Azərbaycan turizmi 3 milyardı niyə itirdi?
13.04.2014 - 09:57

Samir Əliyev: “Qiymətlər çox yüksək, xidmət aşağı olduğu üçün Azərbaycan turistləri cəlb etmir”
“Azərbaycanın nefti qurtarmalıdır ki, qeyri-neft sektoru inkişaf etsin”
Azərbaycanlıların son beş ildə xaricdə turizm xərcləri təxminən 8 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 mlrd dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6% çoxdur və beş il əvvəlki göstəricini 8 dəfə üstələyir. 62,3% yaxud 1,81 mlrd dollar vətəndaşların özəl xarici səfərləri zamanı xərclənib. Bu gün Azərbaycanda 2008-2016-cı illəri əhatə edən turizmin inkişafı proqramı reallaşdırılır.
Dövlət Azərbaycanın reklamına, turizm infrastrukturunun inkişafına milyonlarla dollar xərcləyir. Ancaq yenə də vətəndaşlar xaricdə dincəlməyə üstünlük verir. Azərbaycandan əsas turist axını Türkiyəyədir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Krım yarımadası), BƏƏ (Dubay) tutur.
Azərbaycanda turizm sahəsini inkişaf etdirmək üçün böyük potensial olsa da, hökumət bu sahəni də arzuolunmaz edib. Belə ki, ölkədə istirahət etmək Gürcüstan, Türkiyə və digər ölkələrdən baha başa gəlir. Ona görə də vətəndaşlar ölkə xaricinə üz tuturlar və bu yolla kifayət qədər maliyyə ölkədən çıxır. Bunun səbəbi isə turizmlə məşğul olan şirkətlərə ağır vergilərin tətbiq edilməsidir. Bu işlə məşğul olan adamlar bildirirlər ki, ölkədəki qanunsuzluq bu sahədə pul qazanmağa imkan vermir, az qala hər kottecə, otağa görə haqq alırlar. Yaranmış vəziyyət həm də xaricdən ölkəyə turist axınının qarşısını alır. Qiymətlər baha, xidmət zəif olduğu üçün Azərbaycana turist axını azalır. Bir sözlə, ölkədəki korrupsiya turizm sektorunu da çökdürüb.
Iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, Azərbaycanda turizm üçün geniş imkanlar olsa da, yanlış siyasət bu sahəni iflic edib: “Ölkədəki iqlim şəraiti, təbiət, dənizə çıxışımızın olması və s. amillər turizm üçün əlverişli şərait yaradır. Ancaq bütün bunlara baxmayaraq turizm sahəsində irəliləyiş görünmür. Infrastruktur yaradılır, hotellər tikilir, ancaq bütün bunlar turistlər üçün əlçatan deyil. Turizm sahəsində iki rəqabət faktoru var. Ya qiymətlə, ya da xidmətlə insanları cəlb etməlisən. Azərbaycanda isə qiymət yüksək, xidmət sıfırdı. Yəni turizm sektoru rəqabətdə uduzur. Turizmin inkişafı üçün müvafiq dövlət proqramları həyata keçirilməlidir”.
Ekspert onu da əlavə etdi ki, qiymətlərin baha olması yalnız vergilərlə bağlı deyil: “Azərbaycan reallığında rəsmi və qeyri-rəsmi ödənişlər tələb olunur. Ancaq böyük hotellərin, istirahət mərkəzlərinin arxasında iri məmurlar durur və onların bu baxımdan problemi yoxdur. Sadəcə olaraq Azərbaycanın nefti qurtarmalıdır ki, qeyri-neft sektoru inkişaf etsin”.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5980