Zaqatala: korrupsiyalı tender

13.04.2014 - 01:58

Körpələrin ərzaq payı kimlərə catıb?Körpələrin ərzaq payı kimlərə catıb?

 

Zaqatalanın
Faldar kəndi uşaq baxçasında təmir işləri görülür. 2012-ci ilin zəlzələsindən
sonra bu bağça qəzalı vəzziyətə düşdüyündən körpələrin üzünə qapadılıb. Təmir
işləri isə 2 ildir yubadılır. Amma uşaq səsinin gəlmədiyi, təmir işləri görülən
bu uşaq bağçasına ilboyu ərzaq alınıb. Ərzağın bağçaya çatıb çatmadığı, yeyilib
yeyilmədiyi, onu kimin yediyi bəlli deyil. Amma bu və digər bağçalara müəmmalı
ərzaq təchizatını kimin monopoliyada saxlayıb pul qazandığını araşdırıb aşkara
çıxarmaq mümkün olub.

İşləməyən uşaq bağçalarına ayrılan ərzaq
pulları

Zaqatalada
2013-cü ildə keçirilən tenderlərin əksəriyyətinin qalibi “Tikinti NM” MMC
,”İstehsal Ticarət” Törəmə Cəmiyyəti, “İstehsal-S” və “Ticarət-MS” olub. İlk
baxışda tenderlərdə müxtəlif şirkətlərin iştirak etdiyi təəssüratı yaranır.
Lakin hər şey göründüyü qədər sadə deyil.

Yuxarda
adları cəkilən MMC-lər Zaqatalada ərzaq məhsullarının alınması üçün keçirilən
tenderlərin hamısının qalibi olub.

Ümumi
bütün MMC-lərə ərzaq məhsullarının alınmasına ayrılan vəsaitin dəyəri 562896
manatdır. Tenderlərin nəticələrinə görə, ötən il ərzində icra hakimiyyətinin
sifarişi əsasında küllü miqdarda dövlət vəsaiti hesabına ərzaq məhsulları
alınıb. Ərzaq məhsulları əsasən uşaq bağçaları üçün alınıb. Lakin 2012-ci ildə
Zaqatalada baş verən zəlzələdən sonra uşaq bağçalarının əksəriyyəti yararsız
hala düşüb. Həmin bağçaların bir çoxu bu gün də işləmir. Uşaq bağçaları
işləməsə də illik ərzaq normalarının alınması üçün ayrılan dövlət vasaiti
tamamilə sərf edilib.

Zəlzələ
ucbatından bağçaların fəaliyyətsiz qalmasına baxmayaraq, onların ərzaq
təminatına ayrılan vəsait artıb ki, azalmayıb. Məsələn, 2012-ci ilin yanvarında
Aşagı Tala İcra Nümayəndəliyi uşaq bağçalarının ərzaq təminatına 23481 manat
vəsait ayırıb. Həmin ilin mayında zəlzələ baş verib və uşaq bağçaları
fəaliyyyətini dayandırıb. Kənddə mövcud olan üç uşaq bağçasından ikisi 2013-cü
ilin iyun ayından fəaliyyətini qismən, ucqar bir yerdə olan kampda bərpa edib.
Üçüncü bağça isə 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. Buna
baxmayaraq, 2013-cü ildə Aşağı Tala uşaq bağçalarının ərzaq təminatına əvvəlki
illərdən iki dəfə artıq vəsait ayrılıb – 51150 manat.

Zaqatala
rayonunun digər kəndlərində və bir sıra şəhər bağçalarında da eyni mənzərəni
görmək olur. Zaqatala İcra Hakimiyyəti Muxax Kənd İcra nümayəndəliyi uşaq
bağçasına ərzaq məhsularının alınması üçün 2013-cü ildə 13740 manat vəsait
ayırıb. Lakin Muxax kənd uşaq bağçası zəlzələdən sonra yararsız vəziyyətə
düşdüyündən işini dayandırıb. Yeni inşa edilən uşaq bağçası isə 7 mart 2014-cü
il tarixində istifadəyə verilib.

Faldar
kənd İcra Nümayəndəliyi ərzaq məhsularının alınması üçün “Tikinti -NM” MMC-yə
4580 manat vəsait ayırıb. Lakin kəndin yeganə bağçası zəlzələdən sonra fəaliyət
göstərmir. Hazırda yeni uşaq bağçasının tikintisi davam etdirilir.

Danacı
kənd uşaq bağçasının ərzaqla təmin edilməsi üçün dövlət büdcəsindən
“Tikinti-NM” MMC-yə 9160 manat vəsait ödənilib. Bu uşaq bağçası da fəaliyyət
göstərmir. Zəlzələ zamanı dağılan uşaq bağçası yenidən inşa edilir.

