Ərdoğanın partiyasının rəhbərliyində azərbaycanlı ola bilər

13.04.2014 - 13:26

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının rəhbər strukturlarında ilk dəfə azərbaycanlı təmsil oluna bilər.
Bu məsələ AKP İğdırda bələdiyyə
seçkilərini uduzduqdan sonra gündəmə gəlib. İğdırda 8 min üzvü olan
partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli
təşkilatının sədri istefa verib. İğdırlılar hesab edir ki, AKP-nin
seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında
azərbaycanlıların təmsil olunmamasıdır. AKP İğdır təşkilatına milliyətcə
kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa
partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar
hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin
olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq.
Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə
İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib
gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs
toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki
məğlubiyyətini və çıxış yolunu da bilirlər. İğdır sakini Məhəmməd Sayhan
deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə
bağlı söhbətlər gəzir. İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib.
Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla  birlikdə fəaliyyət
göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş
Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100
min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri
səbirsizliklə gözləyirik”. 
İğdır Şəhid Ailələri Dərnəyinin təsisçisi Qəmbər Güzəlkayanın
sözlərinə görə, bu günə kimi İğdırda hakim partiyanın yerli təşkilatları
həmişə kürd vətəndaşların nəzarətində olub. O deyir ki, azərbaycanlılar
son 100 ildə İğdırı ədalətlə idarə ediblər, amma son 12 ildə
soydaşlarımıza qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti aparılır. Səbəb
isə hakim partiya strukturlarına azərbaycanlı namizədin rəhbərlik
etməməsidir. Qənbər Güzəlkayanın sözlərinə görə, təşkilata azərbaycanlı
rəhbər təyin olunsa, soydaşlarımız İğdırda AKP-ni can bir qəlbdən
dəstəkləyəcəklər. “AKP-nin İğdırda bələdiyyə seçkilərini uduzması
düşündürücüdür. Nurəddin Aras AKP-yə müraciət etdiyi və baş nazirin ona
bu şansı verdiyi halda biz də vətəndaş cəmiyyətinin üzvü, İğdır xalqı
olaraq Nurəddin bəylə bərabər olacağıq və lazım gələrsə, bütün
seçkilərdə ona dəstək verəcəyik. İqtidarın nemətlərindən faydalanacağıq.
Şəhərimizdəki problemlər həll olacaq və torpağımız həqiqi mənada haqqı
olanı əldə edəcək”. 
Qondarma Erməni Soyqırımı İddialarına qarşı Mücadilə Dərnəyinin
rəhbəri Göksəl Gülbəy də bu fikirləri bölüşür. O hesab edir ki, əgər
İğdırda 2 dəfə bələdiyyə başqanı seçilmiş, güclü elektorata sahib olan
Nurəddin Aras AKP bölgə təşkilatının rəhbəri seçilsə, azərbaycanlılar
hakim partiyanın mövqeyini tam dəstəkləyəcəklər. Göksəl Gülbəy
iğdırlıların Nurəddin Arasın namizədliyi üzərində dayanmasını bir cümlə
ilə izah edir – hakim partiyaya azərbaycanlıların dəstəyini qazandıra
biləcək ikinci namizəd faktiki olaraq yoxdur. “İğdırdan 30 ildir çıxmış,
orta məktəb məzunu, diplomu olmayan bir ankaralı 10 il bələdiyyə sədri
olmuş şəxsə nisbətən birinci olur. Xalq buna hiddətlənib. Xalqın ağlına
başqa bir şey gəldi, deməli burada məzhəb məsələsi var. Xalq düşünür ki,
şiə olduğu üçün o ikinci sıraya atılıb. Nəhayət, baş nazirin məzhəb
məsələsi ilə bağlı açıqlamasından sonra xalq partiyadan daha da
uzaqlaşdı, amma xalqı partiyaya yönəldə biləcək tək namizəd var. Bu isə
Azərbaycan türkü olan və şiə olan birinin sədr seçilməsi ilə baş tuta
bilər. Nurəddin Aras seçilsə AKP-nin burada nüfuzu artacaq, burada daha
yaxşı nəticələr əldə edəcək, xüsusilə buradakı azərbaycanlılar və BDP-li
olmayan kürdlər AKP-yə axışacaq”. 
Qeyd edək ki, artıq Nurəddin Aras boş qalan AKP İğdır təşkilatının
rəhbərliyinə öz namizədliyini rəsmən irəli sürüb. Ankarada AKP
rəhbərliyi ilə görüşlər keçirən Nurəddin Arasın namizədliyi müsbət
qarşılanıb. Partiyanın rəhbər orqanları yekun qərarı yaxın günlərdə
açıqlayacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=6008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728