Korrupsiya yuvasına çevrilən "Aqrolizinq" ASC


iqtisadiyyatı bu gün demək olar ki, tamamilə neftdən asılı durumdadır.
Dövlət səviyyəsində qeyri-neft sektorunun inkişafına dəstək üçün
müxtəlif layihələr həyata keçirilməsinə, güzəştlər tətbiq olunmasına
baxmayaraq bu sahədə ciddi bir dəyişiklik müşahidə olunmur. Xüsusilə,
tarixən kənd təsərrüfatının yaxşı inkişaf etdiyi ölkəmizdə indi vəziyyət
heç də ürəkaçan deyil. Nə qədər güzəştlər tətbiq olunsa da kənd
təsərrüfatı hələ ki, bərbad durumda qalmaqdadır. Bunun əsas səbəbi isə
bu sahədə hökm sürən dəhşətli korrupsiya faktlarının olmasıdır. Dövlət
tərəfindən ayrılan subsidiyalar, yardımlar əksər hallarda əsl
sahiblərinə çatmır, məmurlar tərəfindən mənimsənilir. Heç kimə sirr
deyil ki, ölkədə əkilən torpaq sahələrinin sahəsi heç də sənədlərdə
göstərildiyi qədər deyil. Yerlərdə əkilən torpaqlara ayrılan
subsidiyaları mənimsəmək üçün əkilən torpaqların sahəsi şişirdilir,
milyonlarla manat dövlət vəsaiti məmurlar tərəfindən talanır. Fermerlərə
təklif olunan güzəştli kreditlərin verilməsi prosesində şəffaflıq
gözlənilmir, “şapka” prinsipi tətbiq olunur. Nəticədə kənd təsərrüfatı
sahəsinə investisiya qoyuluşu ildən-ilə aşağı düşür. Kənd təsərrüfatı
sektorunu çökdürən korrupsiya halları kəndlinin əlini torpaqdan soyudub,
ölkə bazarları xaricdən gətirilən keyfiyyətsiz məhsullarla doldurulur.
Dəfələrlə dövlət tərəfindən korrupsiyaya qarşı mübarizə kompaniyası
başladılsa da hələ ki, dəyirman bildiyini etməkdədir, çax-çax baş
ağrıdır.Bu yaxınlarda kənd təsərrüfatının inkişafında “əvəzsiz
xidmətləri” olan daha bir məmur antikorrupsiya əməliyyatları nəticəsində
həbs olunub. “Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialında
aşkar olunmuş korrupsiya faktı adamın qanını dondurur. Düşünürsən ki,
əgər bir rayon filialında bu boyda mənimsəmə halı mövcuddursa, ölkə
miqyasında vəziyyət daha dəhşətli durumdadır. “Aqroservis” filialının
müdiri Rafim Qurbanov 789000 manat, yəni təqribən 1 milyon dollar
məbləğində vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilib. R.Qurbanov
ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının
adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə
rəsmiləşdirməklə bu məbləği mənimsəyib. Bundan əlavə, filial müdiri kənd
təsərrüfatı istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş
55 min 124 manat vəsaiti də ələ keçirməkdə ittiham olunur. Təkcə bir
rayonda 1 milyonluq mənimsəmə faktının olması bu sahədə vəziyyətin nə
qədər acınacaqlı durumda olmasını göstərir. Onu da qeyd etmək lazımdır
ki, heç bir filial müdiri bu boyda mənimsəməni tək başına etməyə cəsarət
etməz. Deməli qurban bir olsa da, şəbəkə daha böyükdür və çoxları hələ
də asudə gəzib dolanmaqdadır. Ümumiyyətlə, aqrolizinqlərdə belə hallara
indiyə qədər bir neçə dəfə təsadüf olunub. 2008-2009-cu illə ərzində
qurumun Qusar və Ağcəbədi filiallarında 123 min manat dövlət vəsaitinin
mənimsənilməsi aşkar olunmuşdu. Bərdə filialında isə 160 min dövlət
vəsaitinin mənimsənilməsi üzə çıxarılmışdı. Bu rayon filiallarının
rəhbərləri də dəmir barmaqlıqlar arxasına göndərilib. Görünən odur ki,
qurbanlar olsa da mənimsəmə halları ildən ilə yüksələn rəqəmlə artır.
