"Sülh Korpusu" ölkədən niyə çıxarıldı?
Səfirlikdən məsələyə aydınlıq gətirildi

Azərbaycan hökuməti Amerikanın “Sülh Korpusu” proqramı ilə əməkdaşlıq proqramını dayandırıb. “Turan”ın aprelin 9-da yaydığı xəbərdə bildirilir ki, hakimiyyət ilin əvvəlində “Sülh Korpusu”nun Azərbaycanda işləyən onlarla əməkdaşından ölkəni tərk etməsini istəyib. Qeyd edək ki, “Sülh Korpusu” ABŞ vətəndaşlarının başqa ölkələrdə pulsuz ingilis dili tədrisi proqramıdır. Bu proqramla Azərbaycan arasında əməkdaşlıq razılaşmasının müddəti ötən ilin oktyabrında bitib və hakimiyyət əməkdaşlığı uzatmayacağını bildirib. “Sülh Korpusu”nun rəhbərliyi və ABŞ-ın Bakıdakı səfirliyi son bir neçə ayda bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə intensiv təmaslarda olublar. Lakin heç bir müsbət nəticə əldə edilməyib. “Sülh Korpusu” proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və bu proqram çərçivəsində 500-dən çox amerikalı könüllü Azərbaycanda olub. Könüllülər əsasən kənd yerlərində məskunlaşıb və ingilis dili öyrədib. Hazırda “Sülh Korpusu”nun 74 könüllüsü Azərbaycanda qalmaqdadır. Bundan əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistan da “Sülh Korpusu” könüllülərini ölkədən çıxarıb.
Baş verənlərə aydınlıq gətirməsi üçün ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. Qəzetimizin suallarını cavablandıran səfirliyin mətbuat xidməti “Sülh Korpusu”nun fəaliyyətinin dayandırılmasına belə aydınlıq gətirib: “Azərbaycanın Gənclər və İdman Nazirliyi qərara gəldi ki, “Sülh Korpusu” ilə anlaşma memorandumunu uzatmasınlar. Bu memorandumun müddəti keçən ilin noyabrında bitmişdi. Bununla əlaqədar da “Azərbaycanda Gənclərin İnkişafı Proqramı” sona çatır. Aprelin 1-də Azərbaycanın Təhsil Nazirliyi “Sülh Korpusu”nu məlumatlandırıb ki, “İngilis Dilinin Xarici Dil kimi Öyrədilməsi Proqramının” (TEFL) icrasını dəyərləndirmək üçün onu hələlik dayandırır”.
Səfirlik bəyan edir ki, qəbul olunan qərar qrafikə əsasən aprelin 5-də Azərbaycana gəlməyi planlaşdıran 36 könüllünün planlarını pozub. Səfirlik bu proqramların statusu barədə əlavə məlumatı əldə etmək istəyənlərə Azərbaycan hökumətinə müraciət etməyi məsləhət görür. Bütün bunlardan sonra “Sülh Korpusu” bu yaz ölkəyə gəlməyi planlaşdıran 55 könüllünün səfərini təxirə salıb. Amma “Sülh Korpusu” Azərbaycan hökuməti ilə birlikdə Korpusun bu ölkədə proqramlarını yenidən nəzərdən keçirəcək. Eyni zamanda Azərbaycanın Təhsil Nazirliyi “Sülh Korpusu”nu əmin edib ki, ölkədə hazırda çalışan könüllülər proqrama əsasən vəzifələrini sona qədər həyata keçirəcəklər.
XİN-dənbaş verənlə bağlı mövqe öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi.
Hikmət Hacızadə: “Bu qərarların nəticəsində Azərbaycan anti-Qərb, diktator ölkəsi kimi görünəcək”
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, “Sülh Korpusu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması təsadüfi deyil. H.Hacızadə hesab edir ki, burada məqsəd Azərbaycanı xarici təsirlərdən, demokratiyadan tərəqqidən təcrid etməkdir: “Hakimiyyət çalışır ki, Azərbaycana demokratik islahatlar, tərəqqi gəlməsin. Ona görə bəzən bu cür qərarlar qəbul edir. Əlbəttə ki, qəbul olunan qərar ABŞ-ın böyük narazılığına səbəb olacaq. Nəticədə Azərbaycan anti-Qərb, diktator ölkəsi kimi görünəcək. Bunun ağır fəsadları isə Qarabağ danışıqlarında üzə çıxa bilər. Bununla biz ermənilərin əlinə əlavə arqument vermiş olacağıq. Onlar bəyan edəcəklər ki, görürsünüz, onlar tərəqqiyə qarşı çıxırlar. Biz onlarla necə birgə yaşaya bilərik?”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5856