"ABŞ Azərbaycan və Gürcüstandan narahatdır"
12.04.2014 - 16:38

Viktoriya Nuland Senatın xarici əlaqələr komitəsində Rusiyanı təhlükə mənbəyi adlandırıb
“ABŞ Ukrayna böhranının Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya mümkün təsirindən narahatdır”. Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı deyib. Nuland qeyd edib ki, artıq bir dəfə Moldova Rusiya tərəfindən iqtisadi təzyiqə məruz qalıb. “Bildiyiniz kimi, son aylarda biz Moldovaya və regionun digər ölkələrinə siyasi və iqtisadi dəstəyimizi atırmışdıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, deyə o vurğulayıb. Nulandın sözlərinə görə, Ukraynadakı böhran ABŞ-ın diqqətini təkcə mərkəzi və şərqi Avropaya deyil, həm də transatlantik təhlükəsizliyə təhdidlərə artırıb. Hazırda Rusiyanın yürütdüyü siyasət üzündən yaranan yeni geosiyasi durumdan çıxış edərək V.Nulandın açıqlamasını necə dəyərləndirmək olar.
Fuad Qəhrəmanlı: “Qərb Putinin yürütdüyü siyasətə ciddi reaksiya verməsə, digər keçmiş sovet ölkələri ilə bağlı eyni aqressiyanın olacağına təminat yoxdur”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, ABŞ-ın Rusiyanın yürütdüyü siyasətlə bağlı ABŞ-ın narahatlığına kifayət qədər əsas var. Rusiyanın hazırkı aqressiyasının durdurulmayacağı təqdirdə yürüdülən siyasətin postsovet məkanına ciddi təhdid sayıla biləcəyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiya postsovet məkanında siyasi, iqtisadi baxımdan Qərbə uduzur. Amma Rusiya keçmiş sovet ölkələrini özünün təbii maraq dairəsi hesab edir: “Qərbin keçmiş sovet ölkələrində təbliğat aparması, güclənməsi Rusiyanın maraqlarını uduzması ilə nəticələnir. Ona görə Rusiya uduzmasının yerini güclə, hərbi aqressiya işlədərək doldurmağa çalışır. Rusiyanın Gürcüstana müdaxilədən sonra Putinin növbəti qurbanı Ukrayna oldu. Belə görünür ki, Qərb Putinin yürütdüyü siyasətə ciddi reaksiya verməsə, digər keçmiş sovet ölkələri ilə bağlı eyni aqressiyanın olacağına təminat yoxdur. Bu baxımdan əsas hədəf ölkələrdən biri kimi Azərbaycan diqqəti cəlb edir. Çünki Azərbaycan Avropanın enerji məsələsində Rusiya kimi mühüm əhəmiyyət daşıyan ölkəyə alternativlik edir”.
Azərbaycanın geosiyasi əhəmiyyətinin həm tranzit, həm də enerji ixracatçısı kimi artmaqda olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, ona görə Rusiyanın Ukraynadan sonra Azərbaycana “diqqətini” yönəldəcəyi, burada da avantürüst addım atacağı istisna deyil: “ABŞ-ın nrahatlığında əsas var. Amma məsələ burasındadır əgər Ukraynada baş verənlərdə Avropa, ABŞ kifayət qədər sərt mövqedən çıxış etsə, o zaman Azərbaycanla bağlı təhlükə də aradan qalxmış olacaq. Yəni Rusiya Ukraynada ağır bədəl ödəsə, o zaman digər ölkələrə qarqşı aqressiyasından vaz keçməyə məcbur olacaq”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5940