Gülər Əhmədova məhkəmədə peşmançılığını dilə gətirdi

12.04.2014 - 11:41
“Bilsəydim, deputat mandatımdan imtina etməzdim…”

“Bilsəydim, deputat mandatımdan imtina etməzdim…”

“Əmin deyiləm ki, prezidentə hər şey doğru-dürüst çatdırılır; mənə qarşı qərəz var”

 

 

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədova dünən yenidən
məhkəmə qarşısına çıxıb. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə
məhkəmə iclası keçirilib. Qeyd edək ki, Gülər Əhmədovanın müdafiəsinə
əvvəlki vəkili Əfsər Talıbovla yanaşı, daha iki nəfər – Fazil Nemətov və
Lətif Ağayev də qoşulub.
Məhkəmə iclası başlayan kimi vəkil Fazil
Nemətov apelyasiya Gələr Əhmədova barəsində həbs-qətimkan tədbirinin
dəyişdirilməsi, cinayət işinin yenidən araşdırılması üçün birinci
instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlər verib: “Olmayan
zərərçəkən, olmayan məbləğ üzrə cinayət işi açılıb. Zərərçəkən olmayanda
işə xitam verilir. O video materialları Elşad Abdullayev yox, başqası
yayıb. Şikayət ərizəsini də o yox, başqası yazıb. Mən də deyirəm ki,
görüntüdə Elşad Abdullayev yoxdur, o ərizə də onun deyil, imza da. Ümid
edirəm ki, ittiham tərəfi bizə bunun əksini sübut edəcək. Zərərçəkmiş
olmadığı halda mülki iddia necə və kim tərəfindən qəbul edilib?”

Digər vəkil Əfsər Talıbov da sözügedən vəsatətə münasibət bildirərək
deyib ki, Gülər Əhmədova etibardan sui-istifadə edərək dələduzluqda
ittiham olunur: “Əgər ortada zərərçəkən yoxdursa, kimin etibarından
söhbət gedir?”

Gülər Əhmədova da vəkillərinin vəsatətlərini müdafiə edib: “Mən
bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz,
deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü
burda olmalı idi. Bu işdə zərərçəkən yoxdur. Elşadın mülki iddiaları
təmin olunmayıb. Mən heç kimə zərər verməmişəm, amma mənə 3 il həbs
verilib. Heç vaxt dövlətimə qarşı etirazım olmayıb, olmayacaq da.
Istəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım
yoxdur. Gülər bir il həbsdə oturubsa, bu da qurban olsun vətənim
Azərbaycana. Bu məsələyə hüquqi müstəvidə baxın, haqlı və ədalətli qərar
verin”.

Hakim bildirib ki, məhkəmə vəsatətlərə hazırlıq iclasının yekun qərarında münasibət bildirəcək.
Daha
sonra vəkillər Gülər Əhmədovanın məhkəmə zalındakı şüşə kabinədən
çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən Gülər Əhmədova deyib ki, ayrı-seçkiliyə
məruz qalır: “Bir ildir ki, Bakı Istintaq Təcridxanasında saxlanılıram.
Orada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın var. Hamısı
məhkəmədə vəkillərin yanında əyləşirlər. Hətta 3 dəfə 178-lə məhkəməyə
cəlb olunan şəxslər də vəkillərinin yanında otura bilirlər. Yeganə
adamam ki, mənə qarşı ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam
öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki? Bir dəfəlik
deyin ki, səndən xoşumuz gəlmir”.
Prokuror vəsatətin əleyhinə çıxıb, elə məhkəmə də vəsatəti təmin etməyib.

Gülər Əhmədova məhkəməsinin tam şəkildə videolentə alınmasını
istəyib: “Mən əmin deyiləm ki, ona hər şey doğru-dürüst çatdırılır. Mənə
qarşı mediada açıq-aşkar qərəz var”.
Bu vəsatət də təmin olunmayıb.

Bu iş üzrə məhkəmə prosesi aprelin 16-da davam edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında
yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina
edib. Ötən il fevralın 13-də isə həbs olunub və Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Lakin Gülər
Əhmədova hökmdən narazı qalaraq, apelyasiya şikayəti verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728