"Azərsu" suçu "nurçu" "Hidro-Lotos"da görür
10.04.2014 - 14:53
“Azərsu” suçu “nurçu” “Hidro-Lotos”da görür

Su sayğacları sökülən sahibkarlar ayaqda
Zərdab rayonunda sahibkarlarla “Azərsu” ASC arasında qalmaqal davam edir.
Avropa.info bir neçə gün öncə, Zərdab rayonu Sukanal İdarəsi rayondakı ticarət obyektlərinin sahiblərini şoka salacaq addım atdığı haqda məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, 3 ay öncə, Zərdab şəhərində yerləşən ticarət obyektlərinə pulsuz su sayğacı yerləşdirən Su-Kanal İdarəsi həmin sayğacları söküb. Sahibkarlara həmin sayğacın eynisindən almaq tapşırılıb. Obyekt sahibləri su pulu ödədiklərini və Su-Kanal İdarəsinin sayğacı pulsuz quraşdırmaq borcunun olduğunu xatırlatsalar da, adı çəkilən qurumun rəhbərliyi “Azərsu” ASC-dən bu haqda tapşırıq aldıqlarını bildiriblər. Obyekt sahibləri isə su sayğacı üçün əlavə pul ödəmək fikirində olmadıqlarını bildiriblər. Bütün cəhdlərə baxmayaraq, Su-Kanal İdarəsi ticarət obyektlərindəki su sayğaclarını sökərək, sahibkarlara qısa zaman ərzində su sayğacları almağı tapşırıb. İdarədən bildiriblər ki, əks təqdirdə, ticarət obyektləri cərimə olunacaq.
“Qanunvericiliyə uyğun olaraq qeyri-əhali qrupu abunəçiləri üçün su sayğacları sahibkarların vəsaiti hesabına, əhali abunəçiləri üçünsə dövlət vəsaiti hesabına quraşdırılır.” Bu sözləri isə Avropa.info-ya məsələyə münasibət bildirən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı demişdi.
A.Cəbrayıllının bildirmişdi ki, Zərdab şəhərində qeyri-əhali qrupu üçün quraşdırılmış su sayğaclarının dəyərinin ödənilməsi tələb olunur: “Bu günə qədər şəhərdə 86 qeyri-əhali abunəçisinə bununla bağlı bildiriş verilib və onların 36-sı sayğacların dəyərini ödəyib”.
Məlumatda bildirilirdi ki, 3 ay öncə, Zərdab şəhərində yerləşən ticarət obyektlərinə pulsuz su sayğacı yerləşdirən Su-Kanal İdarəsi dünən həmin sayğacları söküb. Sahibkarlara həmin sayğacın eynisindən almaq tapşırılıb. Obyekt sahibləri su pulu ödədiklərini və Su-Kanal İdarəsinin sayğacı pulsuz quraşdırmaq borcunun olduğunu xatırlatsalar da, adı çəkilən qurumun rəhbərliyi “Azərsu” ASC-dən bu haqda tapşırıq aldıqlarını bildiriblər. Obyekt sahibləri isə su sayğacı üçün əlavə pul ödəmək fikirində olmadıqlarını deyiblər. Bütün cəhdlərə baxmayaraq, Su-Kanal İdarəsi ticarət obyektlərindəki su sayğaclarını sökərək, sahibkarlara qısa zaman ərzində su sayğacları almağı tapşırıb. İdarədən bildiriblər ki, əks təqdirdə ticarət obyektləri cərimə olunacaqlar.
Lakin “Azərsu” ASC-nin cavabını yetərli hesab etməyən sahibkarlar, yenidən Avropa.info-ya müraciət etmişdilər. Onlar bildirmişdilər ki, “Azərsu” ASC-nin nəzdində olan Zərdab rayon Su-Kanal İdarəsinə rəsmi məktubla müraciət ediblər və idarədən gələn məktub çox mətləblərə aydınlıq gətirib: “Zərdab rayon Su-Kanal İdarəsinin bizə göndərdiyi rəsmi məktubda “Su Təhcizatı və Tullantı Suları” haqqında Azərbaycan Respublikası qanunun 31-ci maddəsinin 1-ci və 2-ci bəndinə istinad olunur. Lakin həmin maddə də qeyd olunur ki, fiziki şəxslərin su sayğacları istehlakçının hesabına quraşdırılır. Yəni orada sahibkarlıq obyektlərinə su sayğaclarının çəkilməməsi ilə bağlı bir cümlə belə yoxdur. Üstəlik, istinad edilən həmin 31-ci maddənin 2-ci bəndi artıq ləğv edilib. Görünür “Azərsu”nun əməkdaşlarının bu bəndin ləğv olunmasından xəbərləri belə yoxdur. Eyni zamanda, bizə göndərilən rəsmi məktubda bildirilir ki, sahibkarlıq obyektlərinə su sayğacları quraşdıran “Hidrolotus” MMC səhv edib. Guya ki, “Hidrolotus” MMC səhvən sahibkarlıq obyektlərinə su sayğacları çəkib. Bu səhv də “Azərsu”nun yadına su sayğacı çəkiləndən xeyli vaxt sonra düşüb. Bu gülünc bir bəhanədir. Azərsu “Hodrolotus”a çəkilən su sayğaclarının pulunu ödəməsəydi, şirkət bunu çəkməzdi.”
