Fətullah Gülən Azərbaycanda necə təmsil olunur?

08.04.2014 - 10:38

Fətullah Gülən Azərbaycanda necə təmsil olunur?

Fuad Əliyev (Azərbaycan Diplomatiya Akademiyasının professoru)
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra həm yerli mənşəli, həm də kənar təsirlər altında formalaşan Islam dirçəlişini yaşamaqdadır. Bu iki cərəyanın (yerli və xarici) qovuşması əhalisi böyük əksəriyyət etibarilə şiə müsəlmanlardan ibarət olan ölkədə milli mənəviyyatın daha çox Islamlaşmasının əsasını qoyub. Şiə və sünni ilahiyyatçıları, eləcə də sünniliyin Azərbaycan üçün xarakterik olan Şafii, Ərəb dünyasından idxal edilən Həmbəli (sələfi) və Türkiyə axını olan Hənəfi cərəyanları arasında rəqabət genişlənməkdədir.
Sünni cərəyanına mənsub olan hərəkatlar arasında ən nüfuzlusu “Gülən hərəkatı” və ya “Hizmət hərəkatı” adı ilə tanınan, Türkiyə mənşəli “Nurçular” hesab edilir. Bu hərəkat öz adını Türkiyəli müsəlman ilahiyyatçı Fətullah Güləndən alır, Anadoludan Mərkəzi Asiyaya qədər uzanan bir ərazini əhatə edən Türk dünyasında mükəmməl resurslara güvənərək qurulan əla təhsil şəbəkəsinə, beynəlxalq səviyyədə keyfiyyətli fəallığa malik olan konfessiyadır.
Gülən hərəkatının özü üçün müəyyənləşdirdiyi çərçivə
Azərbaycanda Gülən hərəkatı, əhalinin müxtəlif təbəqələri, amma böyük üstünlüklə şəhər əhalisi arasında kontaktların qurulması ilə formalaşdırılıb. Başqa Islam hərəkatlarından fərqli olaraq, Gülən hərəkatı öz dini təlimlərini birbaşa prozelitizmlə (dəvət) deyil, özünün dünyəvi təhsil müəssisələri, sosial media və biznes-assosiasiyaları vasitəsilə yayır. Bundan əlavə, bu hərəkat post-sovet Azərbaycanında, məsələn, dinin yeri və mövqeyi kimi qızğın mübahisələrdə iştirak etmir. Həm də, bunu o fonda edirlər ki, Azərbaycandakı az qala bütün ateistlər, islamçı fəallar və liberal hüquq müdafiəçiləri Islam hüququnun ən həssas mövzuları ilə, məsələn, hicab bağlı müzakirələrdən dividend götürməyə cəhd edirlər. Gülən hərəkatı Azərbaycanda bu cür müzakirələrdə iştirak etmir.
Hizmet hərəkatının bu kvietizmi (kvietizm – passivlik, müqavimətsiz həyat nəzəriyyəsi anlamındadır) və zahirən sekulyarlığa daha çox bənzəməsi ucbatından, dindar müsəlmanların qarşılaşdırdıqları problemlərə biganəliyi səbəbindən onu bir Islam təlimi olmaq iddiasına görə tənqid edənlər, hətta “bidət” adlandıranlar da çoxdur. Amma prinsipcə, Azərbaycanda həm ateistlər, həm də şiələr Gülənçiləri ölkənin ruhuna yad, siyasi-sünnilik ideologiyasının Azərbaycandakı şiəliyi sıxışdırmaq üçün fəallaşdırılan Türkiyə siyasi agenturası kimi qiymətləndirməkdədir. Bu və digər səbəblərdən Azərbaycanda Gülən hərəkatına və onun məqsədlərinə həmişə ciddi şübhələrlə yanaşıblar.
Azərbaycanda Gülən hərəkatı ilə başqa dini cərəyanların məqsədləri arasında ciddi fərqlər varmı? Bu hərəkatın aktual məramları nədir, onları Türkiyədəki və dünyanın başqa yerlərindəki Nurçular Evləri ilə nələr bağlayır? Bu hərəkat öz fəallığı ilə dünyəvi Azərbaycan cəmiyyətinə inteqrasiya edəcək, yoxsa onun cəmiyyətin simasını dəyişmək iddiasına hesablanan hansısa başqa, daha örtülü məqsədləri var?
Gülən hərəkatı necə yaranıb?
Gülən hərəkatı və ya Hizmet hərəkatı müsəlman ilahiyyatçı Fətullah Gülənin mürşidliyini qəbul edən transnasional şəbəkələrin və ya ayrı-ayrı adamların birliyidir. Gülənin özü isə müasir Türkiyədə mühüm ictimai fiqur hesab edilən, post-Osmanlı dönəmində, 1920-ci illərdə dini dirçəliş qayəli Nurçular hərəkatının əsasını qoyan Səid Nursinin (1878-1960) davamçısı sayılır. Doğrudur, Səid Nursi heç zaman siyasi proseslərdə birbaşa iştirak etməyib, amma o, olduqca nüfuzlu bir din xadimi idi. Mustafa Kamal Atatürkün qatı əleyhdarı olan Nursi 1935-cü ildə dövlətin düşməni elan edilib və bundan sonrakı 11 ili həbsxanada keçirib. Şübhəsiz, o zamanlar Səid Nursi Türkiyə hökuməti üçün təhlükəli insan hesab edilirdi. Belə düşünürdülər ki, o, özünün yarımməxfi şəbəkəsi vasitəsilə ölkədə rəhbərliyi ələ keçirmək istəyir. Nursinin “Nur tələbələri” və ya “işığın davamçıları” adlandırılan, müəyyən dövr ərzində sadəcə olaraq, Nurçu hərəkat kimi tanınan ardıcılları tipik sufi ordenlərində mövcud olan qaydalar əsasında birləşib iyerarxik bir təşkilat qurmuşdular.
