Bakıda ev fırıldağının qurbanı olan 296 ailə aksiya keçirdi

13.04.2014 - 17:05

Bakıda ev fırıldağının qurbanı olan 296 ailə aksiya keçirdi

Aksiya iştirakçıları: “Vaxtı ilə dollarları cibinə basan səhmdarlar lazımdır, bizə…”
Aprelin 13-də Bakının  Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri yol bağlayaraq aksiya keçirdilər. Sakinlərin etiraz aksiyası keçirməsinə səbəb isə 2005-ci ildə ev aldıqları  “Fateh-N” MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması idi. Təxminən 50-yə yaxın bina sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb etdilər. 
“9 ildir araşdırırlar”
2005-cı ildə “Fateh-N” MTK-dan nağd pul verib ev aldığını deyən Sabirabad rayon sakini Azər Adıgözəlov “Yeni Müsavat”a bildirdi ki, 9 il keçməsinə baxmayaraq binada heç bir iş aparılmayıb: “10 ildən çoxdur ki, mən kirayələrdə sürünürəm. Digərləri kimi mənə də, dedilər ki, narahat olmayın, 2006-cı ilin dekabrında binanı tikib təhvil verəcəyik. İki il keçdi gördük heç bir iş aparılmır. Məcbur olub öz hesabımıza otaqları təmir edib, evimizə yığışdıq. Sakinlər öz hesabına binaya su və işıq çəkdilər. Ötən bu müddət ərzində isə binanı tikən səhmdarlar bizə ancaq quru vəd verdilər. Günü aya, ayı da ilə caladılar. Nəticəsi də göz qarşısındadır. 296 ailə 9 ildir ki, yarımçıq binada ağır şəraitdə yaşayır”.
A.Adıgözəlovun sözlərinə görə, sakinlər bir neçə dəfə yolu bağlayıb, aksiya keçiriblər: “Yeni Müsavat” qəzetində bizim aksiyamız işıqlandırıldıqdan sonra bir-iki maşın bura daş və qum boşaldıb başımızı aldatdılar ki, narahat olmayın binanı tezliklə tamamlayacağıq, heç yerə şikayət etməyin. Amma yenə də verdikləri sözə əməl etmədilər. Binanı yiyəsi yoxdur. Camaatdan milyonları yığıb qaçıb gediblər. Bakının Mərkəzində belə bir fırıldaqçılıq görünməyib. Hara müraciət edirik, oxşar cavabla qarşılaşırıq. Rəsmi dövlət qurumları 9 ildir ki, ard-arda yazdığımız məktublara “şikayətiniz araşdırılır” deyə cavab yazıb göndərir. Tikinti şirkətinin adı var, səhmdarların adı məlum, pulumuzu alıb qaçanı da tanıyırlar, 9 ildir ki, nəyi araşdırırsınız ?”.
“Mahir Kərimov niyə həbs olunmur?”
Aksiya keçirən bina sakinləri bildirdilər ki, “Fateh-N” MTK-nın səhmdarlarından olan Mahir Kərimov adlı şəxs nədənsə məsuliyyətə cəlb olunmur: “Niyə hüquq-mühafizə orqanları 296 ailəni aldadan bu fırıldaqçılarla bağlı tədbir görmür? Binadakı mənzilləri satanda Mahir Kərimov ofisinin qapılarını taybatay açmışdı. İndi qapısını qıfıllayıb qaçıb. Televiziyalarda barbar bağırırlar ki, biz korrupsiya ilə mübarizə aparırıq. Bundan böyük korrupsiya var? 296 ailəni aldadıb, pulunu mənimsəyib qaçıblar. Niyə araşdırmırlar? Mahir Kərimovu tapmaq hüquq-mühafizə orqanlarının əlində yarım saatlıq işdir. Bu adam kimdirsə dövlətin güc strukturları ondan əməlli-başlı qorxur və çəkinir”.
“Telekanallar gəldi çəkdi, İsmayıl Ömərov tapşırdı və efirə vermədilər”
Bina sakinləri qeyd etdilər ki, “Fateh-N” MTK-nın səhmdarlarında biri İctimai Televiziyanın (İTV) sabiq sədri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov olub. Onların sözlərinə görə, Ələsgər Ömərov rəhmətə gedəndən sonra tikinti şirkətində qardaşına aid səhmlərə İsmayıl Ömərov sahiblənib. Samir adlı bina sakini deyir ki, ölənin arxasınca danışmırıq, ona yalnız rəhmət diləyirik. Amma, qəzetlər yazandan sonra İsmayıl Ömərov çıxıb dedi ki, nə özü, nə də qardaşı tikinti biznesi ilə məşğul olub. Sual olunur, bəs niyə biz televiziya kanallarını çağırıb çəkiliş aparanda, o telekanal rəhbərlərinə sujeti efirə verməməyi tapşırıb? Əgər sən bina tikmirsənsə və bu işdə zərrə qədər marağın yoxdursa, niyə xəbəri efirə getməyə qoymursan? İTV-dən ayrılmadan öncə İsmayıl Ömərov şirkətin payçılarından aldığı 12 milyon manat pulu Hesablama Palatasının İTV-də yoxlamaları zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsinə köçürüb. İndi səhmdarlar deyir ki, İsmayıl Ömərov gətirsin, 12 milyonu versin biz də binanı tikək”.
“Qarpızın özəyini yeyən qıraqda qalıb, qabıq yeyənin üstünə düşmüşük”
“Mahir Kərimov heç kimdir. Bu şirkətin digər səhmdarları da var. 9 ildir, vəd verirlər ki, tikiləcək. Bütün dövlət qurumlarına müraciət etmişik. Binanın tikintisinə icazə verən dövlət qurumları yaxalarını çəkib durub bir kənarda… Bizi günahlandırılar ki, niyə tam istifadəyə verilməyən binadan ev alıb, yaşayırsınız. Bəs neyləyək? Biz ev alanda bir ilə binanı tikib təhvil verəcəklərini demişdilər, indi həmin söhbətin üstündən 9 il keçir. 9 il kirayədə qalmaq olar?” Bu sözləri qəzetimizə aksiyada iştirak edən bina sakini  Rasim Şirinov söylədi.
Onun sözlərinə görə, 9 ildir ki, susuz və işıqsız qalıblar: “Həyətdən evimizə su daşıyırıq. İmkanı olan da su motoru çəkdirib. Qışda su boruları partlayıb. Hazırda binanın zirzəmisi su ilə dolub. Xətai Rayon İcra Hakimiyyətindən bir dəfə belə olsun, gəlib maraqlanmayıblar. Bu binanın həyətinə durmaq belə təhlükəlidir, nəinki yaşamaq… Vaxtı ilə dollarları cibinə basan səhmdarlar lazımdır, bizə… Qarpızın özəyini yeyən qalıb bir kənarda, qabıq yeyəndən yapışmışıq”.
Sakinlərin problemləri ilə bağlı binanın birinci mərtəbəsində yerləşən “Fateh-N” MTK-nın yerləşdiyi ofisin qapısını döysək də açan olmadı. Eyni zamanda məsələ ilə bağlı İsmayıl Ömərovun da mövqeyini almağa çalışdıq. İ.Ömərov çoxsaylı zənglərimizə cavab vermədi. Mövzu ilə bağlı qarşı tərəfinə də mövqeyini öyrənib, dərc etməyə hazırıq. 
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=6026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728