Mahir Aslanov maxinasiyalarda ittiham olunur
07.04.2014 - 15:09
Mahir Aslanov maxinasiyalarda ittiham olunur

Milli Məclisdə nadir hallarda, bəzən isə heç bir zaman səsi çıxmayan deputatlardan olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovla bağlı maraqlı məlumatlar üzə çıxıb. TİA.AZ-a verilən məlumata görə, böyük biznes şəbəkəsinə malik olan deputatın nəzarətində olan əsas sahələr otelçilik və mebel istehsalıdır.
Amma Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən “Happy İnn Hotel” sayılır. Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir.
TİA.AZ-a məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz “Happy İnn Hotel”inə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla “Happy İnn Hotel”ində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.
Təbii ki, bu anlaşma əsasında tərəflərin hər ikisi qazanc əldə edirlər. Belə ki, xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəqdləşdirərək əldə olan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı “dostlarına” geri qaytarır.
Qeyd edək ki, “Kəpəz Holdinq”ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Şirkətlər Qrupunun əsas gəlir sahəsi “Kəpəz” Mebel Salonudur. Bu salon da İnqilab küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Deputatın nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir.
Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir.
Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=5701