Statistika Komitəsinin ağ yalanları
Komitənin statistik göstəricilərinin hamısı reallıqdan uzaqdır
Dövlət Statistika Komitəsi ölkəmizdə əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqi ilə bağlı statistik məlumatlar açıqlayıb. 2013-cü ilə dair açıqlanan məlumatlarda ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyəti haqqında diqqət çəkən faktlar yer alıb. Lakin Dövlət Stastistika Komitəsinin açıqlaması ənənəvi olaraq reallığı əks etdirmir. Bunun görmək üçün rəqəmlərə nəzər salmaq lazımdır.
Əhalinin gəliri artıb, yoxsa azalıb?
Statistik tədqiqatlara əsasən, 2013-cü ildə əhalinin adambaşına gəlirləri 214,7 manata yüksəlib. Bu göstərici 2012-ci ildə 190,9 manat, 2009-cu ildə 125 manat idi. Bu isə Statistika Komitəsinin bu ilin ilk ayları üçün açıqladığı rəqəmlərin yalan olduğunu ortaya çıxarır. Belə ki, bu ilin əvvəlində yayılan məlumata görə, əhalinin gəlirləri 2,5 faiz artaraq 279,7 manat təşkil edib. 214,7 manatın 2,5 faizi 5,36 manat təşkil edir. Bu isə onu göstərir ki, Dövlət Statistika Komitəsinin 2014-cü il üçün də açıqladığı məlumatlar yalan üzərində qurulub.
Digər bir məlumata görə, ev təsərrüfatlarında insanların gəlirinin 70,7 manatı məşğulluqdan, 34,6 manatı alınan cari transfertlərdən, 29,8 manatı kənd təsərrüfatından, 29,3 manatı pensiyalardan və digər sahələrdən əldə edilib. Burda da bəzi məlumatlar natamamdır. Cari transfertlər və digər sahələr deyəndə nəyin nəzərdə tutulduğu açıqlanmır.
Statistika Komitəsi açıqlamasında hakimiyyətin inkişaf yalanını da ifşa edib. Belə ki, hökumət rəsmiləri, demək olar, hər çıxışında əhalinin rifahının günü-gündən yüksəldiyini iddia edir. Ancaq ötən il əhalinin istehlak xərclərinə nəzər salanda bunun əksini görmək olur. Məlumata əsasən, 2013-cü ildə əhalinin istehlak xərcləri adambaşına daha yüksək olub. Ötən il əhali adambaşına 221,4 manat xərcləyib. 2012-ci ildə xərclər 202 manat, 2009-cu ildə 129,6 manat təşkil edib. Orta aylıq gəliri 214,7 manat olan insanların ayda 221,4 manat xərcləməsi hansı inkişafdan xəbər verə bilər?
Əhali qazancının əsas hissəsini ərzağa xərcləyir
Ötən ildə də əhalinin xərclərində əsas paya ərzaq məhsulları sahib olub. Ərzaq məhsullarına adambaşına ay ərzində 91,8 manat xərclənib və bu xərc cəmi xərclərin 41,46 faizini formalaşdırıb. Ötən illərlə müqayisədə əhalinin cəmi xərclərində ərzaq xərclərinin azalması müşahidə edilir. Belə ki, 2009-cu ildə əhalinin ərzağa ayırdığı pul cəmi xərclərin 53 faizini təşkil edirdi. Son 5 ildə ərzaq xərcləri artsa da, onun cəmi xərclərdə payı xeyli kiçilib.
Bu məlumatla Statistika Komitəsi artıq öz yalanını ifşa edir. Belə ki, bir müddət əvvəl yayılan məlumatda əhalinin əmək haqqının 60-65 faizini ərzağa xərclədiyini qeyd olunurdu. Xərcləri gəlirlərini üstələyən əhalinin ərzaq xərclərinin qısa müddətdə 20 faiz azalması mümkün görünmür. Üstəlik, nəzərə almaq lazımdır ki, ötən ilin sonlarında yanacağın artımı ilə yanaşı ölkədə kəskin qiymət artımı müşahidə olundu. Gəlirlərdə isə hətta rəsmi məlumata görə, gəlir cüzi olub. Onu da qeyd etmək lazımdır ki, dünyada qəbul olunmuş qaydalara əsasən, ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq həddi sayılır. Əhalinin rifahının durmadan yüksəldiyini iddia edən rəsmilər rəsmi statistikaya nəzər salsa, yetərlidir.
