Əli Kərimli Xalqı etiraza çağırdı

09.04.2014 - 01:11

Etirazlar xalqın geniş təbəqələrinin iştirakı ilə olduqda avtoritar rejimi geri çəkilməyə məcbur edə bilir

 
AXCP sədri Əli Kərimli ölkədə benzinin qiymətinin yenidən artması barədə yazıb. Onun Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:
“Payızdakı qiymət artımından cəmi 4 ay sonra benzinin qiymətini yenidən qaldırdılar. Milli Şuranın “Qiymət artımına son!” tələbilə ötən ilin 15 dekabrında keçirdiyi mitinqi xatırlayırsınız? Mitinq hazırlıqları zamanı biz açıq deyirdik ki, qiymət artımının yenə də davam edəcəyi gözlənilir. Çünki artıq ölkəmizdə neft istehsalı aşağı düşür. Azərbaycanı işğal etmiş acgözlər isə neftin bol vaxtlarından korrupsiya yolu ilə hər il milyardlar əldə etməyə möhkəm alışıblar. İndi fondlarına, “qara kassa”larına dəyən ziyanı kompensasiya etmək üçün qiymətləri qaldırıb, xalqı daha dərindən soymaqdan başqa ağıllarına çıxış yolu gələn deyil. Xəbərdar edib, deyirdik ki, yalnız mitinqlərin kütləviliyi hakimiyyəti bu anti-xalq addımından çəkindirə bilər.
Düzdür, mitinq günü hava da çox soyuq və yağmurlu idi. Lakin buna baxmayaraq, Milli Şuranın, AXCP-nin minlərlə fəalı mitinqə qatılmışdı. Yanacağın qiymətinin artmasından birbaşa ziyan çəkmiş yüzminlər, milyonlar isə təəssüf ki, o zaman mitinqə qoşulmamışdılar. Budur, benzinin qiyməti yenidən və əhəmiyyətli dərəcədə qalxdı. Bu qiymət artımı nəticəsində 1 milyondan artıq ailənin büdcəsinə birbaşa, qalan ailələrin büdcəsinə isə dolayı yolla ciddi ziyan dəydi. Üstəlik, hokumət xalqı aldatdı. İddia olunurdu ki, qiyməti qaldırılan AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq ölkəmizə xaricdən idxal olunacaq. Jurnalist araşdırmaları isə üzə çıxarıb ki, həmin yanacaq faktiki olaraq bizim Dövlət Neft Şirkətinin aldığı xarici zavodlarda istehsal olunacaq. Deməli, qiymət artımından əldə olunan qazanc da yenə buradakı “qara kassa”ya toplanacaq.
Niyə 15 dekabr mitinqini xatırlatdım? Son vaxtlar müxtəlif sosial problemlər, ədalətsizliklər haqda yazılar yazanda, belə hallara qarşı hamılıqla etiraz etmək zərurətini qeyd edəndə səhifəmi izləyən dostların əksəriyyəti verdiyim mesajları təqdir edib, həmrəylik göstərsələr də, hər dəfə bir qrup adam da təqribən bu ruhlu şərhlər yazır: “Bizə niyə müraciət edirsiz? Haqsızlığı, ədalətsizliyi görürsüz, tərəfdarlarınızı da başınıza yığıb, gedib etiraz edin”.
Məhz ona görə 15 dekabr mitinqini onlarla nümunədən biri kimi xatırlatdım ki, bizlər az etiraz etməmişik. O cümlədən, dəfələrlə heç bir siyasi tələb irəli sürmədən, yalnız sosial tələblərlə etiraz aksiyaları keçirmişik. Amma etiraf edirik ki, hökuməti ədalətsiz, insafsız, anti-insani addımlardan çəkindirmək üçün tək fəal müxalifətçilərin gücü ilə keçirilən etiraz aksiyaları kifayət etmir.
Ona görə də yüzminlərlə soydaşımıza bu sadə mesajımızı bütün vasitələrlə çatdırmaq istəyirik: Demokratiyaya yalnız hakimiyyətin təşkili forması, azad seçki tələbi kimi baxmayın. Bu gün rastlaşdığınız problemlərin (korrupsiyadan, inhisarçılıqdan, onların yaratdığı bahalıqdan tutmuş, məhkəmələrdə açılmış bazara, Qarabağ qazisinə, digər səbəblərdən əlil olmuş vətəndaşlarımıza saymazyana münasibətə qədər) əksəriyyətinin səbəbi indiki hakimiyyətdir, onun xalq tərəfindən seçilməməsidir.
Xalqın seçdiyi hakimiyyətlər də qismən bacarıqsız ola bilər, lakin heç vaxt xalqla belə acımasız davranmaz. Etirazlar isə yalnız xalqın geniş təbəqələrinin iştirakı ilə olduqda avtoritar rejimi geri çəkilməyə məcbur edə bilir. Çox və bir olmağa çalışaq!”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930