Tibbi sığorta hansı məmurların marağının qurbanıdır?
“Ən ucuz əməliyyatı 800-1000 manata aparan xəstəxana və onu himayə edən məmur tibbi sığortanın tətbiqini istəməz”
“Ən ucuz əməliyyatı 800-1000 manata aparan xəstəxana və onu himayə edən məmur tibbi sığortanın tətbiqini istəməz”
“Tibbi sığorta korrupsiyanın başında dayanan və hər il milyonlar qazanan məmurların maraqlarına cavab vermir”
Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul
olunub. 2008-ci ildə isə İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Hər
il büdcədən tibbi sığorta islahatlarının həyata keçirilməsi üçün
milyonlarla manat vəsait ayrılır. Amma qanunun qəbul olunmasından 15 il
keçməsinə baxmayaraq, bu sahədə heç bir ciddi tədbir görülməyib.
Dünyanın əksər ölkələrində tibbi sığorta geniş tətbiq edilsə də,
Azərbaycanda bu iş hələ də kağız üzərində qalır.
Qeyd edək ki, tibbi sığorta icbari və könüllü şəkildə həyata
keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib
hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı
almasına təminat verir.
Bu günlərdə baş nazirin müavini Əli Əhmədovun yanında Azərbaycan
Respublikasında səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və
icbari tibbi sığortanın tətbiq olunması ilə bağlı işçi qrupunun növbəti
iclası keçirib. İclasda səhiyyə sahəsində islahatların keyfiyyətcə yeni
mərhələsinə başlamaq üçün İcbari Tibbi Sığorta sisteminin tətbiqinin
həyata keçirilməsinə dair geniş müzakirələr olub. Əli Əhmədov hətta
işlərin sürətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün
tapşırıqlar da verib.
15 ildən sonra tibbi sığorta məsələsini rəsmilərin gündəmə gətirməsi hələ onun yaxın vaxtda tətbiq olunacağına işarə etmir.
Çünki tibbi sığortanın tətbiqi ilk növbədə hakimiyyət təmsilçilərinin
maraqlarına cavab vermir. Əks halda bu məsələ çoxdan həllini tapardı.
Məlumdur ki, tibbi sığortası olan vətəndaşların müalicəsi pulsuz
aparılır. Bu da ilk növbədə arxasında yüksək rütbəli məmurların
dayandığı özəl klinikalara sərf etmir. Çünki tibbi sığortası olan
şəxslər ilk növbədə dövlət xəstəxanalarına üz tutacaq.
Hazırda isə dövlət xəstəxanaları da tibbi sığortanın tətbiqində
maraqlı deyil. Azərbaycanda pulsuz səhiyyənin olmadığını ölkədə
böyükdən-kiçiyə qədər hamı bilir. hətta hansı xəstəliyin müalicəsi
neçəyə başa gəlir, bu da bəllidir. Digər sahələrdə olduğu kimi səhiyyədə
də rüşvət və korrupsiyanın miqyası kifayət qədər yüksəkdir. Belə olan
halda səhiyyəni pulsuz etmək bu sahəyə cavabdeh məmurları, onların
təmsil olunduğu hakimiyyət qruplaşmasını, hətta hakimiyyət başında
dayananları da böyük qazancdan məhrum edəcək.
Ölkədə ən ucuz müayinə 20-30 manata, ciddi müayinə bir neçə yüz
manata başa gəlir. Özəl xəstəxanalarda qiymətlər bir qədər də bahadır.
Stomotoloji xidmətdən tutmuş ağır cərrahiyyə əməliyyatlarına qədər bütün
xidmətlərin müəyyən olunmuş qiyməti var. Dövlət klinikalarında bu
ödənişlərin hamısı qeyri-rəsmidir. Ən ucuz əməliyyatı 800-1000 manata
həyata keçirən xəstəxana və onu himayə edən məmur təbii ki, tibbi
sığortanın tətbiqində maraqlı ola bilməz. Çünki bu halda onlar ildə yüz
milyonlarla manat qazancdan məhrum olacaq.
Üstəlik, dərmanların qiymətinin bahalığı və bu bazarın da
inhisarçıların əlində olması tibbi sığortanın tətbiqinə mane olan
amillərdəndir. Hətta bəzi xəstələrə dərmanların pulsuz verilməsi nəzərdə
tutulsa da, bu heç də həmişə belə olmur. Tibbi sığortanın tətbiqi
dərman bazarına da təsirini göstərəcək. Məcburiyyət qarşısında qalıb
bəzən axırıncı pulunu dərmana verməli olan vətəndaş tibbi sığortası
olacağı təqdirdə belə bir problemlə üzləşməyəcək.
Qanunun icrası səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcək, əlavə
dərman xərclərinə ehtiyac qalmayacaq, eləcə də bu sahəyə ictimai nəzarət
güclənəcək və tibb işçilərinin əməkhaqqı artacaq.
Ekspertlər deyir ki, “Tibbi sığorta haqqında” qanunun işləməsi üçün
bütövlükdə səhiyyə sektorunda ciddi dəyişikliklər edilməlidir. Bunun
üçün isə hazırda ölkədə real institutlar mövcud deyil. Çünki icbari
tibbi sığortanın tətbiqi ölkənin səhiyyə sistemində ciddi tədbirlərin
həyata keçirilməsini zəruri edir. İcbari tibbi sığorta şəraitində
insanlar gəlirlərini icbari sığorta fondu və ya digər şirkətlərə
ödəyərək, müxtəlif xidmətlər paketini pulsuz əldə edəcəklər. Burada
təkcə vəsaitlərin toplanması və istifadə edilməsindən deyil, bütövlükdə
səhiyyə sisteminin təşkilindən söhbət gedir. Çünki bu halda, həkimlərlə
pasientlər arasında birbaşa vəsaitlə bağlı razılaşma məsələsi aradan
qalxır. Həkimlər xəstəni müayinə və müalicə edir, vəsaitin ödənişini isə
sığorta şirkəti həyata keçirir. Vəsaiti ödəməmişdən öncə müayinə və
müalicənin nə qədər olduğunu, onun nə qədər real aparıldığını
yoxlayırlar. Bu da tibbi xidmətlərin keyfiyyəti üzərində nəzarəti həyata
keçirir.
İcbari tibbi sığorta elə bir sistemdir ki, burada həkimlərin tibbi
xidmət göstərməsi, tibb müəssisələrinin fəaliyyəti arasında sıx bağlılıq
olur. Bunun üçün də həkimlərin ixtisas və xidmət səviyyəsinin yüksək
olması tələb olunur. Bu həmçinin tibb müəssisələrinin tamamilə yeni
idarəetmə sisteminə, dövlət siyasətinin yeni əsaslara keçməsi və ölkədə
inhisarçılığın aradan qalxmasını zəruri edən məsələdir. İcbari tibbi
sığorta şəraitində həkimlər pasientlərə istənilən dərmanı yazmaq
imkanından məhrum olacaq. Çünki onlar üçün müəyyən nəzarət prosedurları
olur.
Bütün bunlar isə səhiyyə sistemdəki korrupsiyanın başında dayanan və
hər il istər dövlət büdcəsindən ayrılan vəsaitlər, istərsə də
vətəndaşların müalicə xərcləri hesabına milyonlarla manat qazanan
məmurların maraqlarına cavab vermir. Tibbi sığorta da onların bu
maraqlarının qurbanına çevrilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=5967