Rusiyanın AŞ PA-dakı hədəsi nə vəd edir?
Rusiyanın Krımı ilhaqından sonra, demək olar, bütün dünya Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və Rusiyanın işğalçı siyasətinə etiraz etdi. Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etdi, ABŞ Rusiyanı sərt hədələdi, BMT-dəki səsvermədə Rusiya ittiham olundu.
Növbəti mərhələdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunacağı gözlənilir. Rusiya, BMT-nin, AB-nin, ABŞ-ın qərarlarına qarşı əzələ nümayiş etdirməsə də, AŞ PA-nın sessiyasında ultimativ mövqe sərgiləyib.
Belə ki. Avropa Şurası Parlament Assambleyasındakı Rusiyanın nümayəndə heyətinin başçısının müavini Leonid Slutski bildirib ki, ölkəsinə qarşı istənilən sanksiya tətbiq olunacağı halda qurumu tərk edəcəklər: “Əgər Rusiya ilə bağlı qətnamədə istənilən sanksiya nəzərdə tutularsa, etiraz əlaməti olaraq Strasburqu tərk edəcəyik. Bu demarş assambleyanın mövqeyi ilə razılaşmadığımızın göstəricisidir”- deyə Slutski vurğulayıb. Rusiyanın AŞ PA-dakı əzələ nümayişi nədən qaynaqlanır və prosesin nəticəsini necə proqnozlaşdırmaq olar?
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli bildirdi ki, Rusiyanın AŞ PA-da müəyyən üstünlükləri var, ancaq nəticə etibarilə uduzan tərəfdir: “Bütün beynəlxalq təşkilatlar arasında Rusiyanın ən güclü olduğu təşkilat AŞ PA-dır. AŞ PA-da Rusiya zaman-zaman əzələ nümayiş etdirməyi bacarıb. Bunun səbəbi də ondan ibarətdir ki, ATƏT-də ABŞ-ın, AŞ PA-da Rusiyanın üstün mövqeyi olub və bəlkə də bu, tərəflər arasında qeyri-rəsmi razılaşmanın nəticəsdir. Bugünə qədər Rusiya AŞ PA-nın əsas donorlarından biridir. Rusiyanın AŞ PA-da üstün olmasının başqa bir səbəbi, keçmiş MDB ölkələrinin və Şərqi Avropa ölkələrinin bu qurumda təmsil olunmasıdır. Bu ölkələrə Rusiyanın müəyyən təsir imkanları var və Rusiya bu ölkələrə öz siyasətini diktə edir”.
Ekspert onu da əlavə etdi ki, bütün bunlara baxmayaraq, Rusiya itirən tərəfdir: “Ancaq hesab edirəm ki, Rusiya hər yerdə olduğu kimi, AŞ PA-da da öz mövqeyini itirməkdədir. Təbii ki, Rusiya mövqelərinin itirilməsi ilə asanlıqla barışmayacaq, müqavimət göstərəcək, demarşlar edəcək. Ancaq ümumi tendensiya ondan ibarətdir ki, beynəlxalq münasibətlər səviyyəsində Rusiya itirən tərəfdir. Krımı işğal etməklə, Ukraynanın cənub-şərqində separatçı meylləri gücləndirməklə, Rusiya taktiki baxımdan hansısa uğurlar əldə etdiyini iddia edə bilər. Ancaq strateji baxımdan Rusiya bu oyunu uduzub. Çünki Qərblə müharibə aparmaq üçün Rusiyanın nə hərbi, nə də iqtisadi qüdrəti yetərli deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5783