Kommunal xərclər ailə büdcəsinə uyğun deyil
Statistika Komitəsi ərzaq xərclərinin payının azalmasının əsas səbəbini əhalinin qeyri-ərzaq və xidmətlərə ayırdığı xərcin artması ilə izah edir. Məsələn, son 5 ildə ərzağa ayrılan pul 34 faiz artıb. Amma paltar və ayaqqabıya xərclənən pul son 5 ildə 87 faiz, nəqliyyat xərcləri 92,7 faiz, su, işıq, qaz və digər yanacaq növlərinə ayrılan pul 102 faiz, səhiyyə xidmətləri 134 faiz, təhsil xərcləri 153 faiz, ev əşyaları və məişət texnikası xərcləri 164 faiz, istirahət xərcləri 165 faiz artıb.
Bu məlumatlar da hökumətin inkişaf yalanını ifşa edir. Gəlirləri 2-3 faiz artan əhalinin bütün istiqamətlərdə xərclərinin 87-165 faiz artması insanların rifah səviyyəsinin ildən-ilə azaldığını göstərir. Qeyd edək ki, beynəlxalq normalara görə, vətəndaşın ümumi gəlirində kommunal xərclər 5-10 faizi üstələməməlidir. Azərbaycanda rəsmi məlumata görə, bu göstərici 7 faiz göstərilsə də, Statitika Komitəsinin son açıqlaması fərqli mənzərəni ortaya çıxarır.
Hələ də rəngli televizoru olmayan ailələr var
Tədqiqatlar göstərir ki, Azərbaycanda ev təsərrüfatlarının 99 faizində rəngli televizor, soyuducu, 99,4 faizində mobil telefon var. Aparılan hesablamaya görə, hər ev təsərrüfatlarının 60,2 faizində peyk antennası, 27,2 faizində fərdi kompüter, 26,4 faizində modem, 37,1 faizində kondisioner, 75,1 faizində paltaryuyan maşın, 2,8 faizində qabyuyan maşın, 89,1 faizində tozsoran, 31 faizində minik avtomobili var. 2009-cu illə müqayisədə ötən 5 il ərzində peyk antennalarının mövcudluğu 2 dəfədən çox, fərdi kompüterlər 6,25 dəfə, mobil telefonlar 2,07 dəfə, kondisionerlər 2,33 dəfə, paltaryuyan maşın 2,43 dəfə, qabyuyan maşın 14,5 dəfə, minik avtomobili 1,61 dəfə artıb.
Statistika Komitəsinin bu məlumatları da rəsmilərin verdiyi digər məlumatları ifşa edir. “Sürətli inkişaf” dövrünü yaşayan ölkədə hələ də soyuducu və rəngli televizordan istifadə etmək imkanı olmayan vətəndaşlar var.
Ev təsərrüfatlarının əksəriyyətində məişətdə digər zəruri avadanlıqlar hesab olunan kondisioner, paltaryuyan və qabyuyan maşın, tozsoranın olmaması da acınacaqlı haldır.
İsti iqlim qurşağında yerləşən Azərbaycanda ailələrin cəmi 37,1 faizinin kondisionerə sahib olması normal hal deyil. Azərbaycanın “inkişafın zirvəsinə” çatdığını iddia edən məmurların cəmi 75,1 faiz ailələrin paltaryuyan maşına və 89,1 faizinin tozsorana sahib olmasını necə izah edəcəyi məlum deyil.
Onların yadına salaq ki, “böhran içində boğulan” Avropada şəxsi mənzili, avtomobili, mənzilində məişət texnikasından zəruri avadanlıqlardan heç olmasa biri (paltaryuyan maşın, televizor, soyuducu, kondensioner, telefon, kompüter və s.) yoxdursa, evindən kənarda, əsasən ölkə xaricində ən azı bir həftəlik istirahət etmək imkanına, gözlənilməz xərclər üçün bank hesabına sahib deyilsə, bu şəxs yoxsul sayılır. Azərbaycanda nəinki ölkədən kənarda istirahət etməyə, hətta yayın istisində evində normal sərinlik yaratmaq imkanında olmayan ailələrin sayı yetərincədir.
İnternet istifadəçilərinin sayı azalıb
Əvəzində hər ev təsərrüfatlarının 60,2 faizində peyk antenaları var. Özü də son ildə bu göstərici 5 faiz artıb. Bu barədə də mübahisə aparmaq olar. Ancaq hətta rəsmi rəqəmlərə inansaq, əhalinin böyük qismi yerli telekanallara baxmaq “zövqün” yaşamaq niyyətində deyil.
