
Və ya Qarabağı qaytarmayan, ölkənin nüfuzunu artırmayan xarici siyasətin özünüifşası…
Ötən bazar günü “Azərbaycan” qəzetində maraqlı bir yazı çıxıb. Ona görə “maraqlı” deyirik ki, mətndə birinci və ikinci Əliyevlərin hakimiyyəti dövründə ölkəmizin dünyada lider olduğunu, qalaktikada da yarışmağa obyekt gəzdiyini, amma tapa bilmədiyini sübut eləməyə çalışırlar. Xülasə, “Balanslaşdırılmış siyasətdən müstəqil siyasətə” adlı yazıda təbliğatdan daha çox ifşa materiallarının olması da bir maraqlı faktdır.
1995-ci ili xatırlayan hər kəs bilir ki, Heydər Əliyev Mart hadisələrini qiyam kimi qiymətləndirirdi və bunun arxasında da Türkiyənin olduğunu gizlətmədən deyirdi. O hadisələrlə bağlı indi “Azərbaycan” qəzeti isə yazır: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun, beynəlxalq miqyasda ölkəmizin mövqelərinin güclənməsini uğurla təmin etməsi anti-azərbaycançı və ermənipərəst dairələri narahat edirdi. Onların sifarişi ilə 1994-1995-ci illərdə Azərbaycanda dövlət çevrilişinə, ölkəni yenidən xaosa sürükləməyə cəhdlər edildi. Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanmışdı və təbii ki, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır”.
Bu yazıda açıq aşkar Türkiyəyə “anti-azərbaycançı” və “ermənipərəst” deyilir. O zaman Türkiyənin prezidenti isə Heydər Əliyevin dünyada ən məhşur olan dostu-qardaşı Süleyman Dəmirəl idi. Ilham Əliyev də bugünlərdə Süleyman Dəmirəli Azərbaycana dəvət edərək, ona hansısa medal verdi. Göründüyü kimi, hakimiyyət, hətta indi də bu balansı düz tuta bilmir. Dəmirələ “ermənipərəst” deyir, Ərdoğan Ermənistanla sərhədləri açmağı müzakirəyə çıxaranda ona qarşı çıxanların yanında olur.
Bir sözlə, bu siyasət Azərbaycana nə verib? Əlbəttə, Türkiyə və Azərbaycan iki qardaş ölkədən mənfəət qonşularına çevriliblər. Bu mənada, heç bir balansdan danışmaq olmaz.
Qarabağı qaytarmayan uğur
Yazının başqa bir hissəsində isə elə “gurultu” var ki, sanki ya Qarabağ alınıb, ya da uğurlu döyüşlərin son saatlarıdır, bizim qulağımız batıb deyə, xəbərimiz yoxdur: “Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Ona görə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutur. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident Ilham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub”.
Bu hissəni geniş şərh etməyə ehtiyac varmı, bilmirəm, amma onu demək bəlkə də kifayətdir ki, Ilham Əliyev Yeni ili, Novruz bayramını hər dəfə “Gələn il Qarabağda” qeyd edir. Heydər Əliyevdə də bu adət var idi. Qarabağsız, Şuşasız, Laçınsız, Xarı Bülbülsüz dura bilmirdi. Yəqin, hökumət qəzeti bu yazıları ona görə belə cəsarətlə yazır ki, geniş kütlələrin oxumayacağından əmindilər.
Bir ciddi məsələni qeyd edək ki, (yazının ruhuna uyğun olmasa da) NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi bu yaxın günlərdə demişdi ki, Azərbaycan NATO ilə ancaq enerji resurslarının təhlükəsizliyi istiqamətində əməkdaşlıqda maraqlıdır. Əslində, hakimiyyətin köpükdən dağ düzəltdiyini biz də bilirdik, amma “yalançının şahidi yanında olar” deyib atalar. Ilham Əliyev Qarabağ üçün NATO ilə əməkdaşlıq etmir, Türkiyə ilə etmir, bircə qalır Rusiya. Onlar da Ermənistanla 50 illik hərbi tərəfdaşlıq müqaviləsi imzalayıblar.
Yəqin, durub vaxtımızın gəlməsini gözləyirik. Həm də yazıda deyildiyi kimi, Ilham Əliyev indi “sözlü hücum” əmri verib axı… Əsas deyişmənin alınmasıdır. Torpaq orada durub da, qaçmır, köhnəlmir.
BMT-də dünyanı idarə etdik…
Yazıda bir yer var ki, onu ilk dəfə qəzet oxuyan azərbaycanlı görsə, düşünər ki, biz niyə o Azərbaycanda yaşamırıq, o cənnəti, dünya hökmranını qoyub, bu cəhənnəmdə, özündən 3 dəfə balaca, 30 dəfə kasıb ölkədən 20 faiz torpağını geri ala bilməyən ölkədə çürüyürük?
Sitat: “Azərbaycanda xarici hərbi bazanın olmaması da ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin müstəqilliyinin təsdiqidir. Bir müddət əvvəl Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı cərəyan edən proseslər də nəticə etibarilə Azərbaycanın öz maraqlarını əsas tutan xarici siyasət həyata keçirdiyini ortaya qoydu. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi də Prezident Ilham Əliyevin yeni dövrün çağırışlarına uyğun həyata keçirdiyi uğurlu, düşünülmüş və məqsədyönlü xarici siyasətinin göstəricisi idi”.
Bax belə, Abbas Abbasovun sorğusuna Putin Administrasiyasından cavab veriblər deyə, Prezident Aparatında 6 ballıq “vibrasiya” ilə gəzirlər, həm də deyirlər ki, nəhəngik. Hələ onu demirəm ki, Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə seçilməyinə biz də sevindik, amma bu illər ərzində Qarabağ mövzusunun müzakirəyə çıxarılmaması uğurdursa, ürəyi gələn Ilham Əliyevi təbrik eləsin.
İlin sarkazmı
Ilham Əliyevin böyük xarici siyasət ustalığından bəhs edən yazı onun sonuncu andiçməsindəki nitqindən sitatla bitir: “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.
Sizi əmin edirəm ki, bu sözləri o, tələskənlikdən deyib. Vaxt az olduğu üçün ötəndəfəki nitqin üzərində işləmək mümkün olmayıb. Bəli, heç vaxt Azərbaycanın gücü belə olmayıb ki, onun başçısı oturub aylarla kimdənsə təbrik məktubu gözləsin, o məktubun da içində təbrikdən başqa hər şey olsun.
Bir sözlə, bu, “balanslaşdırılmış və müstəqil” adlanan xarici siyasətdan daha çox sabun köpüyünə bənzəyir.
(azadliq.info)