Hökumət mediası Ərdoğanı niyə vurdu?
08.04.2014 - 10:02

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri geniş müzakirə olundu. Belə məlum oldu ki, səfərin əsas məqsədi Azərbaycandakı “Gülən şəbəkəsi” ilə bağlıdır. Eyni zamanda hökumət KIV-ləri də bəyan etdilər ki, Ərdoğan Ilham Əliyevə Azərbaycandakı “nurçular”ın siyahısını verib.
Ancaq Ərdoğanın Bakı səfərində diqqət çəkən digər maraqlı məqamlar da oldu. Bu maraqlı məqam isə, hökumət mediasının Ərdoğanı hədəf alması idi. Əvvəlcə hökumət saytlarında türkiyəli general Vəli Küçükün müsahibəsi çap olundu. Bu müsahibədə konkret ad çəkilməsə də, Ərdoğan hökuməti sərt tənqid olundu. Səfərin yekununları ilə bağlı keçirilən mətbuat konfransında isə ITV-nin müxbiri Ərdoğana sual verərkən “Cənab baş nazir, sizin rəhbərlik etdiyiniz AKP-nin nurçulara yaxın olduğu deyilir” ifadəsini işlətdi.
Sadaladığımız hər iki faktın təsadüf olduğunu söyləmək, sadəlövhlük olardı. Heç kimə sirr deyil ki, ölkə televiziyaları hakimiyyətin nəzarəti altındadı və hansısa bir jurnalistin Ərdoğana belə bir sual ünvanlaması əvvəlcədən razılaşdırılmamış deyildi. Yaxud səfər öncəsi hökumətə yaxınlığı ilə seçilən saytın, Ərdoğanı kəskin tənqid edən müsahibə dərc etməsi, özfəaliyyət ola bilməz. Bəs, hökumət mediasında Ərdoğanın “vurulma”sı nə ilə bağlıdır?
Fuad Qəhrəmanlı: “Hökumətin bu addımı Ərdoğanın arqumentlərini zəiflətmək və tənqidləri neytrallaşdırmaq məqsədi güdür”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, baş verənlər hakimiyyətin ssenarisinə uyğun təşkil olunub və Ərdoğanın arqumentlərini zəiflətmək məqsədi güdür: “Təbii ki, ITV-nin əməkdaşının Ərdoğana ünvanladığı sual şəxsi istəkdən doğmamışdı və bu sualın verilməsində hakimiyyətin öz məqsədi var idi. Hakimiyyət anlayırdı ki, Ərdoğan belə bir sual qarşısında inkarçı mövqe tutacaq və Türkiyədə hər hansı ayrımçılığın, qruplaşmanın olmadığını bildirəcək. Bu cavabdan istifadə edərək Azərbaycan tərəfi öz arqumentini gücləndirəcək və Azərbaycanda da hər hansı şəbəkənin olmadığını ifadə edəcək. Çünki hakimiyyət komandasında xeyli iri ranqlı məmurun “nurçu”luqda adı hallanır və hakimiyyət bu adamları “vurmaq”da maraqlı deyil. Elnur Aslanovla bağlı müşahidə olunan vəziyyət də bunu bir daha sübut edir. Yəni hökumət onu diqqətə çatdırmaq istəyir ki, Ərdoğanın komandasında belə bir şəbəkə yoxdursa, Ilham Əliyevin komandasında da yoxdur. Və Azərbaycandan bunu tələb etmək düzgün deyil”.
Ekspert onu da əlavə etdi ki, Vəli Küçükün tənqidi fikirlərinin dərc olunması da əks-hücum taktikasıdır: “Bununla o mesajı vermək istəyirlər ki, Türkiyənin hansısa mətbuat orqanlarında Ilham Əliyev və komandası haqqında tənqidi yazılar yazıldığı kimi, Azərbaycan mətbuatında da Türkiyə hökuməti haqqında ifşaedici materiallar dərc oluna bilər. Hakimiyyət Ərdoğan hökumətindən narazı qaldığı məqamları bu formada ifadə edir və bu, əks-təbliğat gedişidir. Yəni qarşı tərəfin tənqidlərini neytrallaşdırmaq cəhdidir”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5728