Sahibkarlar qeyd edirlər ki, daha bir nüans ticarət obyektləri sahiblərinə satılması planlaşdırılan su sayğaclarının qiyməti ilə bağlıdır: “”Azərsu” ASC sahibkarlara satılması planlaşdırılan su sayğaclarının qiymətinin 238 manat, Zərdab rayon Sukanal idarəsi isə rəsmi məktubda 247 manat 23 qəpik göstərir. Bütün bu hallar onu göstərir ki, “Azərsu” ASC əslində, sahibkarlardan əsassız yerə pul toplamaq fikirindədir. Baxmayaraq ki, prezident İlham Əliyev dəfələrlə dövlət orqanlarına sahibkarlara mane olmamaq göstərişi verib, “Azərsu” ASC bununla Zərdabda sahibkarlıq fəaliyyətinə mane olur”.
Bir neçə gün öncə isə, “Yeni Müsavat” qəzeti “Azərsu” ASC-nin dəyəri yüz milyonlarla ölçülən layihələrini “Hido Lotos” şirkətinin həyata keçirdiyini və adı çəkilən şirkətin “nurçu”larla bağlılıq səbəbindən çökdürüldüyünü yazmışdı. Qəzetin yazdığına görə, yarandığı gündən indiyə qədər “Azərsu” ASC-nin həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi əksər layihələrin podratçısı olan “Hidro-Lotos”-un fəaliyyəti faktiki olaraq dondurulub.
“Şirkətdə 1 ay öncədən böyük maddi sıxıntılar başlayıb. “Əli pulla oynayan” şirkət rəhbərliyi işçilərə heç bir xəbərdarlıq etmədən onların maaşlarını dayandırıb. Onu da bildirək ki, “Hidro-Lotos”un rəhbərliyindəki şəxslər, eləcə də layihələr üzrə iş icraçıları, onların müavinləri, mühasibatlığı idarə edən şəxslər Azərbaycan reallıqları üçün fantastik məbləğdə – 20-30 min manat arası əməkhaqqı alırmışlar. Bu şəxslərin çoxu Türkiyə vətəndaşlarıdırlar.
Son 1 ayda şirkətin borclu olduğu müəssisələrin sayı da artıb. Qaynaq bildirir ki, şirkət 2-3 ay öncədən Azərbaycan və Türkiyə şirkətlərindən aldığı texniki vasitələrin və quraşdırma avadanlıqlarının haqqını ödəyə bilmir.”
Qəzet şirkətin himayədarının “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov olduğu bildirir.
“Şirkətin qeyri-rəsmi icra müdiri isə Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adı çəkilir. Yada salaq ki, Qorxmaz Hüseynov Rövnəq Abdullayevin yaxın “silahdaşlarındandır”. Q.Hüseynov “Azərsu” ASC-yə rəhbərlikdən öncə ARDNŞ-ın Sosil-İnkişaf İdarəsinə rəhbərlik edib.”
Qeyd edək ki, etiraz edən , zərdablı sahibkarlara göndərilən rəsmi məktubda da, “Hidro-Lotos”un səhvən ticarət obyektlərinə pulsuz su sayğacları quraşdırdığı bildirilir. Amma, suçu “Azərsu” ASC-nin sifarişi əsasında və pulunu öncədən almaqla fəaliyyət göstərən “Hidri-Lotos”un üstünə yıxmaqla iş bitmir axı…
Zərdablı sahibkarların sualları aydındır. “Azərsu” ASC-nin sifarişi əsasında fəaliyyət göstərən “Hidro-Lotos” necə səhv edə bilər ? Bəs pulsuz su sayğaclarının quraşdırılması üçün “Hidro-Lotos” a ödənilən dövlət vəsaiti necə olsun? “Azərsu” ASC bizim suallarımıza nədən cabav vermir.
Göründüyü kimi, “Azərsu” ASC adı “nurçu” qalmaqalında hallanan “Hidro-Lotos”un quraşdırdığı su sayğaclarını sökür. Avropa.info-nun əldə etdiyi məlumata görə, bu söküntülər təkcə Zərdab rayonunda deyil, Bakı şəhəri istisna olmaqla, respublikanın bütün rayonlarında aparılır. Amma ticarət obyektlərindən sökülən bu pulsuz sayğacların əvəzində “Azərsu” yenidən qazanmaq istəyir. Əvvəl “Hidro-Lotos” şirkətinin adı ilə dövlət büdcəsindən ayrılan pullar, indi də sahibkarlardan tələb edilən pullar…
“Azərsu” ASC-nin mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=5841