Deputatın təhqir dolu məktubu nəyə hesablanıb?
“Azərbaycan hökuməti ABŞ-la münasibətlərinin gərgin olmasını Rusiyaya sübut etmək istəyir”
“Azərbaycan hökuməti ABŞ-la münasibətlərinin gərgin olmasını Rusiyaya sübut etmək istəyir”
Bu ilk baxışdan təqdirəlayiq haldır. Lakin nəzərə almaq lazımdır ki, məktub eyni zamanda Qərbin Ukraynada baş verənlərə görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək niyyəti ilə eyni dövrə təsadüf etdi. Onu da qeyd etmək lazımdır ki, bu sanksiyalara Avropanı Rusiyanın enerji asılılığından azaldılması da daxildir. Eyni zamanda Qərb təmsilçiləri bu məsələdə Rusiyaya alternativ kimi Azərbaycan və Türkmənistanı da gördüklərini dilə gətiriblər. BMT-də Rusiyanın əleyhinə səs verən Azərbaycanın şimal qonşuya qarşı sanksiyalarda Qərbə yardımçı rolunda çıxış etməsi Moskvanı hiddətləndirə bilər. Görünür, bu qəzəbi yumşaltmaq üçün hakimiyyət ABŞ-ı ənənəvi olaraq Qarabağ məsələsinə laqeyd münasibətdə günahlandırır və Qərbin oyununa yalnız müəyyən şərt daxilində qoşulacağını demək istəyir.
Azərbaycanda hakimiyyətə yaxın şəslərin müstəqil şəkildə fikir bildirməmələri və birbaşa rəsmi Bakının mövqeyini dilə gətirmələri onu deməyə əsas verir ki, bu məktub da birbaşa hakimiyyətin mövqeyini ifadə edir. Belə olan halda həssas məqamda ABŞ-a qarşı sərt ton nəyə işarədir?
Ekspertlər Azərbaycan hakimiyyətinin uzun illər ərzində Qərblə münasibətlərdə iqtisadi əməkdaşlıq prinsipinə üstünlük verdiyini deyir. Sadə bir sxem üzrə hərəkət etmək variantı göz önündədir. Yəni biz sizə neft və qaz satmaqla işimizi bitmiş hesab etmək istəyirik. Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını rəsmi Bakı siyasi kurs kimi müəyyənləşdirməyib. Elxan Süleymanovun məktubu Azərbaycan hakimiyyətinin niyyətlərini açıq-aşkar ortaya qoydu.
Ekspertlərə görə, Kerrinin Bakıya gözlənilən səfəri ərəfəsində hakimiyyət ABŞ-a kifayət qədər sərt mesaj göndərib və bununla növbəti dəfə Qarabağ məsələsi ilə manipulyasiyanın şahidi olduq. Bütün Azərbaycan vətəndaşları, eləcə də hakimiyyət Qərbdən Dağlıq Qarabağ məsələsində birmənalı mövqe tələb etməkdə haqlıdır. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti özü Dağlıq Qarabağ məsələsinə ikili standartla yanaşır. Hakimiyyət guya Qarabağ məsələsinin həllində maraqlıdır. Başqalarından birmənalı mövqe tələb edir. Bu məsələ ilə bağlı hakimiyyətin özünün heç də birmənalı mövqeyi yoxdur. İşğal olunmuş torpaqlarla bağlı problemləri həll etmək istəyən hökumət Qərbin gerçək dəstəyini istəyirsə, bu halda Qərblə ən müxtəlif sahələrdə ciddi əməkdaşlıq qurmalıdır. Qərbin insan hüquq və azadlıqları ilə bağlı Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə bu hökumətin açıq-aşkar sayğısızlıq göstərməsi Qarabağ probleminin həllinə kifayət qədər ciddi problem yaradan amillərdən biridir. Avropa Birliyi və NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, hökumət bu təşkilatlarla heç bir əməkdaşlıq niyyətində olmadığını dəfələrlə sübut edib. Məktubun məhz indiki mürəkkəb beynəlxalq vəziyyətdə yazılmasının motivlərindən biri də Azərbaycan hökuməti ilə ABŞ arasında gərgin münasibətlərin olmasını Rusiyaya sübut etməkdir.
Ekspertlər hesab edir ki, BMT-dəki səsvermədə Rusiya əleyhinə çıxış edən Azərbaycan hökuməti ölkəmizlə ABŞ arasında münasibətlərin ilk növbədə Dağlıq Qarabağ məsələsinə görə həlli çətin problemə çevrildiyini göstərmək istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5720