İsgəndər Xəlilovun Azərbaycandakı biznesinə əl qoyula bilər

12.04.2014 - 11:35

İsgəndər Xəlilovun Azərbaycandakı biznesinə əl qoyula bilər

Oliqarxın Dağlıq Qarabağın işğalına rəhbərlik edən Robert Köçəryanla ortaq biznes qurmasına rəsmi Bakının sərt reaksiya verəcəyi gözlənilir; “Milyarderlər klubu”na qoşulmaqla hakimiyyəti qıcıqlandırmış İ.Xəlilovun növbəti səhvi ona baha başa gələ bilərXəbər verdiyimiz kimi, “İSR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan İsgəndər Xəlilovun oğlu Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olub. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rəhman Xəlilov “SQ-Trans” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib. Lakin şirkət məlumatı bir neçə gün əvvəl yayıb.
R.Xəlilov hazırda “İSR Holdinq”in tərkibinə daxil olan “İSR Trans” şirkətinin Direktorlar Şurasının rəhbəridir. “İSR Trans” dəmir yolu ilə neft daşımalarını həyata keçirir. “SQ-Trans” şirkətinin Direktorlar Şurasına azərbaycanlı oliqarxın oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın vitse-prezidenti Vsevolod Rozanov və “Başneft”in vitse-prezdenti Denis Stankeviç də seçiliblər.
“SQ-Trans”ın Direktorlar Şurasına 10 nəfər daxildir. “SQ-Trans” Rusiyanın yüngül mineral xammal və neft daşıyan ən iri dəmir yol operatorlarından biridir. “Sistema” maliyyə korporasiyasına gəldikdə isə onun Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da yer alır. R.Köçəryan “Sistema”da cüzi payla təmsil olunur.
R.Xəlilovun Direktorlar Şurasında ermənin yer aldığı “Sistema” korporasiyasının mülkiyyətində olan “SQ-Trans”ın Direktorlar Şurasına seçilməsi Rusiya biznes mühiti üçün adi haldır. Çünki Rusiyada azərbaycanlı və erməni yaşayam iş adamları arasında ciddi əməkdaşlıq və etimad mühiti mövcuddur. Onlar biri-birinə böyük məbləğli borclar verir, biznes qururlar. Sanki onlar üçün Dağlıq Qarabağ problemi artıq bitib. Ancaq burada söhbət sıravi ermənidən yox, Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslə işbirliyindən gedir.
O biri tərəfdənsə, qarşı tərəf də sıradan bir şəxs yox, milyardlarla dövriyyəsi və Azərbaycanda böyük biznesi olan bir şəxsdir. Bu baxımdan İ.Xəliliovun Azərbaycan hakimiyyəti sanksiyaları ilə üzləşəcəyi tam gözləniləndir. Xüsusilə o halda ki, Azərbaycan hakimiyyətinin “erməni tərəfdaşlığına” münasibəti çox neqativdir. Bu münasibət Ramil Səfərov,  Əkrəm Əylisli məsələsində daha qabarıq nəzərə çarpdı. Bu baxımdan Köçəryanla işbirliyinə gedən İ.Xəlilovun da cəzasız qalmayacağını proqnozlaşdırmaq olar.
Təbii ki, Rusiya vətəndaşı olan və dünya çaplı oliqarxlardan sayılan İ.Xəlilovu hakimiyyət həbs etməyəcək. Onun məruz qalacağı ən böyük sanksiya Azərbaycandakı biznesinin məhdudlaşdırılması ola bilər və bu da reallıqda çətin bir iş deyil. Hollandiyanın dünyaca məşhur “Fondel”, Türkiyən “Barmek” şirkətini rəsmən ölkədən qovan Azərbaycan hakimiyyəti üçün İ.Xəlilovun biznesini bitirmək çətin bir iş deyil. Üstəlik də, konkret İ.Xəlilovla belə bir president mövcuddur. 2012-ci ildə İ.Xəliova məxsus “Bakı Teleqraf” ASC rəsmən əlindən alındı. Əmlak Məsələləri Dövlət Komitəsi cəmiyyətin səhmlərinin 97,38 faizini investisiya müsabiqəsinə çıxartdı. 7 il əvvəl bu səhmlər “Polton Vencars ltd.” (Böyük Britaniya) şirkətinə satılmışdı. Şirkət İ.Xəlilova məxsus idi. O “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 98,8 faizini investisiya müsabiqəsi yolu ilə əldə etmişdi. Bu məsələnin bir tərəfidir.
O biri tərəfdənsə, yazılmamış qanunlara görə, belə sanksiyalar hansısa səhvlərə görə tətbiq edilir. Görünür, İ.Xəlilov 2012-ci ilə qədər əmlakın “milliləşdirilməsinə” gətirib çıxaran bir səhvə yol verib. Cəza olaraq 7 milyon dollarlıq obyekti əlindən alınıb. Hakimiyyətlə çox isti münasibəti olan İ.Xəlilov 2012-ci ilin sentyabrında daha bir səhvə yol verib. Azərbaycan hökumətinin nəzarətindən kənarda yaradılan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqına (RATİ, ancaq daha çox “Milyarderlər İttifaqı” adı ilə tanınır) təsisçilərindən biri olub.
2012-ci ilin Rusiyada yaşayan azərbaycanlı iş adamları Abbas Abbasov, Vahid Ələkbərov, Araz Ağalarov, Ramazan Abdulatipov, Rüstəm İbrahimbəyov, Telman İsmayılov, Söyün Sadıqov və İsgəndər Xəlilov bir araya gələrək RATİ-ni təsis ediblər. Rəsmi Bakı bu qurumun yaradılmasına çox aqressiv reaksiya verib, bunu “Azərbaycanın lobbi təşkilatlarını parçalamaq” cəhdi kimi dəyərləndirib. Yəni İ.Xəlilovun biznesinin yağmalanması üçün başqa ciddi əsaslar da var. Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən Köçəryanla işbirliyini də nəzərə alsaq, çox yaxın vaxtlarda İ.Xəlilova qarşı yönələn sanksiyaların şahidi ola bilərik.
İ.Xəlilov 1955-ci ildə Bakıda anadan olub. Bakıda Xalq Təsərrüfatı İnstitutunu, Moskvada isə Hüquq Akademiyasını bitirib. O, biznesə 1980-ci illərin ortalarında Rusiyada restoran biznesi ilə başlayıb. Xəlilovun əsas biznes uğurları isə sovetlər sisteminin çökməsi ilə eyni vaxta düşür. Rusiyanın aparıcı neft şirkətlərindən olan “LUKoil”un prezidenti Vahid Ələkbərovla dostluq edən İ.Xəlilov şirkətin indiki ilə müqayisədə fantastik dərəcədə ucuz olan səhmlərinin bir hissəsini alır. 1995-ci ildə isə Xəlilov bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri quran məşhur ISR-Holdinqini yaradır. Holdinqdə ümumilikdə 35 minə qədər işçi çalışır.
İ.Xəlilovun Azərbaycanda böyük biznes şəbəkəsi var: Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” hotelləri, “Mc.Donald’s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları ona məxsusdur. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5914

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930