“Tikinti-NM”
MMC Muğanlı kənd uşaq bağçasının da ərzaqla təmin edilməsi üçün 13740 manatlıq
tenderin qalibidir. Uşaq bağçası zəlzələ zamanı yararsız vəziyyətə düşdüyündəm
fəaliyyəti dayandırılıb. Hazırda Muğanlıda da yeni uşaq bağçası inşa edilir.
Danacı kənd uşaq bağçası da zəlzələdən sonra fəaliyyət göstərməyib. Hazırda
uşaq bağçasında təmir işləri tamamlanmaq üzrədir.

2013-
cü il ərzində Zaqatala şəhər 10 saylı, 4 saylı, 7 saylı , 9 saylı və Mazıx kənd
uşaq bağçalarında təmir- tikinti işləri aparılması ucbatından fəaliyyətsiz
qalmasına baxmayaraq, ərzaq təminatı üçün külli miqdarda vəsait ayrılıb.
 

Mini oliqarx

İşləməyən
bağçalara ərzaq almaq üçün niyə pul ayrıldığı bəlli deyil. Amma araşdırmalar bu
şübhəli təchizat tenderlərindən kimin qazandığını ortaya çıxarır. 2013-cü ildə
Zaqatalada ərzaq təminatı üzrə keçirilən tenderlərin qalibi olmuş MMC-lərin
hamısının sahibi bir şəxsdir. Tanış olun: Nəzir Muradov.

Zaqatala
rayonu Əliabad kəndinin sakini Nəzir Muradov uzun illərdir ki, rayon Kooperativ
Cəmiyyətinin sədridir. Rayonun rəhbər vəzifəli şəxsləri ilə dost münasibətlərdə
olan Muradov Yeni Azərbaycan Partiyasının seçki təbliğatında fəal iştirak edən
şəxslərdəndir. Araşdırmalarımız həm də onun geniş biznes şəbəkəsinə malik iş
adamı və “peşəkar tender qalibi” olduğunu üzə çıxarır.

Vergilər
Nazirliyinin reystr məlumatlarına əsasən “Tikinti-NM” MMC 6 fevral 2008-ci ildə
qeydiyyata alınıb. Hüquqi ünvanı Zaqatala şəhəri Nizami küçəsi ev 35-də olan
şirkətin sahibi Nəzir İbadulla oglu Muradov kimi göstərilib. Müəssisə yaradılarkən,
onun qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızı olub. Vergilər Nazirliyinin
rəsmi saytında müəssisənin hazırkı qanuni təmsilçisinin Əsədov Yusif Yaqub oğlu
göstərilib.

Zaqatalada
tenderlərdə fərqlənən digər müəssisə 30 aprel 2002-ci ildə təsis edilən
“İstehsal Ticarət” Törəmə Cəmiyyətinin hüquqi ünvanı da “Tikinti NM” MMC-nin
hüquqi ünvanında – Zaqatala şəhəri Nizami kücəsi ev 35-də yerləşir. Həmin
ünvanda Zaqatala Rayon Koperativ Cəmiyyəti yerləşir. Nəzir Muradov Zaqatala
Rayon Koperativ Cəmiyyətinin sədridir.

2013-cü
ildə Zaqatalada keçirilən bir sıra tenderlərin qalibi olmuş “İstehsal-S” MMC 3
mart 2010-cü il tarixində təsis olunub. Hüquqi ünvanı Zaqatala şəhəri A.
Həmidov ev 74 mənzil 6, qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızıdır. Eyni
ünvanda (A. Həmidov kücəsi ev 74 mənzil 6) qeydiyyatdan keçmiş “Ticarət-MS” MMC
də Zaqatalada dövlət satınalmalarında fəal iştirak edib. Yuxarıda qeyd edilən
MMC-lərin qanuni təmsilçiləri Zaqatala Koperativlər İttifaqının əməkdaşlarıdır.

Zaqatala: korrupsiyalı tender

“Şirkətlər Nəzir müəllimindi” 

 

İşləməyən
uşaq bağçalarına ayrılan maliyyə vəsaitinin hara xərcləndiyini müəyyən etmək
üçün öncə Zaqatala şəhəri A. Həmidov küçəsi ev 74 mənzil 6-da qeydiyyatdan
kecmiş “İstehsal-S” MMC və “Ticarət-MS ” MMC-nin qanuni təmsilcisi Sevinc
Quliyeva ilə əlaqə saxladıq. S. Quliyeva Zaqatalada keçirilən tenderlərin
əksəriyyətinin qalibi olan MMC-lərin onun mənzilində qeydiyyatdan kecdiyini
söylədi. İşləməyən uşaq bağçaları üçün ayrılan maliyyə vəsaitinin hara
xərcləndiyini dəqiq bilməyən S. Quliyeva eyni zamanda şirkətlərə aidiyyatı ilə
bağlı suallara aydınlıq gətirmədi. S. Quliyeva daha sonra suallara ətraflı
cavab vermək üçün MMC-lərin mühasibi ilə danışmağımızı məsləhət gördü. Özünü
mühasib kimi təqdim edən Ruxsarə xanım (soyadını demədi-müəllif) bir sıra
suallarımıza aydınlıq gətirdi:


Ruxsarə xanım siz necə MMC-də mühasib vəzifəsini icra edirsiz?


