Avstriya məhkəməsində azərbaycanlı nazirlərin dindirilməsi tələb olundu
“Ramil Usubov, Eldar Mahmudov, Elman Rüstəmov… dindirilməlidir”
“Die Presse”: “Bu vəzifəli şəxslərin korrupsiyanı etiraf edəcəkləri inandırıcı görünmür”
Pul əskinaslarının çapına dair Azərbaycan və Suriya ilə bağlanmış müqavilələrdəki korrupsiya, bu ölkələrin Mərkəzi Bankının rəhbərliyilə rüşvət sövdələşməsinə görə cinayət məsuliyyətinə cəlb olunan Avstriya Mərkəzi Bankının rəhbər şəxslərinin məhkəməsi Vyanada davam edir. Avstriya mediası da bu məhkəmə prosesini diqqətlə izləyir.
Avstriyanın “Die Presse” qəzeti yazır ki, bu məhkəmə prosesi hələ xeyli davam edəcək: “Çünki araşdırılası bir çox məsələlər var. Məsələn, rüşvət zəncirinin Azərbaycan və Suriyaya necə gedib çıxdığı araşdırılmalıdır. Necə olub ki, Azərbaycan pul əskinaslarının çapı üçün verdiyi məbləğin 20 faizini geri alıb? Bu izlərin araşdırılması üçün Panama şirkəti (pul bu şirkət vasitəsilə köçürülüb) də prosesə cəlb olunub.
Sübutlar məsələsində müəyyən çətinliklər ortaya çıxıb. Çünki rüşvət Panamadakı şirkət vasitəsilə ötürülüb. Izlər də bu offşor zonada yoxa çıxır.
Təqsirləndirilən şəxslərdən birinin vəkili olan Georq Zanger hesab edir ki, məhkəmə Azərbaycanın yüksək vəzifəli şəxslərini də dindirməlidir. Yalnız bundan sonra məhkəmə həqiqəti üzə çıxara bilər. Vəkil hesab edir ki, məhkəmə xüsusən Azərbaycanın daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Mərkəzi Bankın sədri Elman Rüstəmovu, eləcə də Suriya Milli Bankının rəhbəri Adib Mayalanı dindirməlidir.
Indi məhkəmə və avstriyalı istintaqçılar dilemma qarşısındadır. Çünki Azərbaycan və Suriyada mühüm qərarlar verən vəzifəli şəxslərin korrupsiyanı etiraf edəcəklərinə inanmaq çətindir. Məsələni daha da qəlizləşdirən isə odur ki, Avstriya prokurorluğunun bu işlə bağlı sorğuları cavabsız qalır”
Xatırladaq ki, bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Bankın törəmə şirkəti olan və pul çapıyla məşğul olan “OeBS”in baş direktoru Maykl Vulf da var.
83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən şəxslər 2005-2011-ci illərdə Azərbaycan və Suriya məmurları ilə korrupsiya sövdələşməsinə girərək, bu ölkələrin milli valyutalarının çapı üçün sifariş almağın müqabilində onların Mərkəzi Bank rəhbərliyinə təxminən 14 milyon avro rüşvət veriblər.
Təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları qəbul etmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5870