Abad ola bilməyən Sabirabad

08.04.2014 - 23:19

Nazim İsmayılov rayon polis rəisi,
rayon prokuroru və məhkəmə sədrilə birləşib rayonda gestapo rejimi və
korrupsiya sistemi yaradıb


 

(Yazının əvvəlini
burdan http://www.cumhuriyyet.net/sonxeber/5667-abad-ola-bilmeyen-sabirabad.htmloxuya bilərsiniz) 


 

Nazim İsmayılovun “abadlıq” işləri


 

Sabirabadda
kəndlilər torpağı əkib- becərə bilmir, rayonda iş yerləri yoxdur. İnsanlar
işsizdir.  Olan- qalan vəzifələr və kiçik
iş yerləri Nazim İsmayılovun yaxınları arasında pay- püşt edilib. Hər bir
vəzifənin də öz qiyməti var. Nazim İsmayılov rayon icra başçısı təyin olunandan
sonra demək olar ki, əksər vəzifələrə, hətta kənd icra nümayəndələrini də işdən
çıxarıb həmin vəzifəyə məlum maraqlar çərçivəsində öz adamlarını təyin edib.
Yerli sakinlərin bildirdiyinə görə yeni təyin olunan şəxslər əvvəlki şəxslərdən
daha yarıtmaz və korrupsionerdilər. Sabirabadda aparılan “abadlıq” işləri dekolerativ
xarakter daşıyır. Necə deyərlər üzü bəzək, içi təzək. Bütün bu abadlıq işləri
isə yalnız görüntü yaratmaq və pul silmək məqsədi daşıyır. İşlərin böyük
əksəriyyətini də rayonun yerli sahibkarları, iş adamları hesabına gördürür.

Nazim
İsmayılov rayon polis rəisi, rayon prokuroru və məhkəmə sədrilə birləşib
rayonda gestapo rejimi yaradıb. Rayon İcra hakimiyyətində olduğu kimi rayon
hüquq- mühafizə orqanlarında da korrupsiya ayaq tutub yeriyir. Nazim
İsmayılovun icra kabinetində və polis şöbəsində insanları şərləmək və onların
yalandan üzünə durmaq üçün xeyli sayda hazırlıqlı “ştatlı” üzəduranlar var.
Məhz o, rayonu bu kimi şəxslərin köməkliyi ilə idarə edir və xoşlamadığı
insanları onların vasitəsi ilə şərləyib həbs etdirir.


 

İctimai fəallara həbs və işgəncə…


 

N. İsmayılov
rayona gəldiyi ilk gündən ictimai fəallara repressiya siyasəti həyata keçirir.
Kür daşqınları ilə bağlı ayrılan vəsaitlərin korrupsiyaya ugraması, insanlara
qarşı ev tikintisində ayrı- seçkiliyə yol verdildiyini konkret faktlarla ortaya
qoyan “Kür” Vətəndaş Cmmiyyətinin koordinatoru Oqtay Gülalıyev 2012- ci il 08
apreldə Sabirabadın Minbaşı kəndində həbs olunarkən həbs olayının icra
ssenarisində Nazim İsmayılov da yer almışdı. Məhz O. Gülalıyevə qarşı cinayət
işi açılarkən onun iştirakı ilə icra hakimiyyətinin işçiləri- başçısının  müavini, şöbə müdiri, bələdiyyə sədri,
mədəniyyət evinin müdiri, məktəb direktorları hüquq müdafiəçisinə böhtan ataraq
onun üzünə durmuşdular. Məhz Nazim İsmayılovun birbaşa göstərişi ilə Oqtay
Gülalıyev Sabirabad RPŞ- də fiziki zorakalığa və işgəncəyə məruz qalmışdır.
Eyni ssenari sonradan Sabirabad rayon Əsgərbəyli kənd sakini İlham Əmiraslanova
qarşı həyata keçirilib. Yerli ictimai fəal da Nazim İsmayılovun göstərişi
(hətta bəzi mənbələrə görə DİN MCQMİ- nin rəhbərliyi ilə çirkli sövdələşməyə
girərək- red.) ilə şərlənərək həbs edilmiş, onu Sabirabad Olimpiya Mərkəzində
stola bağalayaraq, başına tapança dayayıb igşəncə verdirmişdir. Nazim
İsmayılovun ictimai fəallara qarşı göstərdiyi bu manyakvari işgəncə hərəkətləri
onun əqli düşüncəsində və davranışlarında həm də problemlərin olduğunu işarə
edir. Məsələlər dərinləşən kimi rayonda polisin və məhkəmnin işlərinə
qarışmadığını bildirən N. Ismayılov bəzən özünü elə sadəlöhv aparmağa çalışır
və təqdim edir ki, sanki insanlar onun dediklərinə inansın. O unudur ki, artıq
rayon camaatı onun və polis rəisi Mübariz Quliyevin nə qədər yalan
danışdıqlarının və hətta bunun üçün xalq artistləri səviyyəsində rol apara
bilmək bacarığında olduqlarının fərqindədirlər. Onlar yəqin ki, etdikləri
qanunsuz hərəkətlərin, insanlara və insanlığa qənim hərəkətlərinə görə cavab
verəcəklərini də fərqindədirlər. 

