Hökumətin ədalətsiz kompensasiyası yeni narazılığa səbəb oldu
Sabunçu Rayon Polis İdarəsi bu barədə məlumat yaymışdı. Məlumata görə
sakinlər Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə
Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib. Aksiya
dağıdılıb.
Sakinlər niyə aksiya keçirirdilər? Bunun səbəbi ilə maraqlanan olubmu?
Kəmalə
Məmmədova 8 ildir ki, Pirşağıda torpaq alıb, ev tikdirib. Deyir, indi
də icra hakimiyyəti nümayəndələri gəlib qapısını döyüblər ki, bəs evin
yeni yolun çəkilməsi ilə bağlı plana düşür. K. Məmmədova dövlət ehtiyacı
üçün torpağının plana düşməsinə, evinin sökülməsinə etiraz etmir. Onun
etirazına səbəb evinə görə təklif olunan kompensasiyadır. Deyir 1 sot
torpaqda tikdiyi 32 kvadrat metrlik evinə görə ona 7 min manat təklif
olunur. Bu məbləğə isə başqa heç bir yerdən nəinki ev, heç torpaq da ala
bilməz: “İki körpəm var. Bu torpağı da toydan sonra valideynlərimiz
hədiyyə etmişdi. Min bir əziyyətlə içində kiçik bir daxma tikmişdik.
Yaşayırdıq. İndi də deyirlər plana düşür, sökürük. Ay qardaş pis yaxşı
yaşayırdıq da. İndi verdiyiniz 7 min manatla mən hardan, nə alım?”.
Yol
çəkilişinə görə plana düşən Pirşağı qəsəbəsindəki evlərin sahibləri ilə
indiyə qədər bələdiyyə və icra hakimiyyəti nümayəndələrindən başqa heç
kim danışmayıb, təkliflər etməyiblər. Sakinləri də narahat edən budur.
Deyirlər əgər yolu çəkən şirkət, nazirlik gəlmirsə deməli onları
aldadırlar: “Axı biz nə bilək bələdiyyə və icra hakimiyyəti
nümayəndələri onlardan çox alıb, bizə az təklif etmirlər? İlk öncə
dedilər sotuna 200-250 manat pul verilir. Etiraz etdik, yolu bağladıq.
İcra başçısı bizə dedi ki, əlimdən gəldiyi köməyi edəcəyəm sizin üçün.
Bəlkə 400 manata qaldıra bilərik verilən pulu. Mən anlamıram, bizim
xahişimizi icra başçısı niyə etməlidir ki? Qanunla haqqımız nədir onu da
versinlər. Başqa heç nə istəmirik”, – bu sözləri isə Emin Əliyev deyir.
Pirşağı
bələdiyyəsinin nümayəndəsi Seymur Hüseynov isə sakinlərin bu etirazına
cavab olaraq bildirdi ki, burada bələdiyyəlik bir şey yoxdur: “Sakinlər
ilkin ödəmək istədikləri vəsaitə etiraz etdilər. Odur ki, yol çəkilişi
dayandırıldı. İndi yenidən qiymətləndirmə aparılacaq. Sadfəcə bir az
səbirli olmaq lazımdır”.
Pirşağı
qəsəbəsinin ərazisindən Dairəvi yol keçəcək. Məhz həmin yolun
çəkilməsinə görə də bəzi sakinlərin evləri plana düşür. Sakinlər isə
verilən kompensasiyadan narazıdırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=5906