Təhsil Nazirliyində qohumbazlıq
10.04.2014 - 10:21

Mikayıl Cabbarov da Misir Mərdanovun bu ənənəsini davam etdirir
Azərbaycan cəmiyyəti təhsil naziri Mikayıl Cabbarovdan ciddi islahatlar gözləyir. Görülən işlər, atılan addımlar böhrandan çıxmağa xidmət etməlidir. Amma baş verənlər göstərir ki, Misir Mərdanovun qoyub getdiyi çoxsaylı problemlərin yaxın vaxtlarda həllinə bəslənən ümidlər get-gedə puça çıxır. Cabbarovun atdığı addımlar da yanlış olsa, artıq hamının əli təhsildən üzülmüş olacaq. Artıq Cabbarovun nazir təyin olunmasının bir ili tamam olur. O, təhsilin inkişafına təkan verə biləcəkmi?
Ötən bir ildə təhsil sistemində inkişafa xidmət edən dəyişikliklər hiss olunmur. Deyəsən, təhsilin özəyini təşkil edən orta təhsildə ciddi islahatlar aparmaq mümkün olmayacaq. Mikayıl Cabbarov nazir təyin olunduqdan dərhal sonra orta məktəblərdəki yeməkxanaların müqəddəratını həll etdi. Yeməkxanadan başlanan islahatın sonra nədən davam etməsindən danışmaq bir qədər çətindir. Onun vaxtında 248 nəfər şagirdə verilən medallar zamanı ortaya çıxan saxtakarlıqlar yaddan çıxa bilməz. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirovun oğluna elə həyat yoldaşının direktoru olduğu məktəbdə qızıl medal verilmişdi. Qədirovun oğlu isə bu etimadı doğruldaraq 473 bal toplamışdı. Mərdanovun sağ əli olan Qədirov hələ də vəzifəsini icra edir. Yeni nazir onu etdiyi aşkar saxtakarlığa görə vəzifəsindən çıxara bilmədi. Rus Dili və Ədəbiyyatı Institutunu qiyabi qurtaran Fərzalı müəllim neçə illərdir ki, belə böyük bir vəzifəni daşıyır. Əgər yeni nazir onun təcrübəsindən istifadə edirsə, bu heç də yaxşı hal deyil.
Yeri gəlmişkən, Bayram Hüseynzadə də hələ “Azərbaycan müəllimi” qəzetinin baş redaktorudur. Bu, pedaqoji ictimaiyyətə sayğısızlıq deyilmi?
Təhsil ekspertləri Misir Mərdanovu tənqid edəndə onun qohumbazlığı ilə bağlı əməllərindən danışırlar. Yeni nazir belə şeylərdən uzaqdırmı? Bu mövzuda “Azadlıq”a ilginc məlumatlar daxil olub.
Məlum olur ki, nazirin köməkçisi Anar Mahmudov Nazirliyin Aparat rəhbəri Mətin Eynullayevin qaynıdır.
Mikayıl Cabbarov Elnur Əliyevi Bakı şəhəri üzrə Təhsil Idarəsi müdirinin 1-ci müavini təyin edib. Elnur Əliyev həm də Təhsil nazirliyində Informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, “Içərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu Idarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK”inin rəisi imiş.
Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin Insan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.
Bir adamın 2 vəzifə tutması hansı qanunvericilikdə yazılıb, Mikayıl müəllim? Bəlkə bu adamlar günün birinci yarısında nazirlikdə, ikinci yarısında isə Təhsil Idarəsində olurlar? Yaxud əksinə…
Budur, yeni təfəkkür? Bəs yeni nazir deyirdi ki, çevik aparat formalaşdıracaq? Yeniliklər bunlardır?
Başqa bir absurda diqqət yetirin. Bakı Rabitə Kollecinin direktoru Əmirşah Əliyev təqaüd yaşına görə vəzifəsindən uzaqlaşdırılır, yerinə isə onunla həmyaşıd olan Aydın Əliyev təyin olunur. Aydın Əliyev də kim olsa yaxşıdır? Həmin Elnur Əliyevin atası.
Mətin Eynullayev nazirin tələbə yoldaşıdır, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur… Təsəvvür edirsinizmi?!
Bu necə kadr siyasətidir ki, Cabbarovun Ağcabədi Pedaqoji Kollecinə təyin etdiyi şəxsi 1-2 aydan sonra Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsi rüşvət üstündə həbs edir? Necə ola bilər ki, bütün kollektivin narazı qaldığı bir şəxsi Cabbarov diretor təyin edir o isə həbs olunur?
Bu arada, təhsil naziri Mikayıl Cabbarovun ötən həftə atdığı addım bu sahənin adamlarını şoka salıb. O, Elmina Kazımzadəni yenidən Dərslikləri Qiymətləndirmə Şurasına sədr gətirib. Misir Mərdanovun ən yaxın adamlarından biri sayılan Elmina xanım elə onun vaxtında da həmin Şuranın sədri idi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu xanımın təsdiqlədiyi onlarla dərsliyin yararsız olduğu haqda rəy verib. Onun psixoloq ixtisası da bu quruma rəhbərlik etməyə əsas yaratmır. Bütün bunlar bir yana, Kazımzadənin rəhbərlik etdiyi “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” Ictimai Birliyinin fəaliyyətində yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində araşdırılır. Maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə cinayət işi başlanıb. Bəlkə bütün bunlardan nazir Cabbarov xəbərsizdir?
Short URL: http://www.cumhuriyyet.net/?p=5823