Gülən məktəbləri Əliyevin başağrısına çevrilib
“Türkiyə rəsmiləri xarici ölkələrdə Gülənə bağlı məktəblərin qapadılması, ya da fəaliyyətini məhdudlaşdırması ilə bağlı təlimat verib”
“Məktəblərin ucdantutma qapadılması bizə yaxşı heç nə vəd etmir”
Azərbaycanda “nurçular”a məxsus təhsil müəssisələrinin bağlanması, yaxud ARDNŞ-nin nəzarətinə verilməsi hakimiyyətin bu məsələdə Türkiyə hökumətinin tələbini yerinə yetirməsindən xəbər verir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda “nurçu” məktəbləri geniş şəbəkədir və ölkənin regionlarını da əhatə edib. Ancaq Türkiyədə baş nazir Ərdoğanın “Gülən hərəkatı” ilə qarşıdurmasının şiddətlənməsi hökumətin bu məktəblərə qarşı daha sərt mövqe tutmasına gətirib çıxarıb. Artıq məktəblərin tam qapadılması məsələsi gündəmdədir. Belə olan halda rəsmi Ankaranın Azərbaycandan da eyni addımları atmağı tələb edəcəyi gözlənilir. Bu arada isə Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini, vaxtilə Türkiyənin Azərbaycanda səfiri olmuş Faruk Loğoğlu baş nazir Ərdoğanın xarici ölkələrdəki türk məktəblərinin bağlanması üçün göstərdiyi fəaliyyətə sərt münasibət bildirib. O deyib ki, xaricdə türklərə məxsus məktəblərin bağlanıb-bağlanmayacağı həmin ölkələrin bilavasitə öz qərarlarıdır. Azərbaycan da onların bağlanması barəsində belə bir qərarı özü qəbul edəcək.
Türkiyə müxalifət partiyası təmsilçisinin belə bir açıqlaması rəsmi Bakını da çətin duruma sala bilər. Çünki indiyə qədər Azərbaycana münasibətdə Türkiyə iqtidarı və müxalifətinin mövqeyi eyni olub. Ölkədə baş verən neqativ hadisələrə Türkiyə müxalifəti də kəskin reaksiya verməyib. Belə olan halda Azərbaycan hakimiyyəti çətin duruma düşə bilər.
Belə bir durumda hakimiyyətin “nurçu” məktəbləri ilə bağlı yekun qərarı nə olacaq?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş nazir Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun xarici ölkələrdə Gülənə bağlı məktəblərin qapadılması, ya da fəaliyyətini məhdudlaşdırması ilə bağlı təlimat verdiklərini deyir. Lakin bunun hansı formada həyaat keçiriləcəyi məlum deyil. Çünki “Gülən hərəkatı” bu məktəbləri öz pulları ilə açıbsa, Türkiyədə hökumət bu məktəbləri qapada bilər. Xaricdə bu məktəblərin necə qapadılacağı müəmmalı olaraq qalır.
Ekspert təcrübəli diplomat olan CHP sədri müavininin Azərbaycanda məktəblərin qapadılması ilə bağlı dediklərini normal hesab edir. “Gülən hərəkatı” ilə ittifaqa girən müxalifət partiyası nümayəndəsinin bu məsələdə Ərdoğanı və digər ölkələrdə “nurçu” məktəblərinin bağlanmasını tənqid etməsi anlaşılandır.
Ekspertin sözlərinə görə, Azərbaycanda “nurçu” məktəblərinin fəaliyyətinin araşdırılmasına ehtiyac var: “Əgər qara işləri varsa, yığılan pulların hara getdiyi bilinmirsə, bunun araşdırılmasına ehtiyac var. Azərbaycan parlamenti komissiya formalaşdırsın, bu məsələ ilə ciddi məşğul olsun. Bəzən minnət qoyurlar ki, biz burda təhsil veririk, insanları maarifləndiririk. Axı bu təhsil pulsuz deyil. Kasıb təbəqənin övladları o məktəblərdə oxuya bilməz. İllik 7-7,5 min manat pul ödəyirlər. Bu pullar hara gedir, necə xərclənir, bunun hesabatı verilməlidir. Amma qapadılmağa qalsa, sərt qərarların verilməsinin əleyhinəyəm. Məktəblərin ucdantutma qapadılması bizə yaxşı heç nə vəd etmir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5719