Rövnəq Abdullayevin benzin saxtakarlığı

09.04.2014 - 10:44

Rövnəq Abdullayevin benzin saxtakarlığı

Premium” adı ilə müştərilərə 13 qəpik baha qiymətə Aİ-95 satılır; yanacaq bazarında idarə olunan xaos yaradılıb və benzin alverçiləri bu situasiyadan külli miqdarda gəlir götürür 
Benzin yenidən bahalaşdı. Bu dəfə qərarı Tarif Şurası yox, Dövlət Neft Şirkəti qəbul edib. Tarif Şurası “liberal qiymətlərə qarışmırıq” deyə məsuliyyətdən yayınmağa başlayıb. Beləliklə, ötən ilin sonundan başlayaraq “benzinin yenidən bahalaşacağı” ilə bağlı proqnozlar rəsmən təsdiqləndi.
İndi benzinin yeni qiymətləri belədir: Aİ-95 markalı benzin “Avro-4” standartına uyğun olan  “Premium” markası ilə 93 qəpiyə satılacaq (bir neçə gün öncə 80 qəpik idi). Aİ-98-in litrinin qiyməti1,5 manatdan 1,03 manata endirilib. Böyük ehtimalla  Aİ-98-in qiymətinin endirilməsi Aİ-95-ə tələbatı təmin etmək üçün edilib. Beləliklə, Aİ-95 qıtlığı təhlükəsi var. 
Məsələnin qaranlıq məqamı budur ki, 2013-cü ildə Aİ-98 (“Premium”) markalı benzindən Azərbaycana cəmi 3 sistern gətirilib. Deməli, tələb olunan Aİ-95 benzinini əvəz edən böyük həcmdə Aİ-98-in haradan alınması qaranlıq qalır. Heç şübhəsiz və YDM-lərdə operatorların da dediyinə görə, “Premium” adı ilə Aİ-95 satılır, amma 13 qəpik baha qiymətə. Hakimiyyətin benzinin markasının dəyişdirilməsi və qiymətin artırılması üzrə “yarıpartizan” hərəkətləri əhalinin növbəti dəfə aldadılmasını ortaya qoyur.
Bu, hökumətin necə yarıtmaz fəaliyyət göstərdiyini üzə çıxarır. Təsdiqlənir ki, neft ölkəsi olan Azərbaycanda modern yanacaq emalı sektoru yaranmayıb. Bu da azmış kimi, ARDNŞ aprelin əvvəlindən avtomobil benzini istehsalını müvəqqəti dayandırıb. Bu, onunla bağlıdır ki, ARDNŞ Heydər Əliyev adına Neft Emalı Zavodunun iri qurğularında təmir başlayıb. ARDNŞ rəhbərliyi ilin əvvəlində H.Əliyev adına NEZ-in təmirə dayanacağını bildirmişdi. İdxal benzininə möhtac qalan hökumət qiymətləri qaldırmağa məcbur olub. Hökumətin qeyri-neft sektorunun inkişafı barədə gurultulu bəyanatlara baxmayaraq, heç neft sektoru da normal inkişaf etməyib. Hökumət ancaq nefti xammal şəklində satmağı bacarır. Neft ölkəsi yanacağı xaricdən gətirirsə, demək, hökumət kürəyini günə verməklə məşğuldur. Bu məsələnin bir tərəfidir.
Bahalaşmanın anonsu bir ay öncə verilmişdi. Təxminən 1 ay öncə energetika naziri Natiq Əliyev bildirmişdi ki, tezliklə bazar iştirakçılarının hamısı Aİ-95 idxal edə biləcək və yüksək oktanlı benzin yanacaqdoldurma məntəqələrində baha qiymətə satılacaq. 
Bunun ardınca ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirdi ki, şəxsən özü Aİ-95 və Aİ-98 benzinin qiymətinin liberallaşmasının tərəfdarıdır: “Dövlət niyə CİP sahiblərini subsidiyalaşdırmalıdır? ARDNŞ Aİ-92-nin piqmentləşməsini ona görə dəyişib ki, onu Aİ-95-lə qarışdırmasınlar. Kompleks tədbirlər lazımdır. Əks təqdirdə, kütləvi saxtakarlıq olacaq”. 
Ancaq saxtakarlıq yenə davam edir, “Premium” adı ilə Aİ-95 satılır, amma 13 qəpik baha qiymətə. Bu da hələ son deyil.
Bazar iqtisadiyyatının prinsiplərinə görə, liberal qiymətlər şəraitində qiymət ucuzlaşmalıdır. Rəsmi statistikaya əsasən benzin yalnız Rusiyadan idxal olunur. Rusiyada Aİ-95 0,68, Aİ-98 isə 0,7 avrodur. Azərbaycan hökumətinin qərarı ilə 21 yanvar 2014-cü ildən Aİ-95 və Aİ-92 idxalı iyuna kimi gömrük rüsumu və aksiz vergisindən azad edilib. Deməli, idxal edilən yanacağı daha indiki həddən ucuz qiymətə satmaq mümkündür. Ancaq qeyri-rəsmi monopoliya buna imkan vermir. 
Yanacaq qiymətlərinin liberallaşmasının sosial rifaha dəxli yoxdur. Bunu Tarif Şurasının 3 dekabr 2013-cü il tarixli qərarı da göstərir. Bundan başqa, yüksək oktanlı benzindən təkcə CİP-lər yox, Avropa istehsalı olan azlitrajlı maşınlar da istifadə edir. Avropa, Yaponiya və Koreya istehsalçıları texnikalarını Aİ-92-yə adaptasiya etsələr də, bu, məhdud şəkildə keçmiş SSRİ ərazisi üçün nəzərdə tutulur. 
Beləliklə, Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini liberallaşdırması benzinin qiymətinin bahalaşmasına gətirib çıxartdı. Hökumət hazırlıqsız bir şəraitdə buna getdi və benzin qıtlığı yarandı. “Azpetrol” öz YDM-də Aİ-95 markalı benzin satışını dayandıra bilər. Şirkətin saytı bildirir ki, “Azpetrol” “Premium” benzin satışına başlayır və Aİ-95-dən istifadə edən yanacaq kredit kartı sahiblərinə xəbərdarlıq edir ki, Aİ-98 benzininə keçsinlər. Amma şirkət bu qərarı izah etmir. Məlumat aprelin 3-də qoyulub və müştərilərə seçim imkanı vermir. Şirkətdən məlumat almaq mümkün olmayıb – telefonlar susur. ARDNŞ-in Bakı-Mərdəkan yolundakı YDM-də lövhədə Aİ-95-in qiyməti əvvəlki kimi – 80 qəpikdir. Amma yanacaq dolduranlar qiymətin 93 qəpik olduğunu bildirir. 
Bir sözlə, qiymətlərin liberallaşdırılması yanacaq bazarında xaos yaradıb. Özü də bu, idarəolunan xaosa oxşayır. Görünür, belə bir vəziyyət yanacaq boslarının maraqlarına və cibinə uyğundur – benzin alverçiləri bu situasiyadan külli miqdarda gəlir götürür. Bu da son nəticədə ona gətirib çıxartdı ki, hökumət növbəti dəfə əhalinin cibinə əl qoydu. Bunun təsirləri isə az sonra özünü göstərəcək – yanacağın bahalaşması başqa mal və xidmətlərin də qiymətinə təsir göstərəcək. İndi növbəti bahalaşmalara hazır olmaq lazımdır – rəqabət mühitinin olmadığı şəraitdə liberal qiymətlər hər an dəyişə bilər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5778

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930