Neçə dənə istəsəz o qədər MMC-də, “İstehsal-S”-də “Şəms” MMC-də və
başqalarında.


Rüsxarə xanım Zaqatalada zəlzələdən sonra bir sıra uşaq bağçaları işləməyib.
Aşagı Talada 3 uşaq bağçası var. Onlardan ikisi zəlzələdən sonra 2013-cü ilin
iyul ayına qədər, bir bağça isə 2014-cü ilin yanvarına qədər işləməyib. Lakin
ərzaq alınması üçün bir illik maliyyə vəsaiti ayrılıb. Həmin vəsait hara
xərclənib?


Aşağı Talada uşaq bağçaları 2013-cü ilin iyulundan işləyib. İki bağça kəndin
aşağısında tikilmiş binalarda, 1 bağça isə 1 nömrəli məktəbin otaqlarında.
Onlara ayrılan vəsaitə də ərzaq alınıb.


Rüsxarə xanım bağçalar 6 ay işləyib, amma 1 illik maliyyə vəsaiti xərclənib.

– O
bağçaların hələ pulu qalıb.


Rüxsarə xanım, Faldar, Muğanlı, Muxax və Danacı kəndlərində uşaq bağşaları hələ
də işləmir lakin maliyyə vəsaiti alınıb.


Həmin bağçalar işləmir. Amma onlara ayrılan vəsait Zaqatala Maliyyə Şöbəsinin
qərarı ilə şəhər uşaq bağçalarına verilib. Şəhər bağçalarına ərzaq uçün vəsait
catışmırdı, onlara verdilər. Danacı kəndi üçün ayrılan vəsait isə bizdə durur.


Rüxsarə xanım siz Nəzir Muradovun MMC-lərinin də mühasibisiz?

– Bu
şirkətlərin hamısı Nəzir müəllimindir. Suallarınızı da Nəzir müəllimə versəniz,
yaxşıdır.

Zaqatalada
tenderlərin daimi qalibi olan MMC-lərin həqiqi sahibi Nəzir Muradovla da əlaqə
saxladıq. N. Muradov MMC-lərin sahibi olduğunu təsdiq etdi. N. Muradov
işləməyən uşaq bağçaları üçün ayrılan vəsaitin hara xərcləndiyi barədə suala
özünəməxsus tərzdə cavab verdi.


Ərzaqdan istifadə eləyəni də olub, eləməyəni də.

Muradov,
niyə öz şirkətlərini başqalarının adına rəsmiləşdirdiyinə dair heç bir söz
demədi.

Tenderlər qanunun tələblərinə uyğun keçirilməyib 

Zaqatalada
ərzaq məhsullarının alınması üçün keçirilən tenderlərin əksəriyyəti mövcud
qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmayıb. İqtisadçı ekspert Natiq
Cəfərlinin bildirdiyinə görə, “Dövlət Satınalmaları” haqqında Azərbaycan
Respubilkasının qanunun tələblərinə görə, tenderlərdə azı 3 il həmin
istiqamətdə fəaliyyət göstərən, maliyyə dayanıqlı müəsisələr iştirak edə bilər.
Zaqatalada ərzaq təminatı ilə bağlı keçirilən azı 5 tenderin qalibi olan
“Ticarət- MS” MMC Vergilər Nazirliyinin rəsmi reyestr məlumatlarına əsasən
2013-cü il yanvar ayının 25-də təsis edilib. N.Cəfərlinin bildirdiyinə görə,
“Ticarət-MS” tenderdə iştirakı mövcüd qanuna ziddir.

İqtisadcı
ekspertin bildirdiyinə görə, bir sahibkara məxsus şirkətlərin eyni tenderdə
iştirakı yol verilməzdir: “Bu halın olması tenderin nəticələrinə əvvəldən təsir
göstərir. Belə hallar qanunla qadağandır”.

İqtisadçı
ekspert həmcinin qeyd etdi ki, tenderlərin nəticələri tam olaraq mətbuatda dərc
edilməlidir: “Tenderin nəticələri elan edilərkən uduzan müəsisələr barədə də
məlumat verilməlidir”. Zaqatalada keçirilən tenderlərin nəticələri barədə
məlumatlarda isə uduzan şirkətlər barədə heç bir məlumat verilməyib.

 

Araşdırmanı
hazırladı: Əfqan Muxtarlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5976

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930