Oliqarx uşaqları Fəvvarələr meydanını maşın dayanacağına döndərib
Biz paytaxtda yaşanan məmur-oliqarx özbaşınalığından
yazmaqdan yorulduq, zəngin azərbaycanlı məmurlar və onların uşaqları isə
qanunları pozmaqdan yox…
Biz paytaxtda yaşanan məmur-oliqarx özbaşınalığından
yazmaqdan yorulduq, zəngin azərbaycanlı məmurlar və onların uşaqları isə
qanunları pozmaqdan yox…
Bu gün – aprelin 12-də Bakının düz mərkəzində, paytaxtın ən abad
və elit hissəsi sayılan, şəhərimizin siması və simvollarından olan
Fəvvarələr meydanında daha bir məmur dərəbəyliyi və harınlıq faktı qeydə
alınıb. Belə ki, çox bahalı dövlət nömrə nişanları olan bir neçə
dəbdəbəli avtomobilin sahibi öz lüks maşınlarını birbaşa Fəvvarələr
meydanında, “Azərbaycan” kinoteatrının qarşısında saxlayıblar.
Həmin maşınlardan biri “Azəryolservis” ASC-nin prezidenti, deputat
Cavid Qurbanovun biznes şərikinin nəvəsinə, digəri isə “Lider”
telekanalının prezidenti Ədalət Əliyevin oğluna məxsusdur.
Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisi belə faktları görəndə heç
bir addım atmır, post-patrul xidməti oliqarxların və onların
uşaqlarının bu harınlığını və özündənmüştəbehliyini görəndə üzünü yana
çevirib susur. Beləliklə də qanun hakim zümrənin nümayəndələri
qarşısında yenə gücsüz, dişsiz, əhəmiyyətsiz bir şeyə çevrilir.
Siz Norveçin Azərbaycandakı səfirinin buna münasibətini
və ya reaksiyasını özlüyünüzdə təsəvvür edirsinizmi?! Axı oliqarx
balaları öz bahalı oyuncaqlarını birbaşa qərbli diplomatın eyvanının
altında saxlayıblar. Biz azərbaycanlılar varlı məmurların və onların
övladlarının belə saymazyana münasibətinə çoxdan öyrəşmişik. Yoxsa indi
qərbliləri də buna öyrədirik?!
Əgər ölkənin baş yol polisi, respublika Dövlət Yol Polisi İdarəsinin
rəisi, çoxhörmətli general Ramiz Zeynalovun başı özünün həddən artıq
gəlirli restoran biznesindən ayılsa (cənab Zeynalovun bu işlərə xeyli
vaxtı gedir, buna anlayışla yanaşır və ona səbr diləyirik) və vaxt tapıb
paytaxt yollarında qayda-qanun yarada bilsə, biz qanunçuluq və ədalətin
bərpasından çox şad olarıq. Əgər generalın 10 CG 500 dövlət nömrə
nişanlı “Mazerati”nin və “Bentley” markalı digər iki avtomobilin oliqarx
sahiblərini qanunçuluğa dəvət etməyə vaxtı və cürəti çatmırsa, onda o,
istefaya getməlidir. Bunu dövlət qulluqçusu şərəfi deyilən anlayış tələb
edir. Restoran sahibi şərəfinin adamdan belə sərt tələbi olmur…
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=5958