Bələdiyyə seçkiləri: partiyalar nə fikirləşir?
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə
görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan
olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın
23-də olub, bu baxımdan 2014-cü il seçkilərinin oktyabrın ortalarında
elan ediləcəyini gözləmək mümkündür.
Hakim Yeni Azərbaycan Partiyasının Idarə Heyəti martın 18-də
bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələni müzakirə edərək müvafiq
qərarlar çıxarıb. Bəs müxalif partiyalar dekabr seçkisində iştirak etmək
istəyirlərmi?
“Media forum” saytına açıqlama verən Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılmaq niyyətindədir: “Öz
üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik.
Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya kimi seçkilərdə
iştirak edə bilmərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə
xüsusi maraq göstərsinlər.
Tərəddüdlərin obyektiv səbəbləri var. Birincisi, Azərbaycanda
bələdiyyələrin statusu Avropa Yerli Idarəetmə Orqanları Xartiyasının
tələblərinə cavab vermir. Bələdiyyələrin səlahiyyətləri artırılmalı,
Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə böyük bələdiyyələr
yaradılmalıdır. Icra hakimiyyətlərinin bəzi səlahiyyətləri bələdiyyələrə
verilməlidir. Eyni zamanda seçkilər demokratik və qanuni yolla
keçirilməlidir. Bütün seçkilər ardıcıl olaraq saxtalaşdırıldığına görə
üzvlərimizin seçki prosesində iştirak etməyə marağı yoxdur.
Biz Ümid və Aydınlar partiyaları ilə birgə təmsil olunduğumuz Qarabağ
blokunda bələdiyyə qanununun Avropa Yerli Idarəetmə Xartiyasına
uyğunlaşdırılması təşəbbüsü ilə çıxış etmişik. Bununla bağlı komissiya
yaratmışıq. Komissiya bələdiyyə qanunvericiliyinə əlavə və düzəlişlərin
edilməsi ilə bağlı layihə hazırlayır. Həmin layihə hazır olduqdan sonra
Milli Məclisə təqdim edəcəyik. Bələdiyyə seçkilərində iştirak etməklə
bağlı da müvafiq iş aparılır”.
“Media forum” saytının sualını cavablandıran Müsavat başqanının müavini Arif Hacılı deyib ki, bələdiyyə seçkiləri məsələsi partiyanın strukturlarında ciddi
müzakirə edilir: “Biz mövcud siyasi vəziyyətə və öz resurslarımıza
uyğun qərarlar qəbul etmək fikrindəyik. Partiya strukturlarında
araşdırmalar aparmışıq. Müsavat Partiyası Məclisinin toplantısında bu
məsələ müzakirə olunacaq. Bu müzakirələrin sonunda yəqin ki, bələdiyyə
seçkilərinə uyğun müvafiq qərar qəbul ediləcək.
Təəssüf ki, Azərbaycanda yerli özünüidarəetmə funksiyalarını həyata
keçirən bələdiyyə sistemi mövcud deyil. Yəni seçkili orqan olan
bələdiyyələr yerli özünüidarəetməni həyata keçirmir. Əslində onların
real səlahiyyətləri yoxdur. Bələdiyyələrlə bağlı ciddi islahatların
həyata keçirilməsini tələb etmək niyyətindəyik. O cümlədən iri
şəhərlərdə merlərin seçki yolu ilə müəyyənləşdirilməsi istiqamətində
təkliflər irəli sürmüşük. Bu təkliflərin həyata keçirilməsinə
çalışacağıq”.
AXCP sədrinin müavini Gözəl Bayramlı “Media forum”a
deyib ki, hazırda partiyanın bələdiyyə seçkilərində iştirak etmək barədə
qərarı yoxdur: “Lakin Ali Məclisin son sessiyasında bu məsələ müzakirə
olunub, qərar vermək rayon şöbələrinin öhdəsinə buraxılıb. Amma yekun
qərar Ali Məclisin olacaq. Güman edirəm ki, seçki qanunvericiliyinin
dəyişməsə, seçkiqabağı mühit normallaşmasa, seçkilərdə iştirak məqbul
deyil. Seçki qanunvericiliyinə həm partiya olaraq, həm də Milli Şura
çərçivəsində bir sıra dəyişiklik təklifləri vermişik. Lakin hakimiyyət
bu təkliflərin heç birini nəzərə almayıb”.
P.S. Müsavat Məclisi aprelin 12-i bələdiyyə seçkilərində iştirak qərarı verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=5995