İlham Mirzəyevin fırıldaqçı siması

12.04.2014 - 00:30

“Space”nin aparıcısına indi istintaq etiraf
etdirəcək

 

“Space”nin aparıcısına indi istintaq etiraf
etdirəcək

 

Space
telekanalının aparıcısı İlham Mirzəyev polis əməliyyatı çərçivəsində
saxlanılıb. “Onun saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən
aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub.  İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)
maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”, deyə DİN-in mətbuat
xidmətinin nümayəndəsi Ehsan Zahidov bildirib.

Qeyri-rəsmi
məlumatlara görə, söhbət Mirzəyevin öz klinikasında məşğul olduğu falçılıq fəaliyyətindən
gedir.  Məlumata görə, İlham Mirzəyevin həbsindən
sonra sahibi olduğu “İlhaMed” klinikası bağlanıb və onun həyat
yoldaşı, uşaqları və anası Bakını tərk edib.Əldə etdiyimiz məlumata görə,
hazırda onun ailəsi Şirvan şəhərindədir.

Teleaparıcıya
qarşı irəli sürülən ittihamın səbəbləri haqda aydın təsəvvür yaratmaq üçün bu
yaxınlarda (04.04.2014) dövləti qəzeti olan “Xalq qəzeti”ndə İttifaq Mirzəbəyli
və Əliqismət Bədəlovun müəllifləri olduğu “Yalan ayaq tutar, amma yeriməz…”
adlı məqaləsindən müəyyən hissələri diqqətinizə çatdırırıq: “Özünü cəmiyyətə
şair, publisist, tədqiqatçı, psixoloq, alim kimi təqdim edən, teleaparıcılıqla
yanaşı insanlara səmadan xəbər verən İlham Mirzəyevin daha bir neçə “keyfiyyətləri”
üzə çıxıb. Sən demə o, yüksək məbləğli pul müqabilində falçılıq etmək,
problemli insanlara dua yazmaq və müxtəlif proseslərin nəticələri barədə
proqnozlar vermək kimi “qeyri-adi fəaliyyətlə” də məşğul imiş. Ali təhsilli bir
insanın ( O, “həkimliklə” məşğul olsa da, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
İnstitutunun məzunudur) XXI əsrin ikinci onilliyində kosmosa rabitə peyki göndərən,
BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik edən,
hüquqi, dünyəvi və demokratik dövlətçilik kursu götürən bir respublikanın vətəndaşlarını
cəhalətə sürükləməyin məsuliyyətini dərk etməməsi çox təəccüblüdür. Ancaq təəccüblü
olan təkcə bu o deyil,  həm də odur ki, bəzi
insanlar hələ də elmlə cəhalətin, dinlə xurafatın fərqini başa düşə bilmirlər.
Əgər belə olmasaydı, onlar öz hamilə qadınlarını və ya “uşağa qalmayan” gəlinlərini
bu avantüristin yanına göndərərək ekstrasens və ya falçı köməyi gözləməzdilər.

Uzun
illərdir ki, ölkənin aparıcı kütləvi informasiya vasitələri xalqı cəhalətə
sürükləyən və bu yolla da cəmiyyətdə böyük fəlakətlərə yol açan falçılığın zərəri
barədə materiallar dərc edir, bəd əməl sahiblərini ifşa edirlər. İlham Mirzəyev
kimi bütün mənəvi keyfiyyətlərdən məhrum olan insanlar isə təkcə yüksək
qazanclı falçılığı təbliğ etmir, həm də real həyatda falçılıqla məşğul olurlar.
İlham Mirzəyevin fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyərkən
öyrəndik ki, bu adam hətta, falçılıqdan əldə etdiyi qazanc hesabına dəyəri
milyon manatdan artıq olan restoran tikdirmiş, avadanlığının hər biri 150-250
min manata başa gələn “İlhaMed” adlı özəl klinika açmış və başqa “layihələr”
reallaşdırmışdır. Doğrudur, bəzi ekspertlərin fikrincə, bu qədər vəsaiti
hansısa falçılıq və ya ekstrasensliklə əldə etmək mümkün deyil. Ancaq məhz həmin
ekspertlər əlavə edirlər ki, həmin vəsait mütləq hansısa çirkli mənbədən
qaynayır. Əgər ikinci ehtimal doğrudursa, daha da pis. Əlbəttə, həmin ehtimalın
dəqiqləşdirilməsi bizim yox, başqa qurumların vəzifəsidir. Bizim söylədiyimiz
falçılıq, ekstrasenslik və dua yazmaq kimi əməlləri isə İlham Mirzəyev minlərlə
adamın gözü qarşısında həyata keçirir.