Nazim İsmayılovun yalanları…


 

Nazim
İsmayılovun yalanlarından söhbət düşmüşkən qeyd edək ki, yerli sakinlərin
verdiyi məlumata görə o rayona rəhbər gələndən işi- gücü insanların
problemlərini həll emək əvəzinə  boş
vədlər vermək, onları günü- günə sataraq aldatmaqdır. O təkcə rayon camaatına
deyil, ölkə başçısına da yalan raportlar, saxta hesabatlar təqdim edir. Onun
cari ilin fevralın 20-də Heydər Əliyev Mərkəzində Sabirabad rayonunun
sosial-iqtisadi inkişafı sahəsində 2013-cü ilin yekunları və 2014-cü ildə
qarşıda duran vəzifər barədə hesabat yığıncağında təqdim etdiyi saxta rəqəmlər,
şişirdilmiş statsitika deyilənlərə misaldır. Məsələn, həmin yığıncaqda N.
İsmayılov and- aman edərək bildirib ki,
o rayona icra başçısı təyin olunduqdan sonra rayonda anoloqu olmayan iqtisadi
yüksəliş hökm sürür. Bütün  planlar 100
faiz yerinə yetirilib (O hələ də unudur ki, Sovet dövrü çoxdan arxada qalıb,
indi plan- öhdəlik yoxdur- red.). Öz işçiləri qarşısında çıxışından ruhlanan
icra başçısı qeyd edib ki, h
esabat dövründə Sabirabadda 870 yeni iş yeri
açılmışdır ki, bunun da 749-u daimi, 121-i isə müvəqqəti iş yerləridir;“Ümumilikdə Proqram qəbul edildiyi müddət
ərzində 175 müəssisə yaradılmış, 3232 yeni iş yeri açılmışdır ki, bunun da
2658-i daimi iş yerləridir (
http://www.sabirabad-ih.gov.az/news/101.html)“. Bu yerdə
deyirlər utanmasan oynamağa nə var ki?


 

Nazim İsmayılov 7 milyon manatı hara
xərcləyib?


 

Sabirabadda büdcədən maliyələşən qurumlara, o cümlədən pensiya və təqaüdlərin
ödənilməsi, həmçinin şəhər təsərrüfatının idarə olunması, sosial- iqtisadi
problemlərin həll olunması ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərlə
yanaşı prezidentin Ehtiyat Fondundan son illər rayona 7 milyondan çox vəsait
ayrılıb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi rayonun sosial- iqtisadi inkişafı,
abadlaşması və digər məqsədlər üçün nəzərdə tutulub. Amma görünən odur ki, nə
Sabirabad  abadlaşıb, nə də rayon sakinlərinin
iqtisadi durumu yaxşılaşıb. Rayonda iqtisadi durumu yaxşılaşan yalnız N.
İsmayılov və onun yaxınlarıdır. Digər tərəfdən 7 milyon manatın hara xərclənməsi
ilə bağlı heç bir məlumat, hesabat yoxdur. Hətta “görülən işlər” barədə
Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında da heş bir məlumat yoxdur. Nəzərə
alsaq
ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim İsmayılovun 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilib ondamaraqlı sual yaranır; görəsən N. Ismayılov hansı səmərəli fəaliyyət göstərib? Və
ya o hansı vətənə xidmət edir? Axı “xidmət etdiyi”Sabirabadda acınacaqlı vəziyyət
göz qabağndadır.


