Hökumət Gülər Əhmədovanın danışacağından qorxur
Ekspertin fikrincə, sabiq deputatın şüşə qəfəsə salınmasının bir səbəbi də budur
Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədova sonuncu dəfə
məhkəmə qarşısında çıxışı zamanı bir sıra maraqlı açıqlamalar verib.
Məhkəmədə şüşə qəfəsə salınmasına etiraz edən G.Əhmədova onun
ifadələrinin dövlət başçısına düzgün çatdırılmadığını düşünür.
G.Əhmədova bildirib ki, bir ildir ki, Bakı Istintaq Təcridxanasında
saxlanılır. Təcridxanada dələduzluqda təqsirləndirilən kifayət qədər
qadın olsa da, onların hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər:
“Hətta 3 dəfə 178-lə məhkəməyə cəlb olunan şəxslər də vəkillərinin
yanında otura bilirlər. Yeganə adamam ki, mənə qarşı ayrı-seçkilik
edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə,
prokurorluğa nə etmişəm ki? Bir dəfəlik deyin ki, səndən xoşumuz
gəlmir”.
Bundan əvvəl şüşə qəfəs mətbuatın diqqətində olan sabiq səhiyyə
naziri Əli İnsanova qarşı tətbiq olunmuşdu. Ə.İnsanovla bağlı bu addımın
atılmasına səbəb sabiq nazirin hakimiyyəti ifşa edən bəyanatlar
verməsiylə bağlı idi. Bu baxımdan G.Əhmədovaya qarşı da eyni münasibətin
bəslənməsi maraq doğurur.
Əyyub Kərimov: “Hakimiyyət Gülər Əhmədovanın da bir sıra ciddi bəyanatlar verə biləcəyindən ehtiyatlanır”
Tanınmış vəkil Əyyub Kərimovun fikrincə,
G.Əhmədovanın da şüşə qəfəsə salınmasının bir səbəbi onun bir sıra ciddi
bəyanatlar verə biləcəyindən ehtiyatlanmadır: “Yəni elə bir situasiya
yarana bilər ki, Gülər Əhmədova da müəyyən sərt açıqlamalar verə bilər.
Amma digər bir tərəfdən Gülər Əhmədovanın düşünməsi ki, onun maddəsi bir
o qədər də ağır deyil və o şüşə qəfəsə salınmamalıdır, bu yanlış
yanaşmadır. Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar kifayət
qədər ağırdır. Əslində məhkəmələrdə şüşə qəfəsin tətbiqi sivil addımdır.
O artıq başqa məsələdir ki, həmin qəfəsdən məhkumun fikirlərini azad
şəkildə ifadə etməsinə imkan vermirlər. Şüşə qəfəsə yerləşdirilmə heç də
təhqir sayılmamalıdır. Məgər əvvəlki məhkəmə iclaslarında Gülər
Əhmədova vəkilin yanında oturmuşdu. Əvvəlki məhkəmələrdə də qəfəs var
idi. Sadəcə olaraq həmin qəfəslər dəmirdən idi”.
G.Əhmədovanın hazırda sadəcə olaraq deməyə sözünün olmadığını düşünən
Ə.Kərimov ona görə bu cür bəyanatlarla çıxış etdiyini düşünür.
G.Əhmədovanın hazırda deputatlıqdan imtinayə təəssüflənməsinə də toxunan
Ə.Kərimov vurğuladı ki, kekçmiş deputatın özünə güvənməsi nəticə
vermədi. Bu isə o deməkdir ki, ona verilən vədlər özünü doğrultmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=5951