Botanika bağında ağac "qırğını"…

07.04.2014 - 09:14

AMEA-nın prezidenti görəsən bu fakta niyə reaksiya verməyib?

Bu günlərdə facebook-da, sonra isə ANS-in proqramından birində AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar və reportaj yayılıb. Bakının hansısa məhəlləsində deyil, məhz Milli Elmlər Akademiyasının Botanika bağında ağacların kəsilməsi haqlı olaraq ciddi səs-küyə səbəb olub.
Bunun ən başlıca səbəbi şübhəsiz ki, təbiətin qorunmasına cavabdeh olan, bu kimi faktları yeri gələndə qınamalı olan bir qurumun öz əhatə dairəsində təbiətə qənim kəsilməsi idi. Hadisədən sonra Botanika bağının rəhbərliyi bəzi KİV-lərə açıqlamasında deyib ki, heç bir ağac kəsintisindən söhbət gedə bilməz.
Bir sözlə, ciddi-cəhdlə faktı təkzib etməyə çalışıblar. Amma məhz facebook-da yayılan fotolar və “İç xəbər”dəki reportaj ağacların məhz bu bağda kəsilməsini əks etdirib. Görünən kəndə bələdçi lazım olmadığı kimi, təbii ki, fotolarda və “İç xəbər”dəki reportajda əks olunan ağac kəsintisini təkzib etmək mümkünsüzdür. Bu, məsələnin bir tərəfi.
Əlbəttə, müvafiq qurumlar bu faktı araşdırıb nəticəni açıqlayacaq. Botanika bağının rəhbəri Vahid Fərzəliyevin təkzibinə gəldikdə, görünür, o, faktın ciddi səs-küyə səbəb olduğunu düşünərək belə tez reaksiya verib. 
Modern.az saytının apardığı araşdırma zamanı da bir neçə gün öncə Botanika bağının ərazisində ağacların kəsilməsi faktı təsdiqlənib. Ona görə də sual yaranır: AMEA-nın prezidenti görəsən bu ağaclar kəsiləndə niyə reaksiya verməyib? 
Suala cavab olaraq iddia etmək mümkündür ki, əraziyə göz dikənlərlə rəhbərliyin əvvəlcədən razılaşması olduğundan reaksiya verməyib. Digər tərəfdən, bəlkə də rəhbərliyin ağacların kəsilməsindən xəbəri olmayıb, yaxud bu qanunsuzluğu edənlər heç onunla məsləhətləşməyiblər də. Onda başqa sual ortaya çıxır: AMEA-nın prezidenti, Botanika bağının mühafizəsinə cavabdeh olanlar niyə bu qanunsuzluğa reaksiya verməyiblər? 
Söhbət hansısa yiyəsiz ərazidən getsəydi, ağacların səssiz-səmirsiz kəsilməsini başa düşmək olardı. Ancaq söhbət hasarlanmış böyük bir ərazidən – qapısında polis dayanan sahədən gedir. 
Bir daha qeyd edirik: Botanika bağının mühafizəçiləri niyə ağacların kəsilməsinin qarşısını almayıb? Yəqin həm AMEA-nın, həm Botanika bağının rəhbərliyi, həm də müvafiq qurumlar bu biganəliyin səbəbini tezliklə açıqlayacaq. Təbii ki, Botanika bağının rəhbəri Vahid Fərzəliyevin iddia etdiyi kimi, ağacların kəsilməsi yox, çıxarılıb başqa yerə köçürülməsi faktının da nə dərəcədə həqiqət olduğu da onda bilinəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=5681

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930