Ölkənin ən böyük müəssisəsində nələr baş verir?

07.04.2014 - 10:39

Həbsxanalar həmişə qapalı və qapalı olduğu qədər də sirlidir

Həbsxanalar həmişə qapalı və qapalı olduğu qədər dəsirlidir
Azərbaycanda ən böyük müəssisələrdən biri Penitensiar Xitdmət adlanan, xalq arasında “UITI” və ya “türmələr Idarəsi” deyilən təsisatdır. Indi bu Idarəyə Mədət Quliyev adlı şəxs rəhbərlik edir. Bu nəhəng müəssisəni Ədliyyə Nazirliyi sistemində ən böyük və ən gəlirli sahə sayırlar. Böyüklüyü şübhə doğurmur, çünki indi bu Xidmətin (bu “xidmət” sözün Azərbaycanda son günlərin ən qalmaqallı sözü sayılsa da) ərazisində 31 min nəfərə yaxın dustaq saxlanılır.

(Birinci yazı)
Penitensiar Xidmətin 31 min nəfərə baxan, onların həyatını və intizamını tənzimləyən minlərlə personalı var. Əlbəttə, bu sistem dövlətə böyük xərclər bahasına başa gəlir. Bu qədər nəhəng personalın maaşı və nəzərə alınarsa, hətta sosial imtiyazları, eləcə də 31 min nəfərlik dustaq heyətinin saxlanmasına çəkilən xərclər ağır xərclərdir. Dövlətin bu qədər dustağa ehtiyacı varmı? Bu, çətin sualdır. Balaca Azərbaycanı dustaqların sayına görə başqa ölkələrlə müqayisə etmək olar, əlbəttə. Amma qoy, bunu başqaları etsin hələlik. Doğrudur, Azərbaycanda bütün cinayətləri cəzalandırmaq üçün bütün cinayətkarları həbsxanalara doldurmurlar. Başqa profilaktik vasitələr var.
Məsələn, cinayətkarları cəzalandırmaq üçün polis və ya prokurorluq mərhələsində onların çiyninə ağır rüşvət cəzaları qoyub buraxmaq variantı da var. Amma enində-sonunda, bu cür adamlar da günün birində, daha rüşvət almaq imkanı olmayanda oralara göndərilirlər. Deməli, Penitensiar Xidmətin ərazilərinə qədəm qoyana qədər və ondan sonra vətəndaşın başına gələn çoxlu hadisələr var. Son məntəqə, təbii ki, həbsxanadır və bu təsərrüfat haqqında nə qədər çox yazılsa da o qədər azdır. Hər şeydən əvvəl ona görə ki, həbsxana qapalı yer olduğu üçün oradan informasiya sızıntısı azdır. Yaxud, etibarlı, arxasında ciddi və israrlı mənbənin dayana biləcəyi informasiyaar azdır. Çoxlu məlumat əldə etmək olar, amma bu informasiyanı ötürən dustaq sonrakı həyatını cəhənnəmə çevirməmək üçün anonim qalmağı tərcih edər. Beləliklə də, bu çoxlu informasiya kütləviləşməz və ictimai rəydə əhəmiyyət daşımaz. Ən ümumi göstəricilər haqqında yazmaqla başlayaq. 
Məsələn, belə bir informasiya ilə başlayaq ki, hər bir dustaq üçün büdcədən gündə 8 manat yemək pulu ayrılır. Ölkə üzrə, təqribən, bir gündə 250 min manat! Bu məbləğin gündə neçə manatının dustağa yetişdiyini kimsə hesablaya bilməz. Bu qədər dustaq 17 cəzaçəkmə müəssisəsi (“zon” adlanır) və 16 məntəqə tipli cəzaçəkmə müəssisəsində (“komendatura”) bölüşdürülür. Həbsxana rəislərini Sovet dövründəki raykom katiblərinə bənzətsək, Mədət Quliyevi o zamanların birinci katibi ilə eyniləşdirmək olar, əlbəttə. Təbii, bu çox böyük təsərrüfatı idarə etmək ciddi zəhm -zabitə və plastik