Səhiyyə Nazirliyində kompromat davası…
Və ya nazirliyə ünvanlanan “saxtakarı himayə etmə” ittihamı nədən qaynaqlanır?

Səhiyyə Nazirliyinin rəsmi “facebook” səhifəsində maraqlı bir məlumatla rastlaşmışıq. Naməlum bir vətəndaş orada nazir Oqtay Şirəliyevə sual ünvanlayıb. O yazır: “Hazırda Bakı şəhəri Təcili Tibbi Yardımın 19 saylı stansiyasının müdiri olan Qurbanova Arzu Müslüm qızı 2005-ci ildə 4 saylı köməkçi stansiyadan “saxta sənəd düzəltmə” ittihamı ilə işdən azad olunub.
Bir ilə yaxın işsiz qalıb və hazırda Bakı Səhiyyə Idarəsində işləyən Nağıyev Rauf Həsən oğlunun yaxından köməyi sayəsində 19 saylı Təcili Tibbi Yardım stansiyasına müdir vəzifəsinə keçirilib. Sadəcə, bilmək istərdim ki, saxta sənəd düzəltməyə görə işdən çıxarılan bir şəxsin vəzifədə işləmək haqqı varmı?”
Sual, göründüyü kimi, kifayət qədər ciddi məsələni əhatə edib. Çox qəribədir ki, fevralın 19-da açıq formada verilən bu sual nə yalan kimi təkzib olunub, nə də başqa bir fikirlə cavablandırılıb. Nəzərə alaq ki, nazirliyin “facebook” səhifəsi operativdir, yəni, hər gün o səhifəyə hansısa məlumatlar yerləşdirilir. Bu baxımdan, yazılan sualın diqqətdən kənar saxlanmasının özü də sual doğurur. Əldə etdiyimiz məlumata görə, əslində, bu şikayət elə nazirliyin daxilində təşkil olunub. Məqsəd Bakı Səhiyyə Idarəsində işləyən Rauf Nağıyevi zərbə altında qoymaqdır.
Biz məsələni aydınlaşdırmaq üçün 19 saylı stansiya ilə əlaqə saxladıq. Bəlli oldu ki, Arzu Qurbanova həqiqətən həmin qurumun müdiridir. Lakin bizə bildirildi ki, o, iş yerində yoxdur. Bu səbəbdən onun özü ilə danışa bilmədik. Növbəti saylarımızda adıçəkilən şəxslərin də məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışacağıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=5689