Rusiya Ukraynada Qərbə "ikinci cəbhə" açdı

07.04.2014 - 17:42

Rusiya Ukraynada Qərbə “ikinci cəbhə” açdı

Kreml Şərqi Ukraynanın qoparılmasına nəhayət, “dobro” verdi; Yanukoviçin Donetskdə peyda olması Moskvanın hədəfinin ciddiliyini göstərir; Putinin şər imperiyasını bərpa eləmək planları ən qorxulu mərhələdə…
Rusiya Krımın ilhaqından sonra Şərqi Ukraynanı qarışdırmaq, daha doğrusu, bölgəni Kiyev hakimiyyətinin nəzarətindən tam qoparmaq kursu yeni fazaya adlayıb. Son günlər Ukraynadan gələn həyəcanlı xəbərlər Moskvanın ona qarşı uzunmüddətli iqtisadi savaşa hazırlaşan Qərblə qarşıdurmada “Ən yaxşı müdafiə hücumdur” klassik üslubunu seçdiyinə şübhə yeri saxlamır.
Təbii, Moskva strateqləri anlayır ki, Qərblə yeni iqtisadi rəqabətdə gec-tez məğlub olacaq, çünki getdikcə labüd olaraq sərtləşəcək sanksiyalara qarşı Rusiyanın kontur-resursları, qələbə üçün zəruri iqtisadi-maliyyə imkanları və göstəriciləri yoxdur. Rusiyanın rəqib dünya güclərinə qarşı əsas silahı hərbi güc, nüvə amili, bir də əlbəttə ki, separatçılığa dövlət səviyyəsində dəstək verilməsidir – hansıları ki, atom silahı istisna olmaqla bütünlüklə işə salıb. 
Deyilə bilər ki, Rusiya hələ Ukraynaya hərbi müdaxilə eləməyib. Doğrudur, ancaq Ukrayna ilə sərhədi boyu 30 minlik ordu yığıb. Bunun özü hərbi müdaxilə olmasa da, hərbi güclə hədələməkdir. Bir ara Moskvadan bu qüvvələri geri çəkmək haqda açıqlamalar gəlsə də, ABŞ kəşfiyyatı bunun yalan olduğunu tezliklə üzə çıxarmışdı. 
Bundan sonra Avropa Birliyinin Rusiyaya ən loyal olan üzvü – Almaniyanın kansleri Angel Merkel Kremlə xəbərdarlıq elədi ki, əgər Moskva Ukraynaya müdaxiləni davam etdirsə, Berlin Rusiyaya qarşı yeni iqtisadi sanksiyalara qərar verəcək – baxmayaraq ki, Rusiya qazından ən çox asılı olan Avropa ölkəsi məhz Almaniyadır.                   
Belə görünür, bu cür xəbərdarlıqlar Putinin vecinə deyil. Başlıca səbəb də iqtisadi xarakterli amillərin hərbi-siyasi amillərdən fərqli olaraq zaman etibarilə gec təsir eləməsi ilə bağlıdır. Kreml başbilənləri, Putini  tələyə salan da yəqin ki, elə bu olacaq. 
Yəni Krımı özünə birləşdirmək, Şərqi Ukraynanı qoparmaq asandır, amma bu avantüraların arxasında durmaq, sabah beynəlxalq təcridin altını çəkəcək böyük bir regionun əhalisinin həyatına və yaşamına, Rusiyanın labüd çöküşlə üzləşəcək iqtisadiyyatına cavabdehlik daşımaq isə – olduqca çətin.              
 
Əfsuslar olsun ki, rəsmi Moskva  proseslərin bu tərəfi indi çox az maraqlandırır, yaxud heç maraqlandırmır. İndi ondan ötrü ən yaxın hədəf dünyanın qınağına tuş gəldiyi Krımın ilhaqını qismən arxa plana keçirmək, diqqəti bu problemdən yayındırmaq, Qərbi fakt qarşısında qoymaq, ardınca da onunla mümkün siyasi bazarlığa nail olmaqdır. 
Putin yaxşı bilir ki, əgər muxtariyyət statusu olan Krımı Rusiyaya birləşdirmək bu boyda başağrısı yaratdısa, unitar quruluşlu Ukraynanın başqa bölgələrində “ağ kağız” üzərində yeni “respublikalar” yaratmaq ümumiyyətlə, dünyanın, Qərbin səbir kasasını doldura bilər. 
Amma Rusiya Rusiya olmazdı əgər proqnoza yatmayan, məntiqsiz addımlar atmasaydı. Budur, artıq Kremlin “dobrosu” ilə Donetsk vilayət şurası “Donetsk Xalq Respublikası”nın yaradılmasını elan edib. Məlumatlara görə, müvafiq qərar Donetsk Vilayət Şurasının növbədənkənar toplantısında qəbul olunub. Şura “Donetsk Xalq Respublikası”nın dövlət müstəqilliyi haqda bəyanat qəbul ediblər. Hələ harasıdır, toplantıda yeni yaradılmış qondarma respublikanın Rusiya Federasiyasına qəbulu haqda qərar verilib.
 
Bu, artıq Rusiyanın Ukraynada Qərbə “ikinci cəbhə” açması, ABŞ, Avropa Birliyi, NATO qarşısına nümayişkaranə şəkildə əlcək atmasıdır. Ukraynanın devrilmiş rusiyapərəst prezidenti, haqqında cinayət işi qaldırılmış və axtarış elan edilmiş Viktor Yanukoviçin qəfildən Donetskdə peyda olması barədə gələn xəbərlər bu qənaəti xeyli gücləndirir. 
Moskva bununla Ukraynada vüsət alan separatçılığı ölkənin “daxili işi” kimi qələmə verməyə çalışsa da, dünya birliyi söhbətin nədən getdiyini təbii ki, yaxşı bilir. Təsadüfi deyil ki, hələ Krım böhranı təzə-təzə yarananda Moskvanın danışan dillərindən olan Vladimir Jirinovski, eləcə də Kremlə yaxın KİV-lər açıq şəkildə Ukraynanın üç yerə bölünməsi, paytaxtı Donetsk olacaq müstəqil Şərqi Ukraynaya isə Yanukoviçin prezident gətiriləcəyi ilə bağlı planları dövriyyəyə buraxmışdılar. 
Artıq Yanukoviç lazım olduğu yerə göndərilib. Qısası, Moskva sözdən işə keçib. Qalır, təkcə Ukraynaya deyil, bütövlükdə dünyaya meydan oxuyan, şər imperiyasını bərpa eləməkdə israrlı görünən Putin Rusiyasına Qərbin verəcəyi reaksiya…  (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=5706

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728