Şeyxin itirdiyi "halallıq"
Yaxud, Allahşükür Paşazədənin
Ramiz Həsənovla sertifikat davasının pərdəarxası
Yaxud, Allahşükür Paşazədənin
Ramiz Həsənovla sertifikat davasının pərdəarxası
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, son vaxtlar tələbatı ciddi
şəkildə artan “halal” qida məhsulları, onlara sertifikat vermək uğrunda amansız
mübarizə gedirdi. Xatırladaq ki, ilk öncə Qafqaz Müsəlmanları Ruhani İdarəsi bu
məsələyə əl qoymuş və bir sıra müəssisələrin istehsal etdiyi kolbasa və sosis məmulatlarına
“halal” statusu qazandırmışdı. Lakin sonradan məsələylə bağlı etiraz səsini
qaldıran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlardan
başqa kimsənin belə bir sertifikat verə bilməyəcəyini bəyan etdi.
“Halal” mübarizəsi və
Şeyxin uduzması…
Hələ o zaman məsələylə
bağlı geniş açılama ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin sədri Ramiz Həsənov rəsmən bəyan etdi ki, kolbasaların
hazırlanmasında halal anlayışı olmur: “Halal” əmtəə nişanıdır və bu gün “halal”
standartı yoxdur. Müsəlman ölkələrinin belə bir standartının yaradılması üzərində
iş gedir, lakin hələ nəticə yoxdur. “Halal” standartı yoxdursa, məhsulun üzərində
onun belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru
deyil”.
Bu isə açıq şəkildə
QMİ rəhbəri Allahşükür Paşazadəyə qarşı yeni savaşın başlanmasına işarə idi.
Şeyx məsələylə bağlı ilk vaxtlar ciddi müqavimət göstərməyə çalışsa da sonda bəlli
olmayan səbəblər üzündən geri çəkilməyə məcbur oldu. Bununla da 2012-ci ildən
etibarən QMİ-nin hansısa müəssisələrin məhsullarına “halal” zəmanəti verməsi rəsmən
yasaqlandı və prosesə nəzarət tam olaraq Ramiz Həsənovun rəhbərlik etdiyi komitəyə
verildi. Bu günlərdə isə sözügedən komitə yeni “halal” standartı müəyyənləşdirdiklərini
və bunun tətbiqi prosesinə başlandığını bəyan etməklə mübarizədən qalib
ayrılmasını təsdiqləmiş oldu.
Ramiz Həsənov qalib kimi
görünür, amma…
Belə ki, bundan sonra xaricdən
Azərbaycana gətirilən, yerli müəssisələr tərəfindən bazara təqdim edilən
“Halal” markası ilə istehsal olunan məhsullar AZS 731-2012 (OİC/SMİİC 1:2011)
“Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun tənzimlənəcək. Ramiz Həsənov
əlavə edib ki, bu bizim milli standartımızdır və beynəlxalq standartın əsasında
tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal
olunan məhsullar bu standarta hökmən uyğun olmalıdır.
Komitə
sədri bildirib ki, mütəxəssislər iki aydan çoxdur “Halal” standartı ilə işləyən
müəssisələrdə fəaliyyət göstərir. Onlar bu müəssisələrin istehsal etdikləri məhsulları
göndərmək istədikləri ölkələrdə də olublar: “İdxal olunan kolbasa məhsullarının
istehsalı zamanı istifadə olunan komponentlərlə bağlı araşdırmalar aparırlar.
İnanıram ki, yaxın günlərdə bu araşdırmaların müsbət nəticələri olacaq.
Aparılan araşdırmalar çətin prosesdir. Azərbaycan şirkətlərinin istehsal etdikləri
məhsulların hamısı bu sertifikatı ala biləcəyinə inanmıram. Hazırda istehsal
olunan bir çox məhsulun üzərində “Halal” sözü yazıldığı üçün hansısa tədbir
görmək çətindir. İstehsalçılar bizə, bundan bir əmtəə nişanı kimi istifadə etdiklərini
və bunun standartla əlaqəli olmadığını deyirdilər. Biz də bu hallara qarşı
xeyli müddətdir ki, göz yumurduq. Ancaq istehsalçıların bunun kütləvi şəkildə
istifadə etdiklərini və onların istehlakçıları aldatmağa başladıqlarını gördükdən
sonra, onların qarşısında şərtlər qoyduq. Bildirdik ki, yalnız bu standartla məhsul
istehsal edə biləcək müəssisələr fəaliyyət göstərə bilərlər. Bunu edə bilməyən
müəssisələrə isə “Halal” sözündən istifadə etməyi qadağan edəcəyik.”
Şeyx məğlubiyyətilə barışmadı və xristianlıqdan sitat gətirdi….
Bütün baş verənlərdən sonra gözlənilən o idi ki, QMİ rəhbəri mübarizəni
uduaduğunu anlayaraq geri çəkiləcək. Amma qurumun mətbuat xidmətinin iki gün
öncə yaydığı bəyanat bunun heç də belə olmadığını təsdiqləməklə yanaşı Şeyxin gəlirli
sahə olan “halal” biznesindən asanlıqla əl çəkməyəcəyini ortaya qoydu. Gəlin,
QMİ-nin yaydığı bəyanatdan bəzi hissələrə diqqət yetirək: “…Qeyd etmək istərdik
ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən
edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının
halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən
müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə
bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul
edilmiş reallıqdır. Məlumat üçün bildirək ki, digər səmavi dinlərin də qida məhsulları
ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər
tərəfindən təsbit olunur. Məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının
dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada
Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu
hallarda, dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır.
Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların
hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən
həyata keçirilir”.
Komitə sədrinə
açıq savaş elan edildi….
QMİ-nin bəyanatında diqqət çəkən əsas məqam isə Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlum qərarının tanınmayacağına
açıq eyhamın vurulmasıdır. Bu baxımdan bəyanatın aşağıdakı hissəsinə diqqət kəsilək:“QMİ dini mərkəz
olaraq, müsəlman həmvətənlərimizin istehlakçı olaraq şəri baxımdan maraq və mənafelərinin
qorunması məsələsinə böyük məsuliyyətlə yanaşır. Çünki bizim üçün önəmli olan
bu məhsulların istehlakçısı olan müsəlmanların haqqıdır. Hesab edirik ki,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin halal adı ilə məhsul
istehsal edərək insanları aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən
sui-istifadə edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti
olduqca əhəmiyyətli və vacibdir. Lakin sırf şəri məqam olan halallığın dini mərkəzlə
razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi
halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib
çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi
beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə
alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir,
narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi
tələb edirlər”.
Göründüyü
kimi, Şeyx məğlubiyyəti ilə nəinki barışmır, əksinə dindar kəsimin həssaslıqla
yanaşdığı hallallıq mövzusundan istifadə edərək ictimai rəyi dövlət komitəsinin
əleyhinə yönəltməyə hər çeşidli cəhdlər edir. İndi kimlərəsə bu cəhdlər uğursuz
gedişlər kimi görünə, baş verənləri Şeyxin son “çırpıntıları” saya bilər. Amma bu şəxsin sıradan biri olmaması, həm
dini camiədə, həm də hakimiyyət dəhlizlərində nüfuzlu bir şəxs olduğunu nəzərə
alsaq onun bu mübarizəni lehinə çevirə biləcəyini də ehtimal etmək olar.
“Polkovnik Frolov” məğlub olmağı sevmir…
Oxucuya yarımbağlıqdakı ad kifayət qədər müəmmalı görünə bilər və
haqlı olaraq sual edə bilər: “Axı bu polkovnik Frolov haradan çıxdı və bunun
mövzuyla nə əlaqəsi ola bilər. Hörmətli oxucularımızadan bir qədər səbrli
olmalarını rica edərək, həm “polkovnik Frolov”, həm də Şeyxin həyatı ilə bağlı
digər ilginc faktları təqdim edirik. Hesab edirik ki, bu məlumatlar Şeyxin
görünməyən tərəflərini də açmaqla onun haqqında daha məlumatlı olmağımızı təmin
edəcək. Beləliklə Şeyxin tərcümeyi-halında çoxlarına bəlli olmayan bəzi məqamlara
nəzər salaq….
Çoxlarına bəllidir ki, Allahşükür Paşazadə 1949-cu ildə Lənkəran
rayonu Cil kəndində anadan
olub və iİk dini təhsilini yerli din adamlarından almışdır. Maraqlıdır,
SSRİ-nin dini dəyərlərə açıq müharibə elan etdiyi illərdə kiçik Allahşükürü və
onun valideynlərini nə məcbur edirdi ki, onu nümunəvi və dünyəvi Sovet məktəbinə
yox, mollaxanaya yollasın?
Bununla bağlı “Yeni Cumhuriyyət” qəzetinə olduqca şok məlumatlar daxil olub. Həmin
məlumatlarda deyilir ki, kiçik Allahşükür də digər yaşıdları kimi Sovet məktəbinə
gedib. Amma sonradan iki ayağını bir başmağa dirəyərək məktəbə getməkdən imtina
edib. Vəziyyəti belə görən valideynləri isə ona heç olmasa dini təhsil vermək qərarına
gəlirlər və bu kiçik Allahşükürün parlaq karyerasının başğlanğıcına çevrilir.
O, 1968 -ci ildə “Mir-Ərəb”
mədrəsəsinə daxil olur və sonrakı illərdə dini təhsilini Daşkənd İslam Universitetində
davam etdirir. 1975-ci
ildə Azərbaycana qayıdan Allahşükür Paşazadə artıq sıradan biri deyildi. Məlumatlara
görə, həmin illərdə Sovet “KQB”-si tərəfindən “verbovka” olunan Paşazadənin kod
adı məhz “polkovnik Frolov” olub. Bakıya qayıtdıqdan sonra Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini vəzifələrini icra edən Allahşükür
Paşazadə1980 -ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilir və
Şeyx-ül-islam dərəcəsinə yüksəlir.
Bütün
bunları xatırlatmaqda məqsədimiz isə Şeyxin heç də zəif fiqur olmadığını diqqətə
çatdırmaq və onun “halal” mübarizəsində məğlub olduğunu düşünənlərə tələsməməyi
məsləhət görməkdir. Hər halda QMİ-nin son bəyanatı Şeyxin növbəti cavab atəşi
idi və bunun davamının olacağı kimsədə şübhə doğurmamalıdır.
Orxan
Həsənli
Short URL: http://www.cumhuriyyet.net/?p=5816