Con Kerrinin səfəri niyə baş tutmadı?
08.04.2014 - 10:12
Con Kerrinin səfəri niyə baş tutmadı?

ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana səfər edəcəyi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmadı.
Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin yaydığı açıqlamasında bildirilir ki, “cənab Kerri Azərbaycana səfər edəcək. Amma yaxın bir neçə həftə ərzində bu səfər gözlənilmir”.
907-ci düzəliş kimi ermənipərəst bir sənədin müəllifi olan C. Kerrinin Bakıya səfəri bir çox qaranlıq mətləblərə aydınlıq gətirə bilərdi. Bir qayda olaraq regionda ABŞ üçün ciddi əhəmiyyət kəsb edən proseslər cərəyan edəndə dövlət katibinin səfəri gerçəkləşir.
Hazırda Azərbaycanla bağlı super güclərdə bir narahatlıq mövcuddur. Putinin imperiyanı bərpa çağırışlarına Azərbaycandan da xoş mesajlar verilməyə başladı. Bu proseslər ABŞ-ın diqqətindən kənarda qala bilməzdi. Dövlət katibinin şəxsən Azərbaycana gəlməsi xəbərlərinin yayılması isə Kremlin iddialarının daha ciddi xarakter almasından xəbər verə bilərdi. Kerrinin səfərinin əsas məqsədi Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq cəhdi kimi dəyərləndirilə bilərdi.
Ermənipərəst sənədin müəllifi kimi tanınmasına baxmayaraq, C.Kerri yaranmış mürəkkəb vəziyyətdə Türkiyəyə daha isti münasibət bəsləməyi təklif edir. Türkiyənin baş naziri R.T.Ərdoğanın Bakıya səfərindən dərhal sonra Kerrinin Azərbaycana gələcəyi barədə yayılan məlumatların mətbuata sızdırılması da təsadüfi hesab oluna bilməz.
Şübhəsiz ki, bu səfər çərçivəsində həm Dağlıq Qarabağ, həm də enerji təhlükəsizliyi məsələsi gündəmdə ola bilərdi. Bu isə Rusiyada açıq qıcıq doğura və Ermənistanla sərhəddə gərginliyi artıra bilərdi. Tovuzdan ermənilərin hücuma hazırlaşması da bir növ Kerrinin səfərinin qarşısının ruslar tərəfindən alınmasına yönəlmiş taktika kimi dəyərləndirilə bilər.
Ən maraqlısı odur ki, Kerri Cənubi Qafqaz uğrunda gedən savaşda Türkiyənin rolunun artmasını təklif edən bir diplomat kimi tanınır.
Məsələ ondadır ki, “Şahdəniz-2” layihəsi ötən ilin dekabr ayında imzalansa da, qazın tezliklə nəqlindən söhbət gedə bilməz. Məlumdur ki, ilk qazın çıxarılması 2018-ci ilə, Türkiyə üzərindən nəqli isə 2019-cu ilə planlaşdırılır. Vurğulanır ki, belə olan təqdirdə Avropanı yenə də “soyuq qış” gözləyir.
Göründüyü kimi, Kerri öz dövlətinin Azərbaycanda möhkəmləndirilməsi üçün Türkiyəni əsas oyunçu hesab edir. Elə buna görə də istisna edilmirdi ki, Kerrinin Bakıya səfəri zamanı Azərbaycan və Türkiyənin hərbi alyans yaratması məsələsinə də toxunula bilərdi. Xəbər verdiyimiz kimi, Bakı və Ankara yeni hərbi razılaşma imzalamağa hazırlaşır.
Türkiyənin diplomatik mənbələri qeyd edir ki, bu razılaşma ölkələrin xarici aqressiya baş verəcəyi təqdirdə üzərilərinə düşəcək öhdəliyi müəyyən edəcək. Bəzi mətbu orqanlar iddia edir ki, NATO əvvəllər Türkiyəni bu razılaşmanı imzalamamaq üçün dilə tuturdu. Lakin indi Ukraynada baş verən proseslərdən sonra alyans bu razılaşmanın imzalanmasına yaşıl işıq yandırıb.
Kerrinin Bakı və Tiflisə səfəri Vaşinqtonun Cənubi Qafqazın iki mühüm oyunçusunu dəstəklədiyini nümayiş etdirmək xarakteri də daşıya bilərdi.
Kənardan görünən budur ki, Kerrinin səfəri Rusiyanın təzyiqləri nəticəsində təxirə salınıb.
Lakin Bakı açıq seçim etmək zorundadır. Rusiyanın Krımı işğalı sübuta yetirdi ki, Moskva ilə yaxınlıq təhlükəlidir. Bu ölkə işğalçı siyasəti ilə imperiyanı bərpa etmək istəyir. Odur ki, Bakı seçimini edərkən bütün bunları nəzərə almalıdır…(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5730