Banklardan Vergilər Nazirliyinə etimadsızlıq
“Unibank” Vergilər Nazirliyinin fərdi sahibkarın gəlirləri ilə bağlı arayışına məhəl qoyulmur; “Xalq-bank” isə vergiçilərin sənədinə 50 faiz inanır; 150-200 manat maaş alan büdcə işçilərinə məmnuniyyətlə kredit ayıran banklar aylıq gəliri 900-1000 manat olan fərdi sahibkarları yaxın belə buraxmır
Azərbaycanın bank sektorunda anormal situasiya barədə çox yazılıb. Gəlirlərin leqallaşmasındakı problemlər, biznes mühitinin monopoliyalaşması bankların da inkişafına mənfi təsir göstərir. Ancaq məsələ bundadır ki, banklar da vəziyyətin normallaşması üçün özündən asılı məsələləri həll etməkdə də maraqlı deyil.
Azərbaycan bankları real müştərilərə (fərdi sahibkarlara, kiçik və orta biznesmenlərə) yox, rəsmi müştərilərə (dövlət müəssislərində çalışanlara) üstünlük verirlər. Bu da nəticədə problemli kreditlərin ortaya çıxmasına, müştərilərin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Mərkəzi Bankın məlumatına görə, 2013-cü ildə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 14 milyard 455,1 milyon manat olub. Kredit qoyuluşlarının tərkibində aparıcı yeri istehlak kreditləri tutur. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 milyard 572,6 milyon manatdır – ümumi həcmin 40 faizə yaxını. Biznes kreditlərinin çəkisi isə cəmi 15,3 faizdir. Problemli kreditlərin həcmi isə 1 milyard manata yaxınlaşır. Bank sektorunda anormal şərtlər fonunda problemli kreditlərin çəkisi durmadan artır.
Problemin kökü nədədir? Statistikadan da bəlli olur ki, banklar istehlak kreditlərinə üstünlük verir. Hər 10 kreditdən 4-ü istehlak kreditinin payına düşür. Banklar həvəslə məişət avadanlıqlarının alınmasını maliyyələşdirir. Banklar biznes kreditlərinin maliyyələşməsinə maraq göstərmir. Hər 10 kreditin cəmi 1-2-si biznes kreditinin payına düşür. Qalan kreditlər isə daşınmaz əmlak və avtomobil kreditləridir. Daşınmaz əmlak və avtomobil kreditlərini də hardasa istehlak krediti hesab etmək olar – vəsait şəxsi tələbatın ödənilməsinə yönəlib. Yəni biznesin inkişafına yönələn kreditlər çox azdır və banklar da biznes kreditlərinin az olmasında maraqlıdır. Ümumiyyətlə, indiki kredit şərtləri heç bir halda biznes kreditlərinin artmasına stimul verə bilməz. İndiki şərtlər yalnız istehlak kreditlərinə yaşıl işıq yandırır. Azərbaycanda kredit faizlərinin yüksək olması faktını bir kənara qoyub indiki şərtlərlə, yalançı reklamlarla tanış olaq.
“Unibank”-ın kredit mütəxəssisi Vergilər Nazirliyini tanımır
2012-ci ilin noyabrında “Unibank” ASC-nin Şərifzadə küçəsində yerləşən 13 saylı filialının istehlak kreditindən faydalanmışdım. 24 aylıq krediti cəmi 7 aya ödədiyimdən guya bankın “seçilmiş müştərilər” kateqoriyasına daxil edilmişəm. Krediti bağladıqdan sonra demək olar ki, hər ay bankdan mesaj alırdım ki, ” seçilmiş müştəri kimi zaminsiz, yalnız arayışla 7500 manatadək 48 aylıq kredit ala bilərsiniz”. Təkcə martda 2 belə mesaj almışdım.
Aprelin 3-də 13 saylı filiala yaxınlaşıb kredit götürmək istədiyimi bildirdim. İş yerindən arayış istədilər. Fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumu və Vergilər Nazirliyindən gəlirlərimlə bağlı arayış gətirə biləcəyimi bildirdim. Məlum oldu ki, “Unibank”da Vergilər Nazirliyinin arayışı yetərli sayılmır. İzah etməyə çalışdım ki, 6 ildir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğulam, aylıq gəlirim 900-1000 manat arasında dəyişir, bu məbləğ də 48 aya 7500 manat kredit götürmək üçün tam yetərlidir. Ancaq sifəti heç nə ifadə etməyən kredit işçisi qayıtdı ki, olmaz. Vergilər Nazirliyinin rəsmi sənədinin niyə yetərli olmadığını öyrənmək istədim. Kredit mütəxəssisi bu dəfə şöbə müdirinə müraciət etdi. Müdir soruşdu ki, gəlirlərin bank hesabına daxil olur, yoxsa nağd alırsan? Nağd aldığımı biləndən sonra birmənalı şəkildə dedi ki, olmaz.
