Bir idarədə yeyinti 800 min manatdırsa…

11.04.2014 - 11:02

“Azərbaycanın bütün bölgələrində eyni vəziyyət hökm sürür və bu fəaliyyətlə böyük bir şəbəkə məşğul olur”

Ölkənin bütün sahələrində korrupsiyanın tüğyan etdiyi heç kimə sirr deyil. Müxtəlif zamanlarda korrupsiyanın hökm sürməsi rəsmi şəkildə də etiraf olunur. Bildiyimiz kimi, ölkə iqtisadiyyatı tamamilə neftdən asılı vəziyyətdədir və qeyri-neft sektorunun inkişafında hökumət maraqlı görünmür. Iqtisadiyyatın inkişaf etdirilməsi üçün əsas sahələrdən biri də kənd təsərrüfatıdır və Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər potensial var. Ancaq biz bu sahədəki inkişafdan yox, korrupsiyadan tez-tez xəbər tuturuq. Bugünlərdə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialının müdiri barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, filialın müdiri 66 nəfərin adından onların xəbəri olmadan, mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirib və nəticədə 789000 manat vəsaiti mənimsəyib. Təsəvvür edin, bu, 1 milyon dollardan artıq vəsait deməkdir və bu hal ölkənin kiçik bir rayonunda baş verib.
Yalnız bir rayonda milyonluq korrupsiya faktı aşkar olunursa, digər şəhər və rayonlarda hansı vəziyyətin hökm sürdüyünü təsəvvür etmək çətin deyil. Inandırıcı deyil ki, bu miqyasda olan yeyinti faktları hansısa yerli mütəxəssisin özfəaliyyəti səviyyəsində həyata keçirilsin.
Ümumiyyətlə, yalnız rəsmi şəkildə etiraf olunan bu fakta istinad edib, digər bölgələrin vəziyyəti haqda necə qiymətləndirmə aparmaq olar?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanın bütün bölgələrində eyni vəziyyət hökm sürür və rəhbər şəxslər də bu vəziyyətdən xəbərdardılar: “Biz “Aqrolizinq” yaranan, aqrar sahəyə subsidiya ayrılan, o cümlədən güzəştli kreditlər verilən vaxtdan prosesi izləyirik. Araşdırmalar zamanı fermerlər, kənd təsərrüfatı işçiləri həm gübrənin, həm texnikanın alınmasında, həm subsidiyaların verilməsində yaranmış korrupsiya hallarından danışırlar. Biz çalışırıq ki, bu sahədəki neqativ halları mətbuatda işıqlandıraq. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, bu sahədə korrupsiya halları müşahidə olunmasın. Bir neçə il öncə Maliyyə Nazirliyi də bu sahədəki korrupsiyanı, qanunsuzluğu aşkar etmişdi. Həm Kənd Təsərrüfatı nazirinin, həm də nazirliyin müxtəlif strukturlarında vəzifə tutan şəxslərin bu vəziyyətdən xəbəri var. Bu hallar sona qədər yoxlansaydı, ipin ucunun kimin əlində olduğu bilinərdi. Indi bir rayonun timsalında korrupsiya faktını ictimailəşdirirlər. Ancaq daha böyük maliyyənin mənimsənildiyi bölgələr üzrə faktlar kölgədə qalacaq. Bu işlə məşğul olan böyük bir şəbəkə var. Şəkidə aşkar olunan yeyinti də bir günün, bir ayın fəaliyyəti deyil və bu mənimsəmə yuxarılarla razılaşdırılıb. Çünki milyonlarla manatı yemək, silmək bir adamın işi ola bilməz. Yəni yaranmış neqativ hallar eyni mərkəzdən idarə olunur. Kənd təsərrüfatının inkişafına yönəlmiş maliyyə mənimsənilir və nəticədə bu sahə tamamilə çökür. Yaxşı olar ki, prokurorluq bu işi başa çatdırsın və bu şəbəkənin kökünü üzə çıxarsın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930