Prezidentin Naxçıvana səfərindən sonra…
11.04.2014 - 17:19
Prezidentin Naxçıvana səfərindən sonra…

..Talıbovlara məxsus holdinqdə yoxlamalar başlayıb
Naxçıvanda Talıbovlara məxsus olan “Gəmiqaya” Holdinqdə ciddi yoxlamalara başlanıb.
Maderator.az-a daxil olan məlumata görə, artıq holdinq demək olar ki, tikinti işlərini və bir neçə sahədə istehsalını dayandırıb. Yoxlamalar zamanı 150 milyon yeyinti aşkarlandığı və “Gəmiqayanın” “Cahan” Holdinq və “Dizayn” MMC arasında bölüşdürüləcəyi də gələn xəbərlər arasındadır.
Məlumatda əlavə olaraq qeyd edilir ki, Ali Məclisin sədri Vasif Talıbovun tapşırığı ilə Holdinqdə işləyən Türkiyədən gəlmiş işçilərin və Türkiyədən Holdinqə gətirilən texnikaların çoxu Naxçıvandan çıxarılıb. İşdən çıxarılan kürd mənşəli Türkiyə vətəndaşları arasında Holdinqdə yüksək vəzifə tutan şəxslərin də olduğu bildirilir.
Mənbə, “Gəmiqaya” Holdinqin ortağı Türkiyəli iş adamı Emin Uçar haqqında da müxtəlif söz-söhbətlərin ortaya çıxdığı, son zamanlar ortalarda görünmədiyi və hətta həbs olunması ilə bağlı xəbərlər yayıldığını bildirir.
Məlumatda qeyd olunur ki, türkiyəli kürd mənşəli işçilərin V. Talıbov tərəfindən Naxçıvandan çıxarılması əhali arasında müsbət qarşılansa da, MR Daxili İşlər naziri Əhməd Əhmədovu ciddi narahat edib və bu səbəbdən adı çəkilən şəxslər arasında müəyyən gərginlik yaranıb. Bundan əvvəldə dəfələrlə nazirin canı-dildən gəlmə işçiləri müdafiə etməsi mətbuatın gündəminə yansımışdı.
Bildirilir ki, son illər regionların sosial inkişafı proqramı çərçivəsində Naxçıvanda aparılan böyük tikinti işlərini formal olaraq tenderdə həmişə “Gəmiqaya” Holdinq udub və böyük layihələr həyata keçirib. İşlərin həyata keçirilməsində əsas üstünlük Türkiyədən gətirilən işçilərə verilib. Tikintidə istifadə olunan texnikaların belə böyük əksəriyyəti müqavilə əsasında Türkiyədən gətirilib və bunun müqabilində çox böyük məbləğdə pullar ödənilib. Holdinqdə işləyən yerli işçilərlə gəlmələr arasında ciddi ayrı-seçkiliyin olduğu dəfələrlə Azərbaycan mediasının gündəminə çıxarılıb. Belə ki, eyni işi görən yerli işçilərə 250-300 manat verildiyi halda, Türkiyədən gələn kürd əsillilərə 2000-3000 manat, bəzi hallarda daha yüksək aylıq əməkhaqqı ödənildiyi haqda məlumatlar verilmişdi. Buna etiraz edən yerli işçilər isə daima təzyiqlə və işdən qovulmaqla üzləşmişdilər. Son olaraq bu ilin əvvəlində ayrıseçkiliyə etiraz edən 20 nəfər yerli sakin Holdinqin ortağı Emin Uçar tərəfindən işdən qovulması haqda mətbuatda xəbərlər yer almışdı.
Qeyd edək ki, Holdinqin ortağının PKK ilə yaxınlığı haqda məlumatlar da uzun illərdir Azərbaycan mətbuatının gündəmindədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5895