Nursinin təlimləri onun “Risaleyi Nur” adlandırılan kitabında toplanıb. Nursinin ölümündən sonra onun tələbələri Türkiyənin müxtəlif şəhərlərində kurslar təşkil edərək onun fəlsəfi görüşlərini yayırdılar. Çox keçmədən onun tələbələri arasında parçalanmalar başlandı və Husrev Altınbaşak, Mehmet Kayalar, Hülusi Yahyagil, Zübeyr Gündüzalp, Mustafa Sunqura və Mehmet Kürdoğlu kimi müəllimlərin cərəyanları yarandı. Bu cərəyanlar zaman-zaman aradan çıxmağa başlamışdı. 1950-ci ildə Türkiyə Böyük Millət Məclisi Səid Nursinin ədəbi irsinin reabilitasiyası haqqında qərar çıxardı. Bununla da Səid Nursinin əsərləri leqallaşdı, onların yayılmasında və tərcüməsində problemlər aradan qalxdı. Amma buna baxmayaraq, Nursi hərəkatına şübhəli münasibət qalmaqda davam edirdi.
1970-ci ildə Izmirin xarizmatik imamı olan Gülən Hacı Əfəndi Nursi ideyalarının təliminə və Türkiyədə Islamın dirçəlişi çağırışlarına başladı. Ilk vaxtlar Gülən Zübeyr Gündüzalpın Yeni Asiya hərəkatını dəstəkləsə də, az sonra bu hərəkatı dini missionerlik üçün çox siyasi hesab edərək onunla əlaqələri kəsdi. Bundan sonra Gülənin özünün sadiq ardıcılları yarandı ki, onlarda Səid Nursinin və Fətullah Gülənin özünün risalələrini öyrənib təbliğ etməyə başladılar.
Türkiyə iqtisadiyyatının 30 faizinə Gülən hərəkatı nəzarət edir
70-ci illərdə Nurçular hərəkatının daha bir mükəmməl və geniş şəbəkəsi də vardı. Bu, Mustafa Sunqurun rəhbərliyi altında olan Nurçu camaatıdır. Amma ekspertlər belə hesab edirlər ki, Gülən hərəkatını başqa təriqətlərdən və camaatlardan bir neçə mühüm faktor ayırır. Bunlar, həddən artıq ciddi intizam, vertikal idarəçilik münasibətləri, kapitalizmə isti münasibət, hətta biznes strukturlarının mövcudluğu, daxili qaydaların məxfliyi, hərəkatın inkişafı üçün assosiasiyaların və medianın gücündən fəal şəkildə faydalanmaq prinsipləridir.
1970-lərdə bu şəbəkənin birdən-birə peyda olması dünyəvi Türkiyədə böyük şübhələr doğurmuşdu. Sonra Türkiyə hökuməti davamlı olaraq Fətullah Gülənin fəaliyyətini araşdırmağa və bu fəaliyyəti təqib etməyə başladı. Daha sonra isə Gülən ABŞ-a köçərək, orada yaşamağa qərar verdi. Amma onun hərəkatı Türkiyədə və onun xaricində bütün əzəməti ilə mövcudluğunu saxlamaqdadır. Özünün işgüzar əlaqələri vasitəsilə topladığı nəhəng kapitalla Hərəkat Türkiyədə və bütün dünyada sosial tədbirlər həyata keçirməkdədir.  Mətbuatda yayılmış təhlillərə əsasən, söyləmək olar ki, 1980-lərdən maliyyə imkanlarını artırmaqla məşğul olan Gülən hərəkatı indi Türkiyə iqtisadiyyatının 30 faizinə nəzarət etməkdədir və onun ümumi əməliyyat kapitalının həcmi 50 milyard dollardan artıqdır. Dünyanın 115 ölkəsində Gülən hərəkatının şəbəkəsinə daxil olan 500-dən artıq müəssisə, 6 universitet, 700-dən çox məktəb, 14 jurnal, ən çox oxunan “Zaman” qəzeti, qlobal “Saman Yolu” telekanalı və daha iki radiokanal mövcuddur. Türkiyədəki “Konsensus” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, hazırda Gülən hərəkatı Türkiyədə Ələvilərdən sonra ikinci böyük dini icmadır. Türkiyə Silahlı Qüvvətlərinin təqdimatına görə isə ölkədə Fətullah Gülənin ardıcıllarının sayı 4 milyon nəfərdən artıqdır.
P.S. Bu araşdırma ABŞ-ın məşhur Hudson Araşdırma Mərkəzinin saytında dərc olunub.
Ardı var (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930