyyətindədir və buna qadirdir – ciddi şəkildə yanılır. Əvvəlki SSRİ xüsusi ideoloji monstr kimi yalnız təmiz kağız üzərində, həyatın bütün sferalaranın inqilabi şəkildə alt-üst edilməsi ilə bərpa oluna bilər – hansını ki, zamanında bolşeviklər eləmişdilər. Bu gün nə bolşeviklər var, nə də ideologiya. Təkcə milyarder Putin başda olmaqla total şəkildə korrupsiyaya uğramış, oliqarxik dövlət kapitalist sistemi var.
Belə bir bazada SSRİ qurmaq olarmı? Ümumiyyətlə, bu, Putinə və onun komandasına lazımdımı? Yox, o, “SSRİ” adlı növbətçi lövhə altında və Rusiyadakı mövcud siyasi-iqtisadi reallıqların bazasında sırf Rus imperiyasını yaratmaq, bütün Rusiyanın imperatoru kimi öz iradəsinin dünyaya və qonşulara diktə eləmək amacındadır.
Putinin guya Avropa Birliyinə (AB) oxşar nəsə qurmaq istədiyi barədə illüziyalarla yaşayanlar da yanılırlar. Güman eləmək ki, mifik Avrasiya İttifaqı ideyası yalnız AB-nin alternatividir, böyük səhv olardı. Moskva (AB-yə alternativ) bərabərhüquqlu və suveren dövlətlərdən ibarət ittifaq qurmaq istəsəydi, bunu elə MDB-nin bazasında edə bilərdi, nəinki yeni konstruksiyalar fikirləşərdi.
Məsələ də ondadır ki, Kreml AB-dən fərqli olaraq Avrasiya İttifaqını məhz Moskvanın aşkar dominant olduğu imperiya formatında yaratmaq istəyir. Bu səbəbdən o, hətta könüllülük prinsipinə də söykənmək niyyətində deyil, əksinə Kremlin planlarına görə, onun yaxın tabeçiliyinə daxil olmalı olan ölkələrə hərbi-siyasi xarakterli sərt təzyiqlər göstərməyə hazırdır.
Odur ki, özünü tələm-tələsik müasir dünyanın ikinci qütbü elan edən, qonşulardan və Qərbdən öz şişirdilmiş ambisiyaları ilə barışmağı imperativ şəkildə tələb edən Rusiya SSRİ-ni bərpa eləmək, Avrasiya İttifaqı yaratmaq bəhanəsi altında əslində sadəcə olaraq özünün ekspansionist neoimperiya planlarını aşıq şəkildə gerçəkləşdirməyə çalışır.
Əvvəlki SSRİ əbədiyyən itib gedib. Yeni SSRİ isə özündə xalqlara və beynəlxalq birliyə daha böyük təhlükələr vəd edir. O, heç bir formada reallaşmamalıdır!
P.S. Məqalənin rus versiyası ilə minval.az saytında tanış ola bilərsiniz
Short URL: http://www.cumhuriyyet.net/?p=5680