 

İşinin
öhdəsindən gələ bilməyən polis rəisi

Aparılan araşdırmalar və
yerli mənbələrin verdiyi məlumata görə Sabirabad rayon polis şöbənin rəisi
Mübariz Quliyev də vəzifəsinin öhdəsindən layiqincə gələ bimir: “Mübariz
müəllim əvvəllər Samux rayonunda polis rəisi işləyirdi. Nazirin əmri ilə
2011-ci ildə Sabirabada təyinat aldı. Onun gəlişinə qədər rayonda kriminogen
vəziyyət nəzarət altında idi. Ancaq son üç il ərzində Sabirabad kriminal
hadisələrin sanki mərkəzinə çevrilib. Mənzillərdən oğurluq hadisələrinin,
mal-qara oğurluğunun, həmçinin avtomobil qaçırılmalarının sayı kəskin şəkildə
artıb. Ən dəhşətlisi budur ki, polis əməkdaşları baş verən cinayət
hadisələrinin üstünü açmaqda çətinlik çətir. Bəzi hallarda cinayət törətmiş
şəxslərin ələ keçirilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri aparılmır.
Ya da saxlanılan cinayətkarlar rəisin “hörməti”ni edib sərbəst buraxılırlar. Cinayətkar
dəstələr gündə bir evi yarır.

Amma polis
həmin şəxsləri tuta bilmir, yaxud tutmaq istəmir. Görəsən, niyə?”.

Bildirək ki,
Sabirabad narkotik maddələrin satışının geniş yayıldığı rayonlardan biri kimi
tanınır. DİN-in əməkdaşları rayonda dəfələrlə narkotika ticarəti ilə məşğul
olan şəxslərin zərərsizləşdirilməsi üçün tədbirlər görsə də, bu bəlanın kökünü
birdəfəlik kəsmək mümkün deyil. Çünki yerli polis şöbəsinin əməkdaşları
narkotik maddələrin satışını həyata keçirən dəstələri sanki görməzdən gəlir:
“Mübariz Quliyev Sabirabadda kimin hansı işlə məşğul olduğunu çox gözəl bilir.
Sadəcə, maddi maraqları təmin olunduğundan qanunları pozan şəxsləri məsuliyyətə
cəlb etmir. Son vaxtlar narkotik maddələrdən istifadə edən insanların sayında
artım müşahidə olunur. Əsasən də gənclər ağ ölümün aludəçisinə çevriliblər.
Polis işçiləri camaatı zəhərləyən cinayətkar qruplara qarşı fəallıq nümayiş
etdirsələr belə problemlər yaranmaz.

Mübariz
Quliyevin gəlişindən sonra rayonda yüngül həyat tərzi keçirən qadınlara xidmət
göstərən əxlaqsızlıq yuvalarının sayı da artıb. Mənbənin dediyinə görə,
Sabirabadda kafe adı altında fəaliyyət göstərən onlarla əxlaqsızlıq yuvası var.
Bu kafelərin sahibləri hər ay rəisi “görür”lər. Buna görə də polis həmin
əxlaqsızlıq yuvalarında əməliyyat keçirmir”
(Xalqxeber.az saytı-http://xalqxeber.az/index.php/az).