Çünki, bunlara rəvac verən əsas fiqurlar öz “toxunulmazlıq” statusunu
qoruyub saxlayır. Görünür, ASC-nin sədri Əli Bayramov kiçik məmurları
qurban verməklə məsuliyyətdən yaxa qurtarmağın yollarını yaxşı
bilir.Ölkədə aqrolizinqlər 2005-ci ildən fəaliyyətə başlasa da mövcud
tələbata uyğun fəaliyyət mexanizmi formalaşdırılmayıb.
“Aqrolizinq”ASC-nin funksiyalarına alınmış texnikaların və
avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi, lizinq yolu
ilə satılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının
maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər
göstərmək, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri, mineral
gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə pereparatları ilə,
həmçinin yüksək rüproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla
təmin etmək daxildir. Lakin, bu qədər geniş funksiyalara baxmayaraq
aqrolizinqlərdə qiymətlərin həddindən artıq baha olması fermerləri hər
il çətin duruma salır. Təsadüfi deyil ki, hər il əkin-biçin mövsümündə
fermrlər texnika və digər avadanlıqlar baxımından əziyyət çəkirlər,
nəticədə məhsul elə tarladaca məhv olub gedir. Məlumatlarda bildirilir
ki, “Aqrolizinq” ASC-nin balansında 2500-dən çox kombayn var və onların
əksəriyyəti köhnə olduğu üçün tələbatı ödəmir. Mütəxəssislər bildirir
ki, mövcud təlabata uyğun olaraq ölkədə ən azı 6 minədən çox kombayn
olmalıdırsa, işin düzgün qurulmaması səbəbindən texnika çatışmamazlığı
hər il özünü daha bariz göstərir. Rüşvət və korrupsiya məskəninə
çevrilən aqrolizinqlər kəndlilərə əlavə problem yaratmaqdan başqa bir
işə yaramır. Ölkəyə xaricdən gətirilən texnika və avadanlıqlar fantastik
qiymətlərə sənədləşdirilir, fermerlər üçün əlçatmaz məbləğə təklif
olunur. Yarandığı vaxtdan xaricdən gübrə gətirilməsi ilə məşğul olan ”
Aqrolizinq” hələ də təlabatın çox cüzi hissəsini təmin edir. Lakin
yuxarıda qeyd etdiyimiz kimi, təkcə bir rayonda “gübrə satışından” 1
milyon dollar vəsait mənimsənilir. Fermerlərə baha, hətta bəzi hallarda
məcburi qaydada satılan bu gübrələrin isə keyfiyyəti çox aşağı olduğu
üçün istifadəyə yararsız olur. Köhnə texnikanı, vaxtı keçmiş gübrələri
yeni adı ilə almaq sahəsində “Aqrolizinq” ASC xüsusilə məharət
sahibidir. Ölkədə “Aqrolizinq” ASC-nin əhatəli struktur bölmələri
fəaliyyət göstərsə də yerli sahibkarların fəaliyyətini stimullaşdırmaq
istiqamətində işlər görülmür. Bu gün 55 rayonda təsərrüfat hesablı
Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş
dəstələri var. Ancaq fermerlərə lizinq yolu ilə verilən və satılan
texnika rüşvətlə təklif olunur, sahibkarlara süni maneələr yaradılır.
“Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin
sahələrinin becərilməsi üçün yanacaq və motor yağlarına görə ayrılan
milyonlarla manat vəsaitin də mənimsənilməsində xüsusi strategiyaya
malikdir. Ötən illər ərzində bu məqsədlə hər il təqribən 80 milyon manat
vəsait ayrılıb. Lakin, təbii ki, bunun cüzi hissəsi kəndlilərə çatsa da
böyük qismi mənimsənilib. Əlinin zəhməti, alnının təri ilə dolanan
kəndlilərin hesabına milyonlar sahibi olan məmurlar isə hələ də asudə
şəkildə fəaliyyət göstərirlər. Nə qədər ki, belə məmurlar haqqında
lazımi tədbirlər görülməyib, buğdamız Qazaxıstandan, kartofumuz İrandan,
xiyarımız isə kim bilir hardan gələcək!
Short URL: http://www.cumhuriyyet.net/?p=6005