Borclunu cəhənnəmə göndərən Azərbaycan bankları…
Bakının özəl klinikalarından birində sanitar işləyən Məsmə xanım bir
xeyli qabaq sirkə içib özünə qəsd eləmək istəmişdi. 55 yaşlı qadının
başına bu bəla kredit götürərək evə xeyli mebel almasına görə gəlmişdi.
Ayda 300 manat maaş alan qadın təxminən 500 manata yaxın kredit pulu
ödəməli idi. Krediti rahat götürübmüş – özünün, ərinin və qızının aylıq
maaşı barədə verdiyi arayışdan sonra istədiyi mebelləri rahatca ala
bilmişdi. Amma pulu ödəmək vaxtı gələndə qızı da, əri də yaxasını kənara
çəkmişdi. “Mama, məndən kömək gözləmə, ingilis dili kursuna getməyi
qərara almışam” deyən qızına əri də qoşulmuşdu: “Mən də uşaqlarla loto
oynayıram, inşallah, pulu yayda alıb Antaliyaya gedəcəm”. Hər ikisi iki
ayağını bir başmağa dirəyib deyirmişlər ki, apar mebelləri qaytar.
Biçarə qadın vəziyyətdən çıxış yolunu sirkə içməkdə görür.
Qadını həkim yoldaşları xilas edir-sözün hər iki mənasında. Bu əhvalatı
ANS PRESS-in əməkdaşına danışan həkimlərdən biri deyir ki, vicdansız
ata-balanı həbslə qorxudublar: “Onlara dedik ki, bu qadının başına bir
iş gəlsə, “İntihara səbəb olma” maddəsi ilə sizə qarşı cinayət işi
qaldırılacaq. Ondan sonra kreditin ödənilməsinə yardım etməyə
başladılar. İndi, min şükür, Məsmənin vəziyyəti yaxşıdır”.
Amma Bakıda kredit qalmaqallarının heç də hamısı bu cür müsbət sonluqla
bitmir. Bu barədə danışan MİS işçisi Nazim
Qurbanovun dediyinə görə, bəzi hallarda bu, hətta intiharla
nətiicələnir: “Adətən bank işçilərinə mənzillərin ünvanını biz
göstəririk. Arvadı və uşaqları tərəfindən həddindən artıq kredit yükü
altına salınmış bir kişi özünü balkondan atırdı”.
Arvadları tərəfindən lap axmaq vəziyyətə salınmış və sonda həbsə düşmüş
kişilər də az deyil. Bu sətirlərin müəllifinin yaxın bir tanışının
arvadı Lökbatanda ərinə məxsus mənzili satdı və Yeni Yasamalda öz
qardaşının adına yeni mənzil aldı. Təbii ki, ərinə mənzili öz adına
aldığını söylədi. Sonra ərinin adına xeyli kredit götürdü və mənzili
təmir elətdirdi, daha sonra boşanma ərizəsi yazdı. Məhkəmədən sonra 48
yaşlı kişi mənzilsiz, ailəsiz və boynunda 5 min manat kredit borcu ilə
küçələrdə qaldı. Depressiyaya düşdüyündən iş yerini də itirdi və etdiyi
çılğınlıqlar üzündən yolu həbsxanaya qədər düşdü.
Borclu olduğu bank isə arvadından heç nə istəmədi və krediti zaminlərə
ödətdi. Göründüyü kimi, hiyləgər bir qadın yalnız ərini deyil, həm də
ona zamin duran dostlarını aldatdı. Bu ədalətsiz soyğunçuluq həm də
kredit verən bankın da gözünün qarşısında baş verdi və bank kreditin
xərclənmiş ünvandan geri alınmasına çalışmadı. Əslində, bu, bankların
kredit verməsi zamanı kredit götürənə zaminin məhz ailə üzvlərinin
olması məsələsini gündəmə gətirir. Azərbaycan Ailə Məcəlləsinin 41-ci
maddəsinə görə də ər və arvadın ödənişlər üzrə məsuliyyəti bölünür. Yəni
kredit almış adamın ailə üzvləri dura-dura krediti ailəyə kənar olan
zaminlər tərəfindən ödənilməsi məhz Məcəllənin bu maddəsinin
pozulmasıdır. Yəni məntiqə görə, kredit alanın birinci zamini elə ailə
üzvü (həyat yoldaşı, qardaşı, bacısı, atası, anası və s.) olmalıdır.
