Bölgə müxalifətinə yaradılan süni əngəllər…

13.04.2014 - 10:42

İcra strukturları Müsavatın rayon təşkilatlarına qərargah saxlamağa, hətta çayxanalarda toplaşmağa vermirlər

 

Müsavat
Partiyasının rayon təşkilatları daim hakimiyyətin, yerli məmurların
təzyiqlərinə məruz qalır, onların normal siyasi fəaliyyətinə əngəllər
törədilir. Bütün bu münasibətlərə rəğmən bölgələrdə Müsavat Partiyasının
təşkilatları mövcudluğunu qoruyur, fəaliyyətlərini genişləndirməyə
çalışırlar.

Rayon təşkilatları ilə əlaqə saxlayıb onların hazırkı durumları ilə maraqlandıq.
Müsavat Partiyasının Şəki rayon təşkilatının sədri Həbibulla
Manaflı partiyanın qərargahının satıldığını və oradan çıxarıldıqlarını
dedi: “Ayda bir dəfə şura iclaslarını keçiririk. Amma demək olar ki, hər
gün görüşür,  ictimai siyasi məsələləri müzakirə edirik. Bizim
təşkilatımız bələdiyyə seçkilərində iştirak etmək niyyətində deyil.
Çünki bu siyasi durum və komissiyalarla bələdiyyə seçkilərində iştirak
etmək hakimiyyətin seçki oyunlarına dolayı yolla bəraət qazandırmaqdır.
Ona görə də bizim təşkilat qəti şəkildə bələdiyyə seçkilərində iştirak
etməyəcək. 
Qurultay nümayəndələri də bizdə çoxdan seçilib. Son zamanlar
partiya sıralarına qoşulanlar da yoxdur. Təqib və təzyiqlər insanları
partiya sıralarına qoşulmaqdan çəkindirir. Bizə qərargahımızı boşaltmaq
haqqında göstəriş veriblər. Çünki qərargahımız özəlləşdirilib və
satılıb. İcra başçısının müavini ilə görüşüb “Siyasi partiyalar
haqqında” qanunun mahiyyətinə uyğun olaraq bizi yeni qərargahla təmin
etməsini istəmişik. Onlar da bizə icra başçısının adına müraciət
yazmağımızı xahiş etdilər. Müraciəti yazıb göndərsək də, hələ bir cavab
gəlməyib”.
Partiyanın Lənkəran rayon təşkilatının sədri İmamverdi Əliyev
fəaliyyətlərinin ürək açan olmadığını bildirdi: “Mən şirin yalandansa
acı həqiqətə üstünlük verirəm. Bugünkü, fəaliyyətimiz heç də ürək açan
deyil. Lənkəranda Müsavatın qərargahı bağlanıb. İndiyə kimi heç cürə aça
bilmirik. Bizi otaqdan təcrid ediblər. Bu məsələ ilə bağlı tez-tez icra
hakimiyyətinin nümayəndəsi ilə danışıram. Söz verirlər, amma heç bir
addım atılmır. İclasları, tədbirləri evimdə keçirirəm. Bizi çayxanalarda
toplaşmağa da qoymurlar. Çünki orada həqiqətləri danışırıq. Ümumi
fəaliyyətimizə gəlincə isə seçki dövrü olmadığı üçün passivlik hökm
sürür. Əhalidə narazılıq çoxdur. Ancaq bunu dilə gətirməkdən qorxurlar,
heç bir qəti addım atmırlar. 
Partiya olaraq qurultaya da hazırlaşırıq. Qurultay Müsavatın
tarixində önəmli məsələlərdən biridir. Amma mənim qurultayla bağlı bir
təklifim var. Mənə qalsa Müsavat Partiyasının nizamnaməsində dəyişiklik
etməli, “bir nəfərin 2 dəfədən artıq seçilə bilməz” maddəsini
çıxartmalıyıq. Bir halda ki respublikada hakimiyyət orqanları bu addımı
atırsa, biz niyə atmayaq?! Düzdür, əvəzolunmaz adam yoxdur. Ancaq bu
həqiqətdir ki, İsa Qəmbər Azərbaycanda əvəzolunmaz adamlardan biridir.
Mənə qalsa nizamnamədə dəyişiklik edib İsa Qəmbəri yenidən partiyanın
başqanı seçilməsi məsələsinə baxaq. Mən bunun tərəfdarıyam”
Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay
Səfəroğlu isə nizamnamədə göstərilən qaydada fəaliyyətlərini davam
etdirdiklərini dedi: “2 aydan gec olmayaraq şura iclaslarını keçiririk. 2
ildən bir ənənəvi hesabat konfransı olmalıdır. Bunu da bu ayın axırında
keçirəcəyik. Qurultay nümayəndələrinə də 2011-ci ildən seçmişik. 7
nəfər qurultay nümayəndəmiz var. 24 maya təyin edilən qurultay
keçirilərsə, iştirak edəcəyik. Seçkidən sonrakı dövr həmişə durğunluq
dövrü sayılır. Amma konfransla bağlı müəyyən bir aktivliyin olacağı da
gözlənilir. Konfrans qabağı bəzi şəxslərin partiyaya üz olmaları ilə
bağlı müraciəti var, onlara baxacağıq”.
Partiyanın Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli partiya
fəaliyyətinin normal olduğunu dedi: “Bizim qərargahımız var.
Vaxtı-vaxtında şura iclaslarını keçiririk. Qarşıdan gələn bələdiyyə
seçkilərinə hazırlıqla əlaqədar müzakirələr aparırıq. Biz istəyirik ki,
bələdiyyə seçkilərində aktiv iştirak edib lazım olan qədər yerlər tutaq.
Düşündük ki, bizim şəhərdə bələdiyyənin formalaşmasında xidmətimiz ola
bilər. Hazırkı bələdiyyənin fəaliyyəti ancaq torpaq sahələri və
obyektlər satmaqla məhdudlaşır. Biz istəyirik ki, əhaliyə göstərək ki,
müsavatçı olan bələdiyyə üzvləri idarə etmə hakimiyyətində nə cür
mövqedədir”.
Partiyanın Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah əsas
problemlərinin qərargahla bağlı olduğunu dedi: “Biz istəyirik ki,
qurultay tez bir zamanda baş tutsun və orada  strukturlar müəyyən olsun.
 Bizdə mübahisə doğuran məslə başqanlıqla bağlı məsələdi. Nizamnamə
nəyi tələb edirsə, o da olmalıdır. Artıq iki gündür ki, biz qurultay
nümayəndələrini müəyyənləşdirmişik. Bizim ən böyük problemimiz qərargah
problemidir. Biz tədbirlərimizi çox vaxt çayxanalarda keçiririk. Az da
olsa gənclərdən partiyaya üzv olmaq üçün müraciət edənlər olur”.
Musavat.az

Short URL: http://www.cumhuriyyet.net/?p=5992

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728