Aktyoru döyən Nəqliyyat Naziriliyinin "qoçu"ları sərbəst gəzir

11.04.2014 - 10:53

“Sanki belə də olmalıdır”

Nəqliyyat Nazirliyi “qoçu”larının zorakı hərəkətləri adi hal alıb. Cəzasızlıq mühiti “qoçu”ların hər gün daha azğın addımlar atmasına səbəb olur. Bu gün internetə çıxışı olan istənilən şəxs google axtarış sistemində “nəqliyyat qoçuları” yazıb enter düyməsini basmaqla Nəqliyyat Nazirliyi əməkdaşlarının zorakılıqları haqda saysız-hesabsız məlumatlarla tanış ola bilər. 5-6 saniyə ərzində Ziya Məmmədovun işçilərinin “qəhrəman”lıqları haqda 35-36 min xəbər göz önünə gəlir. Təəssüf ki, belə hallara qarşı mübarizə aparmalı olan hüquq-mühafizə orqanlarımız “qoçu”ların cinayətlərini görməzliyə vururlar. 
Bugünlərdə “qoçu”ların zorakılığına Oda Teatrının aktyoru, əməkdar artist İlqar Cahangir məruz qaldı.
Aktyorun zorakılığa məruz qalmasının səbəbi sadədir. O, Beynəlxalq Avtovağzalda Nəqliyyat Departamenti işçilərinin bir sürücüyə qarşı zorakılıq tətbiq etdiklərini görüb və bu səhnəni telefona çəkib. Elə bu vaxt “qoçu”ların hücumuna məruz qalıb. Departament işçiləri tərəfindən təhqir olunan aktyorun telefonu əlindən alınıb, daha sonra telefonu geri qaytarılsa da, yaddaş kartı götürülüb. Aktyorun kobud rəftar, hədə və təhqirlərə məruz qalması ilə əlaqədar teatr prezidentə, aidiyyəti qurumlara rəsmi müraciət edib, məktublar göndərib.
Amma nə faydası. Zorakılar hələ də azadlıqdadır və bəlkə də bu sətirləri oxucu oxuyarkən şəhərin başqa istiqamətində hansısa sürücünü, yoldan ötən piyadanı döyməklə məşğuldurlar.
Dünən İlqar Cahangirlə əlaqə saxlayıb ona qarşı zorakılıq edən şəxslərin saxlanıb-saxlanmamalarını xəbər aldıq. Aktyor deyir ki, həmin şəxslər hələ də azadlıqdadır: “Nəqliyyat Departamentinin mətbuat xidmətindən zəng edib dedilər ki, tədbir görəcəklər. Həmin adamlar da gəldilər, lakin məndən üzr istəməyib getdilər. Sanki elə belə də olmalıdır. Müraciət etmişik, nəticəsini gözləyirik”.
Qeyd edək ki, Oda Teatrının prezidentə yazdığı məktubda
qanunsuzluğa yol verən həmin şəxslərin cəzalandırılması istənilir, vətəndaşa, xüsusən də mədəniyyət işçisinə qarşı bu cür rəftar sərgiləyən adıçəkilən qurumun əməkdaşlarının özbaşınalığına son qoyulması üçün əməli tədbirlərin görülməsi xahiş olunur. Nəqliyyat Departamentindən AzadlıqRadiosuna hadisədən məlumatsız olduqlarını deyiblər. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nümayəndəsi Əmrah Cəfərovsa deyib ki, hüquq alidir və vətəndaşın problemi qanun çərçivəsində öz həllini tapacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=5874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728