Hansı məmurlar xidməti maşından şəxsi işləri üçün istifadə edirlər?
Bu gün məmurların, vəzifə sahiblərinin bir qismi dəbdbəli həyat tərzi
keçirir, bahalı xidməti avtomobillərdə gəzir, özləri, ailə üzvləri,
eləcə də yaxınları xarici ölkələrdə lyuks otellərdə istirahət edirlər.
Bir sözlə, bəzi məmurlar sözün həqiqi mənasında kef çəkirlər. Onların
xidməti avtomobillərdən istifadə etmələrinə nə biz, nə də bir başqası
irad tuta bilər. Çünki həmin nəqliyyat vasitələri məhz dövlət tərəfindən
onların xidmətinə verilib. Məhz elə bu səbəbdən də həmin nəqliyyat
vasitələri xidməti avtomobil adlandırılır.
Odur ki, xidməti avtomobillər vəzifəli şəxslərə öhdəliklərinə düşən
xidməti işlərin yerinə yetirilməsi üçün verilir. Bir müddət bundan öncə
sözügedən məsələ ilə bağlı araşdırma aparan anspress qeyd edir ki,
müşahidələr xidməti nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün də
istifadə olunduğunu göstərir. Məsələn, məktəblərə uşaqların
aparılıb-gətirilməsində, alış-veriş zamanı, gəzinti, əyləncə və s. Hər
halda belə deməyə məktəblərin, mağaza, dükanların qarşısında adam
gözləyən AA seriyasından olan xidməti maşınlar əsas verir. Müvafiq
qanunvericilik isə xidməti avtomobillərin şəxsi məqsədlər üçün
istifadəsini qadağan edir. Elə Nazirlər Kabinetinin bununla bağlı
qərarına əsasən xidməti nəqliyyat vasitələrinin təyinatı qeyd edilib və
bu təyinata görə xidməti avtomobillərə ay ərzində limit təyin olunub. Bu
limitə əsasən aylıq yürüş həddi, yəni getdikləri məsafə minik
avtmobilləri üçün – 2000, yük avtomobilləri 1500, avtobuslar 1500,
xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və
yanğınsöndürən avtomobillərdən başqa) 1500, qonaqlara xidmət edən minik
avtomobilləri 1000, motosiklet və motoreller üçün 500 kilometr təyin
edilib.
Dogru.tv bildirir ki, əgər ay ərzində xidməti avtomobil bu limiti
keçirsə, demək nəqliyyat vasitəsindən şəxsi məqsədlər üçün istifadə
edilir. Bunun qarşısını almaq üçün isə mütləq ölkə ərazisində xidməti
maşınların hərəkət sistemini tənzimləyən qurumlar olmalıdır. Necə ki,
belə qurumlar qonşu respublikalarda var.
Bu arada, iqtisadçi ekspertlər bildirirlər ki, xidməti avtomobillər
üçün mühərrikin gücünə görə yanacaq limiti də müəyyənləşdirilir. Maraqlı
məqam ondadır ki, hazırda istifadədə olan xidməti avtomobillərin sayı
qanunvericilikdə icazə verilən miqdardan çoxdur. Belə ki, Nazirlər
Kabinetinin qərarına əsasən Xarici İşlər Nazirliyinə – 24, Kənd
Təsərrüfatı Nazirliyinə – 22, Təhsil Nazirliyinə – 70, Səhiyyə
Nazirliyinə – 8, Mədəniyyət və Turizm Nazirliyinə – 71, Rabitə və Yüksək
İnformasiya Texnologiyaları Nazirliyinə – 4, İqtisadi İnkişaf
Nazirliyinə – 18, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə – 4 ,
Maliyyə Nazirliyinə – 83 xidməti avtmobil düşməlidir ki, bunun da ümumi
cəmi 1200 edir. Lakin bu gün dövriyyədə olan xidməti maşinlarin sayi
4000 mindən çoxdur…
Məlumat üçün qeyd edək ki, beynəlxalq təcrübədə məmurların xidməti
avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir. Belə ki, qonşu
Gürcüstanda heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti
avtomobildən istifadə edə bilməz. Estoniyada isə məmurların xidməti
avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin
şirkətə ildə 6500-7000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik
istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini
yaratmır. Qardaş Türkiyədə də büdcə zərfi ildə bir dəfə parlamentə
təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti öz əksini
tapır. Bu da şəffaflıq baxımından irəliyə atılmış addımdır. Bir sıra
ölkələrdə, məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər
xidməti maşınlardan yox, velosipeddən istifadə edir.
Hələ bir müddət öncə sözügedən məsələ ilə bağlı araşdırma aparan
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi müəyyənləşdirib ki, Azərbaycanda
vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min
avroyadək dəyişir. Beləliklə, 2006-cı ildən 2011-ci ilədək xidməti
avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait
xərclənib. Bu isə bir daha onu təsdiqləyir ki, məmurların xidməti
maşınları həddən artıq bahalı markalardır. Lakin qonşu ölkələrdə bu
məsələ ilə bağlı ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada
xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Əslində biz də bu
məsələdə Rusiya təcrübəsindən yararlana bilərik. Belə ki, vəzifəli
şəxslər, ən azından orta məmurlar Naxçıvan Muxtar Respublikasında
istehsal olunan minik avtomobillərindən xidməti maşın kimi yararlana
bilərlər. Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl millət vəkili Qüdrət
Həsənquliyev də bunanla bağlı parlamentdə maraqlı təklif irəli sürmüşdü.
Belə ki, o, Naxçıvanda istehsal olunan avtomobillərin keyfiyyətsiz
olmadığını vuğulamaqla yanaşı, həmin nəqliyyat vasitələrinin orta
səviyyəli məmurlar üçün normal maşınlar olduğunu bildirib: “Biz
Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük
avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal
edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi
alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət
eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır”.
Əslində millət vəkilinin dediklərində haqq var. Bəzi məmurlar, vəzifə
sahibləri bahalı xidməti avtomobilləri sırf şəxsi məqsədlər üçün
ora-bura çapdıqlarına görə, onlara məhz Naxçıvanda istehsal olunan “NAZ
LİFAN” avtomobilləri verilməlidir. Bəlkə onda həmin məmurlar dövlət
malının qədir-qiymətini bilərlər…
Short URL: http://www.cumhuriyyet.net/?p=5946