Ölkə
mətbuatının, demək olar ki, böyük əksəriyyəti geniş tamaşaçı kütlələrinə
“Etiraf” verilişinin aparıcısı kimi tanış olan İlham Mirzəyevin sürəkli şəkildə
falçılıq və baxıcılıqla məşğul olduğunu yazır, ekstrasensin bu məqsədlə
metronun “Gənclik” stansiyasının yaxınlığında beşmərtəbəli ofis binasını icarəyə
götürdüyünü bildirirlər. Sadəcə yazmırlar, həm də sübut edirlər. Məsələn,
“Bizim dövr” internet saytı yazır: “Təbii ki, belə bir ofisin icarə haqqını ödəmək
üçün baxıcının xidmət tarifləri də müvafiq şəkildə müəyyənləşdirilib. Belə ki,
bu gün İlham Mirzəyevin sadəcə qəbuluna düşmək üçün 1000 manat ödəmək lazımdır.
Amma əgər siz BDU-da dərs deyən elmlər namizədinin bəxtinizi açmasına ümid
edirsinizsə, bu sizə daha 15 min manata qədər başa gələ bilər. Elə
redaksiyamıza müraciət edən bir vətəndaş da anadangəlmə lal və kar olan
övladının həm dilini, həm də qulaqlarını açmaq vədi müqabilində İlham Mirzəyevə
15 min manat verdiyini söyləyir. Amma bu pulun müqabilində valideynin əldə
etdiyi də təbii ki, ancaq quru vəd olub. Buna baxmayaraq, “məşhur astroloqun”
bu gün də müştəriləri kifayət qədərdir”.

Acı
gülüş və təəssüf yaradan məqamlardan biri də odur ki, cadu-piti vasitəsilə
populyarlıq əldə etmək, rəqiblərinin səsini batırmaq ümidində olan “ağıllı” şou-biznes
nümayəndələri İlham Mirzəyevin müştəriləri arasında çoxluq təşkil edirlər.Yayılan
qəzet məlumatlarında o da qeyd olunur ki, əvvəllər İlham Mirzəyevin müştəriləri
arasında siyasətçilərə də rast gəlmək olurmuş. Məlumatlı mənbələr xəbər verirlər
ki, onun təkcə Bakı şəhərində malik olduğu bir neçə ev, Abşeron ərazisindəki
bağlar və bir neçə kommersiya obyektləri də bu özünüreklamın sayəsində əldə
olunmuşdur. Hətta, deyilənə görə onun “Tale yolları” adlı restoranının qiyməti
milyonla ölçülür. Bu sıraya başqa obyektləri də əlavə etmək olar.

Qələm
sahiblərindən biri yazır: “Teleaparıcı, psixologiya elmləri namizədi, astroloq,
şair İlham Mirzəyevin humanist, qayğıkeş obrazı, qadın dedi-qodusu ruhunda söhbətləri,
sualları məni qıcıqlandırmır. Əksinə, məzəli gəlir. Hətta, o bu istedadı ilə
komediya filmində və ya tamaşada uğurla oynaya bilərdi. Di gəl ki, İlham Mirzəyev
televiziyaya dəxli olmayan adamdır. Daha doğrusu, bu gün telekanallarda çalışan
çoxlu sayda təsadüfi adamlardan biridir. Fikrimizi konkret məqamlarla əsaslandıraq.
İlham Mirzəyevin bir verilişinə pənah aparan kişi cavanlıq səhvini gec də olsa
düzəltməyi qərara alır və mərhəmətli astroloqdan onu keçmişdə aldadıb bədbəxt
etdiyi qızla barışdırmağı xahiş edir. Predmetin tragikomik, dəvət olunan iştirakçıların
saxta və ya həqiqi olub-olmaması məsələsini bir kənara buraxıb, tamamilə başqa
məqamlardan danışaq. Təbii ki, tok-şouda “dar ağacına çəkilən” gənc kişi idi.
Bu adam hadisəni nəql edəndən sonra studiyada ona ünvanlanan təhqir yağışına məruz
qaldı: “Nə qədər bişərəf, axırıncı adam olasan ki, belə bir “ziyalının, şəxsiyyətin”
(yəni İ.Mirzəyevin- red.) verilişinə gələsən”. “Səni görüm maşın altında
qalasan”. “Utan, utan üzün də var danışmağa”. “Biqeyrət oğul”. “Sən əxlaqsızsan”.
“Sən səviyysəsiz ailənin oğlusan” və s. Sonra studiyaya daxil olan,
uğursuzluqların səbəbkarı qadın da kişiyə bir neçə “daş” atdı: “Sən bişərəf,
binamussan ki, məni aldatdın”.

Söyüşləri, təhqirləri sakitcə, ləzzətlə izləyən
və üzündə məmnunluq ifadəsi dolaşan İlham Mirzəyev isə kişiyə “sənə demişdim
ki, başını tumarlamayacaqlar” söylədi. Çoxsaylı titullarının olmasına rəğmən
İlham Mirzəyevin televiziyanın qanunları, jurnalistika haqda ən zəruri, adi
bilgiləri almağa ehtiyacı var. İndi mütəmadi olaraq yerli və əcnəbi mütəxəssislərin
iştirakı ilə jurnalistika kursları keçirilir. İlham Mirzəyevin arada belə
kurslara baş çəkməsi onun üçün faydalı olardı”. Yəni, bu adamın jurnalistliyi,
teleaparıcılığı da elə falçılığı, ekstrasensliyi kimi pul, var- dövlət qazanmaq
vasitəsindən başqa bir şey deyil.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5901

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930