Xanlar Vəliyevin müşavirinə 12 min manatlıq rüşvət ittihamı
Hərbi Prokurorun müşaviri, qurumun kriminalistika şöbəsinin sabiq rəisi rüşvət almaqda ittiham olunur.
“Azadlıq” radiosunun məlumatına görə, Yevlax rayon sakini Nasir Vəlipur Elman Nemətova 12 min manat rüşvət verdiyini iddia edir.
“12 min manatı bacımın həyətində vermişəm”
3 il əvvəl hərbçi oğlu Əlibaba Vəlipur narkotik maddə alverində ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. O zaman Elman Nemətov Əlibaba Vəlipurun işi üzrə yaradılmış istintaq qrupunun rəhbəri olub. Hal-hazırda hərbi prokuror Xanlar Vəliyevin müşaviridir.
Nasir Vəlipur deyir ki, Elman Nemətova oğlunun xilası üçün rüşvət verdiyini bütün məhkəmə proseslərində bəyan etsə də, iddia araşdırılmayıb: “Yaşadığım kənddə, bacımın həyətində vermişəm rüşvəti. Özü gəlib kəndə. Onun maddi marağı nə idi ki, özü kəndə gəlirdi? 60 dəfə Hərbi Prokurorluğa yazmışam. Hərbi prokurorun müşaviridir, buna kim baxacaq? 3 il qabaq vermişəm rüşvəti ki, uşağımı buraxsınlar. Razıyam ki, məni də bassınlar içəri, ancaq uşağımın günahı yoxdur axı”.
İş Hərbi Məhkəməyə verilib
Nasir Vəlipurun vəkili Yalçın İmanovun sözlərinə görə, Hərbi Prokurorluğun Təşkilat-analitik şöbəsi verdikləri şikayətin rədd olunması barədə qərar qəbul edib:
“Həmin qərarı əldə edəndən sonra yuxarı prokurora- Xanlar Vəliyevə müraciət edib cinayət işinin başlanmasını istədik. Ancaq bu şikayətə heç bir cavab gəlmədi. Bu səbəbdən məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət etdik”.
Nəsimi məhkəməsində proses martın sonunda hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutub. Hərbi Prokurorluğun əməkdaşı vəsatət verib ki, işə ümumi deyil, Hərbi Məhkəmədə baxılmalıdır. İddia tərəfi etiraz edib, səbəb kimi Hərbi Məhkəmənin Hərbi Prokurorluqdan asılılığını, işə obyektiv baxılacağının şübhə doğurduğunu bildirib. Ancaq vəsatət təmin olunmayıb və iş baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Hələlik prosesin vaxtı bəlli deyil.
Müraciətlərə baxilması
Hərbi Prokurorluq öncə bu iddiaları “əsassız” adlandırsa və məhkəmənin qərarını gözləməyi məsləhət görsə də, sonra “AzadlıqQ radiosunun telefon zəngləri cavablandırılmayıb.
Vəkil Yalçın İmanov bir məqamı da vurğulayır ki, ölkə prezidentinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Baş Prokuror Zakir Qaralova şikayət göndərilsə də, bütün şikayətlər aidiyyəti üzrə şikayət olunan orqana, yəni Hərbi Prokurorluğa yönəldilib. Vəkil bunu qanunsuz sayır:
“Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda göstərilir ki, bir orqanın hərəkətindən şikayət edirsənsə, şikayət həmin orqana göndərilə bilməz. Bu halda şikayətə obyektiv baxılacağı qeyri-mümkün işə çevrilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5712