idarəçilik keyfiyyətləri tələb olunur. Axı, oradakıların heç də hamısı günahsız deyil. Orada cinayətkar aləmin adlı-sanlı insanları, adı-sanı bəlli olmayan minlərlə naməlum qəhrəmanları var ki, bu cür adamlarla daimi təmasda olmaq xüsusi keyfiyyətlər tələb edir. Azərbaycan şəraitində bu “xüsusi keyfiyyət” yalnız Nizamnaməyə sədaqət prinsipləri demək deyil. Hətta orduda belə Nizamnamədən kənar münasibətlərin doğurduğu anlaşılmazlıqlar nəticəsində böyük ölüm və intihar cəhdləri statistikası yaranırsa, həbsxanaları bununla müqayisə etməyə dəyməz. Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin ediləndən sonra çoxlu adamları işdən çıxarıb və onların yerinə çoxlu yeni adamlar gətirib. Bu, normaldır, əlbəttə. Adam öz kadrları ilə işləmək istəyir. Özəlliklə də, həbsxana kimi sirrli bir yerdə. Orada hansı sirrlərin olduğunu çox az adam bilir. Məsələn, biri Işgəncələr əleyhinə Komitənin sədri Elçin Behbudov. Amma hətta Elçin Behbudov kimi prinsipal adam da oradan öyrənə bildiyi bütün sirrləri faş edə bilməz. Bunun müxtəlif səbəbləri var və bu səbəblər haqqında zaman-zaman söhbət açacağıq.
Bizdə olan məlumata görə, Mədət Quliyev Penitensiar Xidmətin rəisi vəzifəsinə təsdiq ediləndən sonra bu sistemdə 450 nəfərə qədər köhnəni yeniləyib. Balaca rəqəm deyil, əslində. Bəlkə də, bu adamların çoxu təqaüdə göndərilib, bəlkə də, yarıtmaz xidmətə görə sistemdən qovulub… Bunlar haqqında dəqiq statistikanı öyrənmək müşkül məsələdir, çünki az əvvəl qeyd etdiyimiz kimi, orası sirli bir yer. Məsələn, adamlar danışırlar ki, guya hər bir cəzaçəkmə müəssisəsində rəis vəzifəsindən tutmuş üzü aşağı, ta serjanta qədər bütün kadrların vəzifəyə təyin edilmə göstəriciləri var və bu göstəricilər “zon”a görə dəyişir. Amma bunu kimsə sübut edə biməz. Əslində, kimlərsə sübut edə bilər. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin həbsxanalar üzrə kuratorları fəaliyyət göstərir. Amma onlar bunu etmək istəyərlərmi? Qapalı yer, qapalı yerdir, vəssəlam.
Bütün tərəflərdən qapalıdır. Bu sistemlə bağlı çox maraqlı “qısa qapanma” nöqtələri də var. Məsələn, hörmətli Mədət Quliyevin müavinlərindən biri cənab Imran Tağızadədir. Imran müəllimin qudası Səbail rayonunun keçmiş icra başçısı Tələt müəllim Prezident Admistrasiyasında məsul vəzifələrdən birində çalışır. Biz buna proteksiya faktı kimi yanaşmırıq, sadəcə olaraq, qeyd etmək istəyirik ki, Penitensiar Xidmətdə nələrin baş verdiyinə ciddi və hərtərəfli nəzarət imkanları var. Amma hesab etsək ki, bu nəzarət azdır və oraya həm də, ictimai nəzarət lazımdır bu rubrikada dərc edilən yazıların yalnız maraqla oxunacağın yox, həm də kollektiv şəkildə yazılacağına inanırıq. Yəni oxucular bu rubrikanı öz təəssüratları və əlavə edəcəkləri informasiyalarla zənginləşdirəcəklər…

 

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=5688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728