İki il əvvəlki məlumatlara inansaq, əhalinin 48 faizi fərdi kompüterə sahib idi. Nəzərə alaq ki, bir qayda olaraq hər ailədə bir, ya iki kompüter olur. Hər təsərrüfatda bu göstərici ötən il 27,2 faizə düşüb. İnternet istifadəsinə gəldikdə, yenə də hər abunəçi adətən bir ailə deməkdir. İki il əvvəl ölkə əhalisinin 70 faizinin internetdən istifadə etdiyi deyilirdi. 2013-cü ildə məlum olub ki, ev təsərrüfatlarının cəmi 26,4 faizində modem var.
Mənzil təminatı problem olaraq qalır
Ötən bir ildə insanların mənzillə təminatında müsbət dəyişiklik hiss edilməyib. 2013-cü ildə orta hesabla bir nəfər sakinə düşən ümumi sahənin ölçüsü 18,6 kv.m., yaşayış sahəsinin ölçüsü 13,1 kv.m. olub. 2012-ci illə müqayisədə bu göstəricilərdə hər hansı dəyişiklik olmayıb. Statistika göstərir ki, əhalinin 66,7 faizi ayrıca mülkdə yaşayır. Əhalinin 25,9 faizi çoxmənzilli binalarda olan mənzillərdə, 4,1 faizi yataqxanada yaşayır. Ev təsərrüfatlarının yerləşdiyi mənzillərin 94 faizi şəxsi mülkiyyətdədir. Şəxsi mülkiyyətdə olan mənzillərin payı 2012-ci ildə 92,8 faiz idi. Mənzillərin 3,4 faizi yerli hakimiyyətin, 0,5 faizi müəssisə və təşkilatların balansındadır. Yerli hakimiyyətin, müəssisə və təşkilatların balansında olan mənzillərin payında azalma müşahidə edilir.
Hər adama düşən yaşayış sahəsinə görə Azərbaycan inkişaf etmiş ölkələrdən xeyli geri qalır. Belə ki, Avropa standartlarına əsasən, dörd nəfərlik ailənin yaşayış sahəsi 90 kv. metrdən az ola bilməz. Azərbaycanda hər adama düşən yaşayış sahəsinin 13,1 kv metr olduğunu nəzərə aldıqda dörd nəfərlik ailənin yaşayış sahəsi 52,4 kv metr təşkil edir.
Komitə kirayədə yaşayanların sayını azaldıb?!
Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin 1,1 faizi kirayədə, 0,9 faizi qohum və ya tanış evində yaşayıb. 2010-cu ildə əhalinin 1,6 faizi kirayədə yaşayırdı. Ötən üç ildə kirayədə yaşayanların sayının azalması inandırıcı deyil. Nəzərə alaq ki, kirayə bazarının böyük hissəsi Bakının payına düşür. Son illər paytaxta üz tutanların sayında nəinki azalma müşahidə olunmur, əksinə, artım var. Buna səbəb regionlarda həyat səviyyəsinin hələ də çox aşağı olması, vədlərə baxmayaraq yeni iş yerlərinin açılmamasıdır. Üstəlik nəzərə alaq ki, paytaxtda, demək olar, tələbə yataqxanası yoxdur. Tələbələrin böyük əksəriyyəti kirayədə yaşayır. Mənzillərin qiymətinin baha olması və əhalinin gəlirlərinə uyğun olmaması yeni ailələrin də kirayələrə üz tutmasına səbəb olur. Araşdırmalar görə, paytaxtda təxminən 900 min insan kirayədə yaşayır. Bu da əhalinin ən azı 10 faizi deməkdir. Həm də nəzərə almaq lazımdır ki, rəsmi məlumatlarda ölkə əhalisinin 9 mln nəfər olduğu deyilsə də, qazanc dalınca ölkədən gedənlərin sayı milyonla ölçülür. Regionlarda da az da olsa, kirayə yaşayanlar var. Bütün bunlar Statistika Komitəsinin kirayədə yaşayanların sayı ilə bağlı açıqladığı rəqəmin heç bir məntiqə sığmadığını göstərir. Onu da xatırladaq ki, inkişaf etmiş ölkələrdə daimi yaşayış yeri olmayan şəxs yoxsul sayılır.
Bütün bunlar Statistika Komitəsinin ənənəsinə sadiq qalaraq yenə də reallığı əks etdirməyən məlumatlar açıqladığı və bununla həm özünü, həm də “uğurlu inkişafdan” bəhs edən dövlət rəhbərliyini ifşa edib.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=5773