Məhz bu məntiqdəndir ki, Rusiyada banklar kredit verərəkən kredit
götürənin birinci zamini məhz həyat yoldaşı olur.
Amma araşdırmalara görə, Azərbaycan bankları adətən kredit
götürənə zamin kimi ailə üzvünü götürməkdən imtina edirlər. Səbəb də
aydındır – həyat yoldaşlarından birinin gəlirinin azalması bütün ailənin
imkanın azalması deməkdir. Buna görə zamin kimi kredit ödəmək
qabiliyyəti olan ikinci ailə cəlb edilir. “Zamin götürdükdə niyə eyni
ailədən olan zaminlərdən imtina edilir? Çünki eyni ailədir və gəlirlər
eyni mərkəzdən idarə edilir. Başqa ailədən olan zaminə ona görə üz
tuturlar ki, bir ailədə maliyyə problemi olduqda başqa ailənin hesabına
bunu həll edə bilirlər. Və burada heç bir qanun pozuntusu yoxdur, çünki
kreditə zamin duran şəxs bu halı da nəzərinə aldıqdan sonra razılıq
verir”,- deyə iqtisadçı ekspert Samir Əliyev ANS PRESS-ə bildirib. Amma
onun sözlərinə görə, bu məsələ adətən centlemen razılaşması ilə həll
edilə bilir: “Yaxın tanışımın atası kredit götürmüşdü və təbii ki, iş
yoldaşları kreditə zamin durmuşdu. Kişi dünyasını dəyişdi və oğlu irəli
duraraq atasının kreditini özü ödəyəcəyini dedi. Yəni bu problem adətən
belə həll olunur”.
Göründüyü kimi, Azərbaycan mentaliteti də kredit götürən üçün birinci
zamin kimi ailə üzvlərini qəbul edir. Və bu, İslamdan gəlir. Hədisə
görə, peyğəmbər Məhəmməd əleyhisalamın səhabələrindən biri vəfat edir.
Məlum olur ki, onun 100 dirhəm borcu var. Peyğəmbər əleyhisalam ailə
üzvlərindən birinin borca zamin durmayacağına qədər mərhumun cənazə
namazını qılmaycağını bildirib. Mərhumun qardaşı vəziyyəti belə görərək
borcları öz boynuna götürüb. İslam fəlsəfəsinə görə, bu dünyanın borcu
elə bu dünyada ödənilməlidir, əks halda borc axirətdə cəhənnəm əzabı ilə
ödəniləcək.
Bankların kreditə ailədən kənarda zamin axtarmasının başqa səbəbi də
var. “Əgər kreditlərə zamin kimi yalnız ailə üzvləri götürülərsə, onda
ölkə üzrə verilən kreditlərin sayı xeyli aşağı düşər. Xüsusilə, rayon
yerlərində kredit verilməsi mümkün olmaz. Sirr deyil ki, rayonlarda pulu
əsasən kişilər qazanır və kreditlərə zamin kimi də əsasən kişilər
götürülür. Əgər ailə üzvlərinin zamin olması tələb edilərsə, kişilər
qadınları üçün gəlir arayışı təqdim edə bilməzlər və kredit ala
bilməzlər. Buna görə də banklar bu məsələdə maraqlı deyillər”,- deyə
bank eksperti Vüqar İsrafilov ANS PRESS-ə bildirib.
Belə görünür ki, banklar heç zaman ailə üzvlərinin zamin durmasına razı
olmayacaqlar. Və bəzi zaminlər etibar etdikləri dostlarının ailə üzvləri
dura-dura onların yerinə kredit ödəməli olacaqlar. Amma hüquqşünaslar
bundan da çıxış yolu olduğunu vurğulayırlar. Onların fikrincə, zamin
istənilən halda krediti ödəməlidir və bundan sonra reqres yolu ilə
məhkəməyə müraciət edərək kredit götürənin ailəsindən öz pulunu ala geri
ala bilər. Vəssalam…
Short URL: http://www.cumhuriyyet.net/?p=5943