Təsəvvür edin ki, adi kredit eksperti Vergilər Nazirliyi kimi əhalinin gəlirlərinin vergiyə cəlb edilməsinə cavabdeh olan yeganə dövlət qurumunun sənədini etibarsız hesab edir. Sadə məntiqlə heç bir halda Vergilər Nazirliyi gəlirləri şişirdə bilməz. Çünki gəlirlərə uyğun vergi ödənilir. Əksinə, sahibkar vergidən yayınmaq üçün gəlirlərinin real həcmini azalda bilər və bu tendensiya geniş yayılıb. Deməli, Vergilər Nazirliyi gəlirlərimlə bağlı real məlumat təqdim edir və hər bir özəl struktur da bunu istisnasız olaraq mötəbər mənbə hesab etməlidir. Ancaq “Unubank”-ın baş bilənləri Vergilər Nazirliyinin arayışını heç yaxın belə buraxmır. Məsələ bununla bitmir.
“Unibank” aylıq gəliri 250-300 manat olan büdcə işçilərinə məmnuniyyətlə kredit ayırır. İlk baxışdan absurd görünə bilər. Necə olur ki, aylıq gəliri 900 manatdan az olmayan fərdi sahibkara yox, maaşı 150-200 manat olan büdcə işçisinə kredit ayrılır? Cavab sadədir. Büdcə işçilərinin maaş kartını banklar sözün həqiqi mənasında müsadirə edir – ödənişlər bitənə qədər kartlar banklarda girov saxlanılır. Bu təcrübə təkcə, “Unibank”-da yox, başqa banklarda da geniş yayılıb. Bu da absurdun son həddi deyil.
Xalq-Bank Vergilər Nazirliyinin arayışına 50 faiz inanır
“Xalq-bank”-da vəziyyət bir qədər fərqlidir. Obyektivlik naminə deyək ki, burada standartlar xeyli şəffaf və qanunidir. Ancaq burada da fərdi sahibkarlarla bağlı Vergilər Nazirliyinin arayışı tam gücü ilə işləmir. Məsələn, ticarətlə məşğul olan fərdi sahibkarlara Vergilər Nazirliyinin arayışı qismən etibarlıdır. Məsələn, Vergilər Nazirliyi arayış verir ki, ticarətlə məşğul olan filankəsin rüblük gəliri 3 min manat, orta aylıq gəliri isə 1000 manatdır. Bank isə bu məlumatı belə təsdiqləyir – filankəsin rüblük gəliri 2400, aylıq gəliri isə 800 manatdır. Ayılan kreditin həcmi də son rəqəmlərə adekvat olur. Qeyri-ticarət sektorunda çalışan fərdi sahibkarların vəziyyəti daha qəlizdir. Burada Vergilər Nazirliyinin arayışında göstərilən məbləği 2-yə bölürlər. Məsələn, qeyri-ticarət sektorunda çalışan filankəsin rüblük gəliri 3 min manat, aylıq gəliri 1000 manatdırsa, bank belə qəbul edir ki, onun rüblük gəliri 1500, aylıq gəliri isə 500 manatdır. Kredit də son rəqəmlərə son rəqəmlərə uyğun olur. Kredit mütəxəssisi bunu “Xalqbank”-ın rəsmi qaydaları olduğunu vurğuladı. Təbii ki, bu şərtlər daxilində ölkədə kiçik biznes inkişaf edə bilməz. Bu tendensiya yalnız problemli kreditlərin çəkisi artmasına xidmət edə bilərdi və edir də.
Aldadıcı mesajlar
Nəhayət, “Unibank”-ın yalançı reklamları barədə. Qeyd etdiyim kimi, mənə son 1 ildə 10-a yaxın mesaj gəlib ki, “seçilmiş müştəri kimi güzəştli şərtlərlə 7500 manatadək kredit ala bilərsiniz”. Kredit mütəxəssisindən bunu aydınlaşdırmaq istədim.
– Əgər kredit verilməyəcəkdisə, bu mesajlar nəyə görə mənə göndərilib?
– Bu mesajlar bütün müştərilərə göndərilir.
– Axı bütün müştərilər ödənişi vaxtından tez ödəmir?
– Vaxtında ödəyənlərə göndərilir.
– Deməli, etibarlı müştəri kimi mən kredit limitindən istifadə edə bilərəm.
– Yox mesajlarda yazılmayıb ki, 7500 manat kredit götürə bilərsiniz, yazılıb ki, 7500 manata qədər götürə bilərsiniz.
– Belədirsə, hansı həddə qədər kredit götürə biləcəyimi yazın da, məni niyə aldadırsınız?
– Biz müştərilərə eyni mesajları göndəririk.
Beləliklə, “Unibank”-ın işçisi özü də bilmədən etiraf edir ki, bu mesajlar yalan üzərində qurulub və müştərini “tora salmağa” xidmət edir. Bu artıq istehlakçı hüquqlarının pozulması deməkdir. Bu məsələni araşdırmaq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işidir. Ümumiyyətlə, özəl bankların kredit qaydaları bu tip yalanlar üzərində qurulub. Elə ona görə də banklar problemli kreditlərdən əziyyət çəkir, fərdi sahibkarlar isə kreditsizlikdən əziyyət çəkir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5682