 

Sabirabadın itkin düşmüş deputatı…


 

Sabirabadlıların
təkcə rayon icra başçısı, polis rəisi və onların sifarişi ilə işləyən prokuror
və məhkəmə sədri ilə bərabər rayondan deputat “seçilən” Ceyhun Osmanov sarıdan
da bəxti gətirməyib. Deputat seçkiləri öncəsi sabirabadlıların gözünü yağır
edən, onları İRƏLİ aparacağını, yerli sakinlərin hər birinin dərdinə çarə
olacağını bildirən C. Osmanov nəinki dediklərinə əməl etdi, arzusuna çatıb
Milli Məclisin bəzəkli, rahat kreslosuna əyləşəndən sonra hər şeyi unutdu.
Hətta o Sabirabadın yollarını da unutdu. Artıq neçə vaxtdır ki, onu rayonda
“gördüm” deyən yoxdur. “Nurçu” luğu bəlli olduqdan sonra isə ümumiyyətlə ölkədə
olduğu da şübhə altındadır. Sabirabadlılar ondan problemlərinin həllinə
köməklik edəcəyini gözlədikləri halda deputat Osmanov üzərinə düşən vəzifəni
yerinə yetirmək əvəzinə “Azadlıq” radiosunun tanınmış jurnalisti Xədicə
İsmayılovanı pusmaq, onu izləmək kimi millət vəkilinə yarışmayan əcaib işlərlə
məşğul olduğu ortaya çıxdı. Yerli sakinlərdən səs almadan onun yuxarıların
təyinatı ilə rayondan deputat təyin olunmasını bir çox sabirabadlılar özləri
üçün təhqir hesab edir. 


 

Son əvəzi…

Və ya M. Ə. Rəsulzadəyə qənim kəsilənlər


 

Azərbaycan
Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin sonuncu abidələrindən
sayılacaq bir büstü də Sabirabadda idi. Amma nə yazıqlar ki, rayona icra
başçısı vəzifəsinə təyin olunduğu ilk gündən vətəndaşlara xidmət etmək, onların
problelərinin həlli ilə məşğul olmaq əvəzinə Nazim İsmayılov yuxarıdakı ağalarına
xoş gəlmək üçün M. Ə. Rəsulzadənin büstünü götürməyi qarşısına məqsəd qoydu. O
qısa vaxtda Sabirabad rayon İcra hakimiyyəti önündə M.Ə.Rəsulzadənin büstünü
“yenidənqurma” bəhanəsi ilə götürüb arzu olunmaz bir natəmiz zibillik yerinə
atdı. 

M. Ə.
Rəsulzadəyə qənim kəsilmək Azərbaycana qənim kəsilməkdir. O böyük dahini
sevməmək, ona nifrət etmək Azərbycanı sevməmək və ona nifrət etməkdir. Tarix
boyu bu böyük şəxsiyyətə ölkəmizi sevməyən düşmənlərimiz- erməni daşnakları və
rus təmayüllü bolşeviklər nifrət ediblər. Elə isə maraqlıdır;çağdaş dövrümüzdə Rəsulzadəyə
nifrət edib onun büstünü götürən bir icra başçısı xalqı sevə, ona xidmət edə
bilərmi? Təbii ki, yox! Bəs o necə böyük bir rayonun icra başçısı ola bilər?
Ola bilsin ki, bu suallara bu gün cavab vermək çətin görünsün, amma mütləq bu
suallara bir gün cavab verilcək. Onda ən birinci cavab və hesab verən Nazim
İsmayılov və onun havadarları olacaq. Tarixdə hələ heç kim məsuliyyətdən və
sorumluluqdan qaça bilməyib. Sadəcə geci- tezi var.

İnanırıq ki,
Nazim İsmayılov və onun kimilər təkcə bu əməlinə yox, “işlədiyi” rayonlarda
qanunlara və insanlığa zidd hərəkətlərinə, korrupsiya fəaliyyətinə görə də
cavab verəcək.

Sabirabad isə
ona qənim kəsilən məmurlardan azad olub bir gün mütləq
abad olacaq!


 

“Yeni Cumhuriyyət” qəzetinin Araşdırma Qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5768

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930