Azərbaycanlı nazirlər məhkəməyə zorla aparıla bilər
Vyanadakı “rüşvət məhkəməsin”dən qaçmaq çətin olacaq
Vyanadakı “rüşvət məhkəməsin”dən qaçmaq çətin olacaq
Avstriyanın “Die Presse” qəzetində Azərbaycan hakimiyyətinin ünlü
isimlərinin də adı hallandığı Vyanadakı rüşvət məhkəməsi barədə geniş
məqalə dərc olunması barədə xəbər vermişdik. Bildirmişdik ki, məqalədə
məhkəmə prosesinin hələ xeyli vaxt davam edəcəyi vurğulanır: “Çünki
araşdırılası bir çox məsələlər var.
Məsələn, rüşvət zəncirinin Azərbaycan və Suriyaya necə gedib çıxdığı
araşdırılmalıdır. Necə olub ki, Azərbaycan pul əskinaslarının çapı üçün
verdiyi məbləğin 20 faizini geri alıb? Bu izlərin araşdırılması üçün
Panama şirkəti (pul bu şirkət vasitəsilə köçürülüb) də prosesə cəlb
olunub.
Sübutlar məsələsində müəyyən çətinliklər ortaya çıxıb. Çünki rüşvət
Panamadakı şirkət vasitəsilə ötürülüb. Izlər də bu offşor zonada yoxa
çıxır. Təqsirləndirilən şəxslərdən birinin vəkili olan Georq Zanger
hesab edir ki, məhkəmə Azərbaycanın yüksək vəzifəli şəxslərini də
dindirməlidir. Yalnız bundan sonra məhkəmə həqiqəti üzə çıxara bilər.
Vəkil hesab edir ki, məhkəmə xüsusən Azərbaycanın daxili işlər naziri
Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Mərkəzi Bankın
sədri Elman Rüstəmovu, eləcə də Suriya Milli Bankının rəhbəri Adib
Mayalanı dindirməlidir.
Indi məhkəmə və avstriyalı istintaqçılar dilemma qarşısındadır. Çünki
Azərbaycan və Suriyada mühüm qərarlar verən vəzifəli şəxslərin
korrupsiyanı etiraf edəcəklərinə inanmaq çətindir. Məsələni daha da
qəlizləşdirən isə odur ki, Avstriya prokurorluğunun bu işlə bağlı
sorğuları cavabsız qalır”.
Tanınmış vəkil Müzəffər Baxış deyir ki, məhkəmə bunu
təmin etsə, həmin şəxslərin şahid qismində gəlməsi üçün Azərbaycana
sorğu göndərəcək: “Əgər gəlməsələr məhkəmə onların məcburi gətirilməsi
barədə tapşırıq verə bilər. Çünki Avstriya da Avropa Şurasının üzvüdür”.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a məsələylə bağlı şərh verməyib: “Xaricdəki hər hansı bir
vəkilin əsassız və cəfəng bəyanatını şərh etmək istəmirəm”. MTN-nin və
Mərkəzi Bankın mətbuat xidmətləri ilə əlaqə yaratmaq mümkün
olmayıb. Xatırladaq ki, bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9
nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr
müavini, 63 yaşlı Volfanq Duçazek, Bankın törəmə şirkəti olan və pul
çapıyla məşğul olan “OeBS”in baş direktoru Maykl Vulf da var.
83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən
şəxslər 2005-2011-ci illərdə Azərbaycan və Suriya məmurları ilə
korrupsiya sövdələşməsinə girərək, bu ölkələrin milli valyutalarının
çapı üçün sifariş almağın müqabilində onların Mərkəzi Bank rəhbərliyinə
təxminən 14 milyon avro rüşvət veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=5912