Təhsil Nazirliyinin "uzatma" siyasəti nəyə hesablanıb?

13.04.2014 - 13:33

Dərs ilinin uzadılması ilə təhsil problemlərini həll etmək mümkün deyil

Azərbaycan
praktikasında belə bir anlayış var ki, vəzifəyə təyin olunan məmur
mütləq hansısa baxımdan özünü “göstərməlidir”. Bu ilk növbədə sabiq
həmkarının kadrlarını təmizləməkdən başlayır, daha sonra isə ümumi işə
dəxli olmayan bir neçə səs-küylü kompaniya ilə yekunlaşır. Hər şey isə
ümumi rəyi formalaşdırmağa hesablanır. Yəni “mən gəldim, dəyişdim,
islahat apardım”. Məsələn, hansısa bir rayonda icra başçısını dəyişəndə,
yeni gələn kadr sabiq həmkarının dövründə yolların kənarına döşənmiş
təptəzə bardurları sökdürür, əvəzinə yenilərini düzdürür. Bunun adı olur
təmir-tikinti işləri, əvəzində də büdcənin bir xeyli vəsaiti gedir öz
işinin dalıyca. Ötən ilin prezident seçkilərindən sonra yeni təyinatla
vəzifə alan nazirlər də işə çox hay-küylə başlamışdılar. Hətta, az qala
elə fikir formalaşırdı ki, sən demə ölkədə bunlardan başqa işləyən yox
imiş. Amma, “hər şey öz yerini alandan sonra” yenə də sakitlik bərqərar
oldu. Daha Səlim Müslümov heç kimə barmaq silkələmir, iclasdan qovmur,
ünvanlı sosial yardım alanlar isə elə əvvəlki kimi qalıblar ələm-yesir.
Müdafiə nazirinin dəyişikliyindən sonra yaranan müsbət aura da
yekunlaşdı. Əsgər ölümləri nəinki azalıb, indi hər gün ordudan ölüm
xəbərləri gəlməkdədir. Necə deyərlər, reklamlar bitdi, seyrə davam…
Öz
gəlişi ilə rəhbərlik etdiyi sahədə bir xeyli səs-küylü kompaniyalara
start verən nazirlərdən biri də təhsil naziri Mikayıl Cabbarov oldu.
Ölkənin ən ağrılı sahəsi olan təhsil sistemində illərlə qalaqlanmış
problemlərin həllinə olan (daha doğrusu, ölən) inamların ili artıq tamam
olmaq üzrədir. Yeni nazirin işə başlamasından bir il keçməsinə
baxmayaraq, bu sahədə demək olar ki, heç bir əsaslı dəyişiklik baş
verməyib. Əvəzində keçmiş nazirin heç olmazsa hərdənbir binəva
müəllimləri müdafiə edən çıxışları pedaqoqlar tərəfindən nostalji
hisslərlə xatırlanmağa başlayıb. M.Cabbarov rəhbərliyə başlayandan sonra
belə bir rəy formalaşdırılmağa başlandı ki, sən demə təhsilin bütün
problemlərinin səbəbkarı elə müəllimlər özləri imiş. İnzibati amirlik
sistemi formalaşdırmaqla məktəbləri qorxu altında saxlamağa çalışan
nazir təhsil problemlərini daha çox qeyri-peşəkarların vasitəsilə həll
etməyə üstünlük verir. Qəzetimizdə bu barədə bir neçə dəfə araşdırmalar
aparılıb, Təhsil Nazirliyinin Vergilər Nazirliyinə çevrilməsindən bəhs
olunub. Elə bu səbəbdəndir ki, M.Cabbarov təhsil problemlərinin həllinin
yeni unikal variantlarını tapıb. Hamıya məlumdur ki, hələ Sovetlər
dönəmindən dərs ili sentyabrın 1-də başlanırdı. Müstəqillik əldə
etdikdən sonra yeni qaydalar tətbiq olundu və dərs ilinin başlanması
tarixi sentyabrın 15-nə dəyişdirildi. İndi isə yeni nazir öz şagirdlik
illərini yada salaraq dərslərin yennidən sentyabrın 1-də başlanmasını
istəyir. Neynəmək olar, “islahat” xatirinə dözmək olar. Amma,
M.Cabbarovun dərs ilini “uzatma” siyasəti heç bununla da yekunlaşmır. O,
iddia edir ki, bütün bəlaların kökü dərslərin cəmisi 32 həftə
olmasındadır. Gərək müəllim və şagirdlər heç olmasa 3-4 həftə də artıq
məktəbə təpik döysünlər ki, milli təhsilimizin bütün problemləri həll
olunsun. Nazirlikdən bunu tədris proqramlarının çoxluğu, şagirdlərin
artıq yüklənməsi ilə izzah etməyə çalışırlar. Bir də deyirlər ki,
şagirdlər çox bekar qaldıqları üçün təhsildən ayrı düşürlər. Əslində isə
bu, “uzatma” siyasəti görüntü xatirinə atılan addımdan başqa bir şey
deyil. Əvəzində nazirlik əməkdaşları qəliz dildə yazılan, bir çox
hallarda ali məktəb proqramları həcmində olan dərsliklərdə düzəliş
etsəydi, daha yaxşı olardı. Onsuz da şagirdlər dərs proqramlarını daha
məktəbdə mənimsəmirlər. Repititorluq sistemi məktəb təhsilini məhv edib.
Yuxarı siniflərdə şagirdlərin adı sinif jurnallarında atestat xatirinə
yazılır, özləri isə xüsusi kurslarda və yaxud ev təhsili ilə məşğul
olurlar. Dərs ilinin müddətini 2 ay da artırsan, heç nə dəyişilən deyil.
Xüsusilə, iyun ayında qəbul imtahanları öncəsi olduğu üçün şagirdlər
daha çox əlavə hazırlıqlara üstünlük verirlər. Belə olan halda
nazirliyin yeni addımı məktəblər üçün əlavə problemlər yaratmağa
yönəlib. Mayın ortalarından davamiyyət aşağı olduğu halda iyunun qızmar
günlərində məktəblərdə vəziyyət daha acınacaqlı olacaq. Nəinki proqram
materialları daha yaxşı mənimsəniləcək, əksinə yaranmış boşluqda
müəllimlər əziyyət çəkəcəklər. Şagirdlərin böyük qismi dərsdən yayındığı
üçün materialları mənimsəməyəcəklər.
Təhsil Nazirliyinin hörmətli
əməkdaşları ilk öncə məktəbin nüfuzunu qaldırmalıdırlar. Müəllim məktəbə
gününü yubatmaq xatirinə yox, elm öyrətmək xatirinə gəlməlidir. Məgər
repititorluqla məşğul olan müəllimlər məktəblərdə işləmirlərmi? Onlara
lazımi şərait yaratmaq, maddi durumunu təmin etməklə məktəblərdə
tədrisin keyfiyyətini yüksəltmək daha yaxşı olardı. Müəllimə öz əvvəlki
şöhrətini, təmiz adını qaytarmadan belə alayarımçıq islahatlarla təhsili
inkişaf etdirmək mümkün deyil. İlk öncə, müəllimlərə və şagirdlərə
məktəbi sevdirin, cənablar! Sonra onlar siz istəsəniz də ordan ayrılan
deyillər!
Gündəm xəbər

Short URL: http://www.cumhuriyyet.net/?p=6010

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728